Dekabrın 30-da Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zirə Mədəniyyət Mərkəzində yaradılmış şəraitlə tanış oldular.
Sonra Prezident İlham Əliyev və ailə üzvləri Xəzər rayonunun və Zirə qəsəbəsinin bir qrup sakini ilə görüşdülər.
Sonda xatirə şəkli çəkdirildi.
Daha sonra Prezident İlham Əliyev və ailə üzvləri Zirə Mədəniyyət Mərkəzinin ətrafında salınan eko-parkda yaradılan şəraitlə tanış oldular.
On hektar ərazidə salınan eko-park xüsusi landşaft dizaynı ilə layihələndirilib. Burada geniş yaşıllaşdırma işləri görülüb, minlərlə müxtəlif növ nadir dekorativ və meyvə ağacları, bəzək kolları və güllər əkilib.
Ərazi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və ailə üzvləri eko-parkda ağac əkdilər.
AZƏRTAC