Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının açılışında iştirak edib.
Dövlətimizin başçısı yeni çıxışın rəmzi açılışını bildirən lenti kəsdi.
Baş nazirin müavini Abid Şərifov və “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov görülən işlərlə bağlı Prezident İlham Əliyevə ətraflı məlumat verdilər. Qeyd edildi ki, “Nizami-Memar Əcəmi” buraxılış kompleksinə daxil olan “Elmlər Akademiyası” stansiyası bir çıxışla 1985-ci ildə istismara verilib. “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı layihəyə əsasən, dörd çıxışlı yeraltı vestibüldən, 70,4 metr uzunluğunda maili tuneldən, 37 metr piyada və 26 metr uzunluqlarında keçid tunellərindən və yarımstansiyadan ibarətdir. Kompleksin ümumi sahəsi 4,3 min kvadratmetrdir. Stansiyanın ikinci çıxışında 7 müasir eskalator, piyada tunelində təhlükəsizlik kameraları quraşdırılıb. Kassa otaqlarında və digər yardımçı sahələrdə də işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Dövlətimizin başçısı “Elmlər Akademiyası” stansiyasının planına və görülən işləri əks etdirən fotostendə baxdı.
“Elmlər Akademiyası” stansiyasının yeni giriş-çıxışlarının üzərində müasir dekorativ-memarlıq elementli konstruksiya quraşdırılıb, ərazidə yerüstü abadlaşdırma işləri həyata keçirilib.
AZƏRTAC