Muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər çərçivəsində hərbçi ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. İstər Naxçıvan şəhərində və rayon mərkəzlərində, istərsə də ucqar dağ və sərhəd kəndlərində bu istiqamətdə ardıcıl tədbirlər görülür. Bu gün Şada kəndində xidmət edən hərbi qulluqçuların ailələri də lazımi məişət şəraiti olan mənzillərdə yaşayırlar.
Dekabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbçi ailələri ilə görüşmüş, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək demişdir: Ölkəmizdə hərbçi ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər ardıcıl şəkildə davam etdirilir. Bu günlərdə Naxçıvan şəhərində zabit ailələri üçün 68 mənzilli yeni yaşayış binasının açılışı olmuşdur. Vaxtilə Şada kəndində yaşayış binasının tikilib istifadəyə verilməsi də hərbçi ailələrinin rahat yaşayışına səbəb olmuşdur.
Aynur Qarayeva hərbçi ailələri adından minnətdarlıq edərək demişdir: Biz sərhəd kəndində yaşayırıq. Lakin kənd sakinləri kimi, burada yaşayan 8 hərbçi ailəsi də lazımi məişət şəraiti ilə təmin olunmuşdur. Ölkəmizdəki sabitlik və inkişafı, birlik və həmrəyliyi hər bir ailə öz həyatında hiss edir.
Uşaqlardan Əli Məmmədov, Aydan və Tuncay Qarazadələr vətənə həsr olunmuş şeirlər söyləmişlər.
Sonda uşaqlara və hərbçi ailələrinə bayram hədiyyələri təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti