Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə paytaxtın Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan yaşayış binası istifadəyə verilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılıb və artıq bina istismara hazırdır. Binada gözdən əlillər üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılıb. Onların əl və ayaqla hiss etmələrinin asanlaşdırılması üçün müvafiq yerlərdə xüsusi tikinti materiallarından və işarələrdən istifadə olunub.
Dövlətimizin başçısı yeni binanın sakinləri ilə görüşdü.
Dövlətimizin başçısı mənzillərin orderlərini sakinlərə təqdim etdi.
Sonra xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mənzillərdə yaradılan şəraitlə tanış oldular. Binadakı 132 mənzildən 22-si üç, 44-ü iki, 66-sı isə bir otaqlıdır. Burada sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.
* * *
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Nərimanov Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi və 8 saylı tibbi sosial ekspert komissiyasının yeni inzibati binasının açılışında iştirak etdilər.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Nərimanov Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi də müasir texniki avadanlıqla təchiz olunub. Mərkəzdə vətəndaşların müraciətlərinə baxılması üçün zəruri şərait var. Bu da müraciətlərə baxılmasında şəffaf iş rejiminin təmin olunmasına xidmət edir.
Prezident İlham Əliyevə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi – VEMTAS üzrə görülən işlərlə bağlı da məlumat verildi.
AZƏRTAC