Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullahı qəbul edib.
Azərbaycan ilə Pakistan arasında siyasi münasibətlərin yüksək səviyyəsinin məmnunluq doğurduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin yaxın tərəfdaş və müttəfiq dövlətlər olduğunu, xalqlarımızın bir-birinə qardaşlıq münasibəti bəslədiyini deyib. Dövlətimizin başçısı Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycana səfərini və səfər zamanı aparılan konstruktiv müzakirələri məmnunluqla xatırlayıb. Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əlaqələrin genişləndirilməsinin önəmini vurğulayan Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın ikitərəfli münasibətlərimizin daha da gücləndirilməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullahın ölkəmizə səfərinin bu sahədə əlaqələrimizin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullah ölkəmizin, xüsusilə Bakının gözəlliyinin onda dərin təəssürat yaratdığını deyib. Pakistan ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin tarixi, dini və mədəni köklərə malik olduğunu xüsusi vurğulayan Muhammad Zakaullah xalqlarımızın münasibətlərinin yüksək səviyyədə olduğunu deyib, ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
AZƏRTAC