20 Yanvar faciəsi Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Həmin gün xalqımızın azadlıq səsini ucaltdığı, öz suverenliyi, ərazi bütövlüyü uğrunda qəhrəmanlıq nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix xalqımız tərəfindən daim müstəqillik və qəhrəmanlıq rəmzi kimi anılır.
Qəhrəmanlıq və qürur tariximiz olan 20 Yanvar faciəsindən 26 il ötür. Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da hər il 20 Yanvar şəhidlərinin xatirəsi əziz tutulur, şəhər və rayonlardakı şəhidlər xiyabanlarını minlərlə insan ziyarət edir.
Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gəlmişdir.
Ali Məclisin Sədri xiyabandakı “Ana abidəsi”nin önünə əklil qoymuş, şəhidlərin xatirəsinə ehtiramını bildirmişdir.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir.
Ali Məclisin Sədri Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhidlik zirvəsinə ucalanların məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun bu torpaqlarda şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək tər güllər qoymuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə və digər mərkəzi təşkilatların, məhkəmə, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, elm və təhsil müəssisələrinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və onun yerli təşkilatlarının, ictimai təşkilatların və yaradıcılıq birliklərinin, kütləvi informasiya vasitələrinin, mədəniyyət, səhiyyə və sağlamlıq müəssisələrinin kollektivləri, şəhər sakinləri şəhid məzarları önündən keçərək onların əziz xatirəsini ehtiramla yad etmişlər.
1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilmiş cinayət, əslində, demokratiyaya, humanizmə, insan hüquq və azadlıqlarına qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər yaralanmış və xəsarət almış, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir. Nəticədə, insan hüquqlarına dair bir çox beynəlxalq aktların, o cümlədən “İnsan hüquqlarının ümumi Bəyannaməsi”nin tələbləri kobudcasına pozulmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və kəskin bəyanatla çıxış edərək Bakıda baş vermiş faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Həmin dövrdə Sovet imperiyasının rəhbərliyi tərəfindən ciddi nəzarət altında saxlanılmasına baxmayaraq, ulu öndərimizin bu cəsarətli addımı, qətiyyətli mövqeyi Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini daha da artırmışdır.
20 Yanvar hadisələri təkcə Bakıda törədilən qanlı cinayətlərlə məhdudlaşmamışdır. Tarix boyu əliyalın, dinc insanların qanına susamış, azğınlaşmış erməni silahlı dəstələri tərəfindən həmin günlərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə də hücumlar olmuşdur. 1990-cı il yanvarın 18-də Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunmuşdur. Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə altında qaldığından, beynəlxalq Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-cı il yanvarın 19-da “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” tarixi qərar qəbul etmişdir. Bu qərara əsasən Naxçıvan MSSR Sovet imperiyasının tərkibindən çıxmışdır. Yanvarın 20-də Bakıda qanlı hadisələrin törədilməsindən bir neçə saat əvvəl isə ermənilər Sədərəyə və muxtar respublikanın digər sərhəd kəndlərinə hücumlar etmiş, Qanlı Yanvar faciəsinin ilk səhifələri yazılmışdır. Ərazi bütövlüyümüz uğrunda döyüşlərdə naxçıvanlılar düşmənə qarşı mərdliklə dayanmış, qəhrəmancasına mübarizə aparmış, şəhidlər versə də, doğma torpaqlarımızı qoruyub saxlamışlar.
20 Yanvar faciəsinə ilk dəfə ulu öndərimiz tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisində siyasi qiymət verilmişdir. Ümummilli liderimizin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar qəbul edilmişdir. Bundan əlavə, 1992-ci il yanvarın 13-də “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin bəyanatı” qəbul olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra faciəyə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilmişdir. 1994-cü ilin fevral ayında keçirilən Milli Məclisin xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilmiş, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edilmişdir.
“Azadlıq, müstəqillik uğrunda özlərini qurban verən şəhidlərimizin xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”, – deyən ölkə Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Bakı şəhərində şəhidlərin xatirəsinə xüsusi memorial kompleks ucaldılmış, Naxçıvan şəhərindəki Şəhidlər xiyabanı yenidən qurulmuşdur.
Vətən şəhidləri ilə ucalır. Azadlıq, müstəqillik, milli məfkurə və Vətən yolunda şəhidlikdən uca ad yoxdur. Bu gün şəhidlərimizin xatirəsinə ucaldılan ən böyük abidə isə müstəqil və qüdrətli Azərbaycan dövlətidir. 20 Yanvar şəhidləri xalqımızın qəlbində daim yaşayacaqdır. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.
Tədbirdən sonra Ali Məclisin Sədri Xatirə Muzeyinə gəlmişdir.
Məlumat verilmişdir ki, muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir. Muzeyin fondunda 1600-dən artıq eksponat vardır. Eksponatların xalqımızın soyqırımı tarixi üzrə dövrləşdirilərək yerləşdirilməsi bura gələnlərin, xüsusilə gənc nəslin qəhrəmanlıq tariximiz haqqında ətraflı məlumat almasına imkan verir. Xatirə Muzeyinin məktəb-muzey şəbəkəsinə qoşulması və burada açıq dərslərin keçirilməsi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.
Həmin gün saat 1200-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti