Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı və sağlamlığı dayanır”.
Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə insanların rahat yaşayışının təmin olunması sahəsində kompleks tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlər muxtar respublikada da davamlı xarakter almışdır. Son illər sosial qayğıya ehtiyacı olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlara nəqliyyat vasitələrinin verilməsi isə həyata keçirilən sosial tədbirlər içərisində xüsusi yer tutur.
Dekabrın 24-də Naxçıvan şəhərində 4 şəhid ailəsinə və 2 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına mənzil, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 2 nəfərə və 4 Azərbaycan Vətən Müharibəsi veteranına “NAZ Lifan-320” markalı minik avtomobili təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək demişdir ki, muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan insanların həyat şəraitinin yaxşılaşdırılması və tibbi reabilitasiyası diqqət mərkəzində saxlanılır. 2015-ci ildə 349 sağlamlıq imkanları məhdud şəxs protez-ortopedik xidmət və 390 nəfər texniki bərpa vasitələri ilə təmin olunmuşdur. İl ərzində 189 nəfər müxtəlif sanatoriya və pansionatlara, 18 nəfər xarici ölkələrə müalicəyə göndərilmiş, 657 nəfər Əlillərin Bərpa Mərkəzində müalicə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Bu gün Azərbaycan dövləti sağlamlıq imkanları məhdud şəxslərə, torpaqlarımızın müdafiəsi zamanı sağlamlığını itirmiş insanlara, şəhid ailələrinə hərtərəfli qayğı göstərir. Bu kateqoriyadan olan insanların mənzil və avtomobillə təmin olunması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.
Ali Məclisin Sədri yeni mənzil və avtomobillə təmin olunanları təbrik edərək demişdir: Ölkəmizdə bu işlər ona görə həyata keçirilir ki, Azərbaycanda sabitlik vardır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf yolu ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Hər bir kəsin əməyi və xidməti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Bu gün yeni mənzil və avtomobillərin təqdim olunması da dövlətimizin vətəndaşlarına göstərdiyi qayğının və ölkəmizdə mövcud olan ədalətin təntənəsidir.
Ali Məclisin Sədri demişdir: Ölkəmiz inkişaf etdikcə sosial qayğıya ehtiyacı olan insanlara verilən müavinətlərin miqdarı da artırılır. İstər Sovetlər Birliyi dövründə Böyük Vətən Müharibəsində və Çernobıl hadisələrinin nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslər, istərsə də Azərbaycan Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri daim diqqətdə saxlanılır, onların rahat yaşayışı və sağlamlıqlarının bərpası üçün dövlətimiz tərəfindən lazımi tədbirlər görülür. Hər il muxtar respublikada sosial qayğıya ehtiyacı olan vətəndaşlara yeni mənzil və avtomobillər təqdim olunur. Bu il də müvafiq kateqoriyadan olan 16 muxtar respublika sakininə avtomobil, 10 nəfərə isə mənzil verilmişdir. Bu işlər 2016-cı ildə də davam etdiriləcəkdir.
Ali Məclisin Sədri mənzil və avtomobillə təmin olunanlara xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə, ölkəmiz və xalqımız üçün layiqli övlad böyütdüklərinə görə təşəkkür etmiş, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmiş, yeni mənzillərində rahat həyat arzulamışdır.
Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim etmişdir.
Şəhid anası Gülsüm Quliyeva minnətdarlıq edərək demişdir ki, bu gün Azərbaycanda Vətən, xalq qarşısında xidməti olan şəxslərə hərtərəfli qayğı göstərilir. Mənim övladımın da vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirildi, ailəmiz yeni mənzillə təmin olundu. Fəxr edirəm ki, övladım müstəqil Azərbaycan dövlətinin müdafiəsi uğrunda şəhid olub.
Tədbir iştirakçıları doğum günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbriklərini çatdırmış, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.
Yeni mənzillə təmin olunanlara xalça hədiyyə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti