09 Yanvar 2025, Cümə axşamı

Muxtar respublikada sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Hər il Naxçıvan şəhərində və rayon mərkəzlərində yeni yaşayış binaları tikilir, mövcud yaşayış binalarında yenidənqurma işləri aparılır. İnsanların rahat yaşayışına xidmət edən bu tədbirlər 2015-ci ildə də davam etdirilmişdir.

Dekabrın 28-də Naxçıvan şəhərinin Atatürk küçəsində yeni yaşayış binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək demişdir ki, “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a uyğun olaraq Naxçıvan şəhərində ictimai yaşayış binalarının tikintisi və yenidən qurulması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. 2015-ci ildə Naxçıvan şəhərində 3 yaşayış binası istifadəyə verilmiş, 9 ictimai yaşayış binası yenidən qurulmuşdur. Hazırda şəhərin Heydər Əliyev prospektində, İdris Məmmədov, Əliqulu Qəmküsar küçələrində ictimai yaşayış binalarının, Əziz Əliyev küçəsində yaşayış kompleksinin tikintisi, bir binada isə yenidənqurma işləri davam etdirilir.
Bina sakinləri adından Emin Hacıyev minnətdarlıq edərək demişdir ki, Naxçıvan şəhərində aparılan quruculuq işləri hər bir sakinin həyatında hiss olunur. Əvvəllər lazımi məişət şəraiti olmayan binada yaşayırdıq. Bu gün isə ailələrimiz müasir mənzillərlə təmin olunmuşdur. Bütün bunlar ölkəmizdə insan amilinə verilən qiymətin ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində müasir tələblərə cavab verən 56 mənzilli yeni yaşayış binasının istifadəyə verildiyini bildirmiş, binada yeni mənzillə təmin olunan 28 ailəni təbrik edərək demişdir: Bu gün ölkəmizdə bütün sahələrin inkişafı üzrə dövlət proqramları həyata keçirilir. Yaşayış binalarının tikintisi və yenidən qurulması, müasir yaşayış komplekslərinin salınması, qayğıya ehtiyacı olan vətəndaşların mənzillərlə təmin olunması Azərbaycan dövlətinin həyata keçirdiyi sosial tədbirlərin mərkəzində dayanır. Naxçıvan şəhərində də yeni yaşayış binaları tikilir, mövcud binalarda yenidənqurma işləri aparılır. Bu gün açılışı olan bina ötən əsrin 60-cı illərində istifadəyə verilən yaşayış binasının yerində inşa olunmuşdur. İstismar müddəti başa çatan, qəzalı vəziyyətdə olan əvvəlki binada lazımi məişət şəraiti də yox idi. Ona görə də ərazidə müasir tələblərə uyğun yeni yaşayış binası tikilmiş, sakinlərin rahat yaşayışı təmin edilmişdir.
Ali Məclisin Sədri demişdir: Ölkəmizdə insanların mənzil şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər üç mərhələdə aparılır. İlk növbədə qayğıya ehtiyacı olan vətəndaşlar mənzil və fərdi yaşayış evləri ilə təmin olunur. İkinci mərhələdə mövcud yaşayış binaları yenidən qurularaq sakinlərin istifadəsinə verilir. Üçüncü mərhələdə isə qəzalı vəziyyətdə olan yaşayış binaları sökülərək yerində daha müasir yaşayış binaları tikilir. Həyata keçirilən bu tədbirlər Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsi olmaqla yanaşı, həm də ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi və bu siyasətə sədaqətin nəticəsidir.
Qeyd olunmuşdur ki, bu gün muxtar respublikanın yaşayış məntəqələrində bütün kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Hər il yeni əsgəri-məişət kompleksləri və zabit ailələri üçün yaşayış binaları tikilir, qayğıya ehtiyacı olan insanlar fərdi yaşayış evləri və mənzillərlə təmin olunur, müasir ictimai yaşayış binaları istifadəyə verilir. Bu da qarşıya mühüm vəzifələr qoyur. Belə ki, hər bir vətəndaş həyata keçirilən quruculuq işlərinin iştirakçısına çevrilməli, sabitliyin qorunmasında və ölkəmizin inkişafında öz xidmətlərini göstərməlidir. Çünki ölkəmiz inkişaf etdikcə, insanların rahat yaşayışının təmin olunması sahəsində görülən işlər də davam etdiriləcəkdir.
Ali Məclisin Sədri yaşayış binasının Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində istifadəyə verildiyini bildirmiş, bu münasibətlə sakinləri təbrik etmiş, onlara yeni mənzillərində firavan həyat arzulamışdır.
Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini təqdim etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 9 mərtəbədən ibarət olan binadakı mənzillərin 28-i üçotaqlı, 28-i isə dördotaqlıdır. Üçotaqlı mənzillər 105, dördotaqlı mənzillər isə 130 və 150 kvadratmetrdir. 2 girişi olan binada lift quraşdırılmış, mənzillərə optik xətt çəkilmiş, birinci mərtəbədə hər birinin sahəsi 568 kvadratmetr olan 2 mağaza, zirzəmidə isə Naxçıvan şəhərində yaşayan rəssamlar üçün 15 emalatxana istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR