Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin təməlində inkişaf və tərəqqi dayanır. Dahi şəxsiyyətin yolunun davam etdirilməsi Naxçıvanın inkişafında yeni mərhələnin əsasını qoymuş, muxtar respublikanın quruculuq xəritəsi genişlənmişdir. Son illər Kəngərli rayonunda da geniş tikinti-quruculuq işləri həyata keçirilmişdir. İnsana qayğını özündə təcəssüm etdirən bu inkişaf rayonun bütün kəndlərini əhatə etmiş, müasir məktəb binaları, səhiyyə və mədəniyyət ocaqları tikilib istifadəyə verilmiş, yollar abadlaşdırılmış, sənaye müəssisələri yaradılmış, yeni iş yerləri açılmışdır.
Yurdçu kənd yolu yenidən qurulmuşdur
Yol-nəqliyyat kompleksinin müasirləşdirilməsi muxtar respublikada həyata keçirilən quruculuq işlərinin tərkib hissəsinə çevrilmişdir.
Yanvarın 14-də Yurdçu kənd yolu istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmişdir.
Məlumat verilmişdir ki, 4,5 kilometrlik kənd yolu yenidən qurulmuş, yola asfalt örtük salınmışdır. Bununla da kənddaxili yollarda sakinlərin gediş-gəlişi xeyli asanlaşmış, hərəkətin təhlükəsizliyi təmin olunmuşdur. Yolun üzərində 72 su keçidi qoyulmuş, yol kənarlarında beton kanal çəkilmişdir.
2016-cı ildə ilk məktəb binası Yurdçu
kəndində istifadəyə verilmişdir
Yanvarın 14-də Yurdçu kənd tam orta məktəbinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikanın digər yaşayış məntəqələri kimi, Kəngərli rayonunda da geniş quruculuq işləri aparılır. Ötən il dekabrın 1-də ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olan yeni Sənaye Kompleksi son illər Kəngərli rayonunda istifadəyə verilən 100-cü obyektdir. Rayon mərkəzində və 10 kəndin hər birində təhsil, səhiyyə, mədəniyyət və digər infrastruktur sahələr üçün müasir iş şəraiti yaradılmış, yollar yenilənmiş, abadlıq işləri görülmüşdür. Bu tədbirlərin davamı olaraq Yurdçu kəndində müasir məktəb binası, kənd və xidmət mərkəzləri tikilmiş, kənd yoluna asfalt örtük salınmış, elektrik, qaz və rabitə xətləri yenilənmişdir. Kamal Ələkbərov həyata keçirilən tədbirlərə görə rayon ictimaiyyəti adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yurdçu kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, onlara tədrisdə uğurlar arzulayaraq demişdir: Bu gün ölkəmizdə həyata keçirilən tədbirlər içərisində təhsilin inkişafı və məktəb işi xüsusi yer tutur. Qəbul olunmuş dövlət proqramına uyğun olaraq ölkəmizin hər yerində təhsilin inkişafı sahəsində tədbirlər görülür, müasir avadanlıqlarla təmin olunan yeni məktəb binaları, uşaq bağçaları tikilib istifadəyə verilir. Bu gün istifadəyə verilən Yurdçu kənd tam orta məktəbinin binası da ölkəmizdə təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlərin davamıdır. Məktəb binasında yaradılan müasir tədris şəraiti ölkəmizin gələcək təminatçıları olan gənclərin hərtərəfli yetişməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədri demişdir: Təhsil elə bir sahədir ki, orada geriləməyə heç vaxt yol vermək olmaz. Çünki təhsilin bir il geriləməsi ölkənin gələcək həyatının bir il inkişafdan qalması, ixtisaslı kadrlarla təminatında problemlərin yaranması deməkdir. Ona görə də ölkəmizdə təhsilin inkişafına daim diqqət və qayğı göstərilir, gələcəyimiz üçün etibarlı təminat yaradılır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: “Dövlət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir”. Bu gün Yurdçu kəndində müasir tədrisin tələblərinə cavab verən məktəb binasının tikilib şagird və müəllimlərin istifadəsinə verilməsi də ulu öndərimizin tövsiyələrinin həyata keçirilməsinin nəticəsidir.
Ali Məclisin Sədri demişdir: Yaradılan şəraitdən səmərəli istifadə etmək məktəb kollektivinin qarşısında duran əsas vəzifədir. Məktəbdə oxuyan hər bir şagird təhsilini başa vurduqdan sonra mütləq bir peşəyə yiyələnməlidir. 2015-ci ildə məktəbin məzunlarından 6-sı ali məktəblərə, 1-i orta ixtisas məktəbinə, 2 şagird isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur. Məktəbin uğurları onu deməyə əsas verir ki, burada qarşıya qoyulan vəzifələr düzgün icra olunmuş, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət, tələbkarlıq və çalışqanlıq əsasında qurulmuşdur. Bu nailiyyətlərin qazanılmasında xidməti olan müəllimlərin əməyi də dövlətimiz tərəfindən qiymətləndirilmiş, müəllimlərdən 1-i “Tərəqqi” medalı, 2-si “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüş, 1 müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur.
Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür etmiş, şagirdlərin yaxşı təhsil alaraq ölkəmizin gələcək inkişafında fəal iştirak edəcəklərinə əminliyini bildirmişdir.
Sonra Ali Məclisin Sədri Kəngərli rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan şagirdlərə kompüter dəsti hədiyyə etmiş, məktəb binasında yaradılan şəraitlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan məktəb 270 yerlikdir. Müasir tədris avadanlıqları və zəruri inventarlarla təchiz olunan binada 3-ü elektron lövhəli olmaqla, 15 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı vardır. Kompüter otağında internetə çıxışı olan 19 kompüter şagirdlərin istifadəsinə verilmişdir. Məktəbin kitabxana fondunda 4 minə yaxın dərslik və bədii ədəbiyyat vardır. Baxış zamanı şagirdlərdə mütaliə vərdişlərinin yaradılması və kitabxana günlərinin keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.
Məktəbin laboratoriyalarında quraşdırılan avadanlıqlar kimya, biologiya və fizika fənlərinin tədrisində əyani vəsaitlərdən istifadəyə, şagirdlərin keçilən dərsləri daha yaxşı mənimsəmələrinə imkan verəcəkdir.
Elektron lövhələr ümumtəhsil məktəblərində distant tədrisin tətbiqinə geniş imkanlar açır. Artıq muxtar respublikanın bütün təhsil müəssisələri ilə muzeylər arasında interaktiv əlaqələr qurulur. Elektron lövhəli sinifdə 220 təhsil müəssisəsi ilə Cəmşid Naxçıvanskinin ev-muzeyi arasında keçirilən distant dərs izlənilmişdir.
Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti əsasında elektron dərsliklərin hazırlanması və ümumtəhsil məktəblərində tədris olunması barədə tapşırıqlar vermişdir.
Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların ilkin hərbi vərdişlərə yiyələnməsi və fiziki hazırlığı diqqət mərkəzində saxlanılmış, hərbi kabinə, geniş idman zalı və açıq idman qurğuları istifadəyə verilmişdir.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri demişdir: Ölkəmizdə təhsil sahəsində görülən işlər bir məqsədə xidmət edir. O da bilikli və vətənpərvər gənclər yetişdirməkdən, ölkəmizin gələcəyi üçün etibarlı təminat yaratmaqdan ibarətdir. Yurdçu kənd tam orta məktəbinin yeni binasında gələcək perspektiv nəzərə alınmış, məktəbin uzun illər birnövbəli fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmışdır. Əvvəllər məktəblərdə tədris prosesində ancaq kitablardan istifadə olunurdusa, bu gün şagird və müəllimlərin istifadəsinə elektron lövhələr, elektron dərsliklər, kompüter sinifləri, müasir tədris avadanlıqlarının quraşdırıldığı fənn laboratoriyaları verilir. Bütün bunlar da keçilən dərslərin daha yaxşı mənimsənilməsinə imkan verir. Ona görə də kollektiv yaradılan bu imkanlardan səmərəli istifadə etməli, tədris günün tələbinə uyğun qurulmalı, təhsilli gənclər yetişdirilməlidir.
Müəllim Pərvanə Məmmədova demişdir ki, 2016-cı ilin ilk günlərində Yurdçu kəndində müasir məktəb binasının istifadəyə verilməsi kollektivin və şagirdlərin sevincinə səbəb olmuşdur. Yeni məktəb binasında yaradılan şərait gənclərin intellektli, təhsilli və vətənə layiqli övlad kimi yetişmələrinə imkan verəcəkdir. Bütün bunlar kollektivin məsuliyyətini daha da artırır. Müəllimlər göstərilən diqqət və qayğının müqabilində daha səylə çalışacaq, yaradılan şəraitdən səmərəli istifadə edərək tədrisin keyfiyyətini artıracaq, vətənpərvər və savadlı gənclər yetişdirməklə göstərilən etimadı doğruldacaqlar.
Yurdçu Kənd Mərkəzinin açılışı olmuşdur
Yanvarın 14-də Yurdçuda yeni kənd mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, kənd mərkəzində Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyə üçün iş otaqları ayrılmış, rabitə evi, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, kitabxana, klub və 50 yerlik iclas zalı istifadəyə verilmişdir. Kitabxanada 1644 ədəbiyyat vardır. Rabitə evində 192 nömrəlik ATS quraşdırılmış, yeni poçt bölməsi fəaliyyətə başlamış və sürətli internetə çıxış imkanı yaradılmışdır. Hazırda Yurdçu kəndində 47 internet istifadəçisi vardır.
Soyuducu və dərman ləvazimatları ilə təmin olunmuş bаytarlıq məntəqəsinə baxış zamanı bildirilmişdir ki, baytarlar mütəmadi olaraq epizootiya əleyhinə tədbirlər görür, dezinfeksiya işləri aparır, heyvandarlığın inkişafına öz töhfələrini verirlər.
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 115 üzvü vardır. Mərkəzdə ərazi ilk təşkilatı üçün otağın ayrılması işin daha səmərəli təşkilinə şərait yaradacaqdır.
Muxtar respublikanın kəndlərində səhiyyə xidmətinin təşkilinə xüsusi diqqət yetirilir. Yurdçu Kənd Mərkəzində feldşer-mama məntəqəsi üçün də 3 otaq ayrılmışdır. Məntəqə lazımi dərman vasitələri, soyuducu, peyvənd və ilkin tibbi yardım çantaları ilə təmin olunmuşdur.
Məntəqə müdiri Gülnar Abbasova məlumat vermişdir ki, yaradılan şərait kənddə tibbi xidmətin hərtərəfli təşkilinə imkan verəcəkdir. Tibb işçiləri hamilə qadınları və yeni doğulan körpələri qeydiyyata alır, onlar mütəmadi olaraq müayinədən keçirilir. Həmçinin uşaqlar arasında vaxtlı-vaxtında peyvənd işi aparılır.
Ali Məclisin Sədri kənddə səhiyyə maarifi işinin aparılması və tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Binanın ətrafı da abadlaşdırılmış, yaşıllıq sahələri salınmışdır.
Yeni xidmət mərkəzi sakinlərin rahatlığına təminat verir
Həmin gün Yurdçu kəndində xidmət mərkəzi də istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzinin açılışını etmişdir.
Məlumat verilmişdir ki, mərkəzdə ərzaq və sənaye malları mağazaları, ət satışı yeri, bərbərxana və qadın gözəllik salonu fəaliyyətə başlamış, 5 nəfər işlə təmin olunmuşdur.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüşən Ali Məclisin Sədri demişdir ki, muxtar respublikanın kəndləri abadlaşır, müasir görkəm alır. Bu gün Yurdçu da müasir kəndlər sırasına qoşuldu. Kənddə kompleks quruculuq işləri aparılmış, məktəb binası, kənd yolu yenidən qurulmuş, müasir rabitə və poçt xidməti istifadəyə verilmiş, kənddə şəhər rahatlığı yaradılmışdır. Bütün bunlar dövlətimizin vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidir. Sakinlər yaradılan şəraitdən səmərəli istifadə etməli, tikilənləri, qurulanları qorumalı, yaşıllıqlar artırılmalı, təsərrüfatlar genişləndirilməlidir.
Kənd sakini Qadir Məmmədov minnətdarlıq edərək demişdir: İnsanların rahat yaşayışına hesablanan bu tədbirlər sakinlərin qurub-yaratmaq əzmini artırır. Ali Məclisin Sədri bir neçə dəfə Yurdçu kəndində olmuş, kənddə subartezian quyusu istifadəyə verilmiş, kəhrizlər bərpa olunmuş, mənzillər telefonlaşdırılmışdır. Bu gün isə kənddə kompleks quruculuq işləri aparılmışdır. Artıq Yurdçu kəndində insanlar rahat yaşayır, təsərrüfatlar genişləndirilir, məskunlaşma artır. Bütün bunlar dövlətin yaratdığı şəraitin nəticəsində mümkün olmuşdur. Ona görə də yaradılan bu abadlığı qoruyub saxlayacaq, ölkəmizin inkişafına töhfələr verəcəyik.
* * *
Tikinti-quruculuq işləri zamanı kəndin rabitə, elektrik və qaz infrastrukturu da yenilənmişdir. Kənddə 920 metr məsafədə fiber-optik kabel, 3300 metr rabitə, 1 kilometr elektrik verilişi, 930 metr yeni qaz xətti çəkilmiş, 1100 metr məsafədə qaz xəttinin yeri dəyişdirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti