09 Yanvar 2025, Cümə axşamı

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Dünya azərbaycanlılarının həmrəyliyinin qayəsini təşkil edən azərbaycançılıq və Azərbaycan dövlətçiliyi ideyaları soydaşlarımızı birləşdirən milli məfkurəyə çevrilmişdir”.

Bu gün ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da xalqımızın milli birliyinin təqviminə çevrilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü geniş qeyd olunur. Bayram günlərində əsgərlərlə görüşlərin keçirilməsi, xüsusilə dağ və sərhəd kəndlərində xidmət edən əsgər və zabitlərə bayram sovqatlarının aparılması ənənə halını almışdır.
Dekabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz rayonunun Şada kəndindəki hərbi hissəyə gəlmiş, əsgər və zabitlərlə görüşmüşdür.
Ali Məclisin Sədri əsgərləri salamlamış, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək demişdir: Bu gün ölkəmizdə dövlət-ordu-xalq birliyi vardır. Bayram günlərində hərbi hissələrdə şəxsi heyətlə görüşlərin keçirilməsi də dövlət-ordu-xalq birliyinin nəticəsidir. Çünki birlik və həmrəylik hərbi xidmətin əsasını təşkil edir. Düşmən qarşısında gücü təmin etmək üçün, ilk növbədə, şəxsi heyət arasında birlik yaradılmalıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublika ərazisində yerləşən ordu, birləşmə və hissələrində xidmət edən şəxsi heyət arasında birlik yaradılmış, xidmətin təşkilində “bir nəfər hamı üçün, hamı bir nəfər üçün” prinsipi əsas götürülmüşdür. Düşmənlə təmas xəttində hərbi xidmətin uğurlu təşkili də məhz bu prinsipə əməl edilməsinin nəticəsidir.
Ali Məclisin Sədri sərhədlərimizdə xidməti uğurlu təşkil etdiklərinə görə əsgər və zabitlərə təşəkkür etmişdir.
Əsgər İlmar Kazımlı və Hüseyn Qasımov minnətdarlıq edərək demişlər: Dövlətimizin yaratdığı şəraitin və göstərdiyi diqqətin nəticəsidir ki, əsgərlər dəniz səviyyəsindən 1500 metr yüksəklikdə vətənin müdafiəsində mətin dayanıblar. Bayram günündə Şada bölgəsində xidmət edən əsgərlərlə görüşün keçirilməsi şəxsi heyətin böyük sevincinə səbəb olmuşdur. Dövlətin və xalqın dəstəyini üzərində hiss edən hər bir əsgərin döyüş ruhu daha da artır. Ölkəmizdə əsgər adına verilən yüksək qiyməti, göstərilən diqqət və qayğını minnətdarlıq hissi ilə qarşılayır, etimadı doğrultmağı ən yüksək amal kimi qəbul edirik.
Sonra Ali Məclisin Sədri hərbi hissədə xidmətin təşkili ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, hərbi hissənin maddi-texniki təminatı, əsgərlərin məişət və xidməti şəraiti müasir tələblər səviyyəsində qurulmuşdur. İkimərtəbəli binada əsgər və zabit yataqxanaları, ideoloji otaq, ərzaq və əşya anbarları, tibb məntəqəsi, yeməkxana və digər otaqlar vardır. Hərbi hissədə xidmət günün nizam qaydalarına uyğun təşkil olunur, əsgərlərin normal qidalanması və sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır.
Ali Məclisin Sədri xidmətin nümunəvi təşkili ilə bağlı tapşırıqlar vermişdir.
Şəxsi heyətə bayram hədiyyələri paylanmış, gətirilmiş ərzaq məhsulları anbara təhvil verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR