Naxçıvan qədim şəhər mədəniyyətinə malikdir. Bu mədəniyyətin izləri qədim tikililərdə və tarixi abidələrdə yaşayır. Vaxtilə Naxçıvan şəhərində inşa olunan zəngin tərtibatlı hamamlar bu gün tarixi-memarlıq abidələri kimi mədəniyyətimizin nadir inciləri sırasına daxil olmuşdur. Bu gün də Naxçıvan şəhərində ictimai mədəni xidmət obyektlərinin inşasına xüsusi diqqət yetirilir.
Bu sahədə görülən işlərin davamı olaraq dekabrın 17-də Naxçıvan şəhərinin Əlincə məhəlləsində Şərq hamamı istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək demişdir ki, “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a uyğun olaraq Naxçıvan şəhərində yeni istehsal müəssisələri yaradılmış, müasir yollar və körpülər salınmış, təhsil, səhiyyə, mədəniyyət obyektləri, inzibati və yaşayış binaları tikilərək istifadəyə verilmişdir. Həmçinin şəhərdəki tarixi abidələr memarlıq elementləri qorunub saxlanılmaqla bərpa olunmuşdur. Hazırda şəhərdə yeni parkın salınması işləri davam etdirilir. İstifadəyə verilən Şərq hamamının da bu sahədə görülən işlərin davamı olduğunu bildirən icra başçısı şəhər sakinləri adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: 2014-cü ildə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə Sərəncam imzalanmış, “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram” qəbul olunmuşdur. Proqrama uyğun olaraq muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində quruculuq tədbirləri həyata keçirilmişdir. Bu tədbirlər içərisində vacib sahələrdən biri də yeni hamam kompleksinin tikilməsi idi.
Ali Məclisin Sədri demişdir: Bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində dayanıqlı qaz, elektrik və su təminatı vardır. Hər bir ailə öz mənzilində lazımi məişət şəraiti yaratmışdır. Lakin Naxçıvanın paytaxt şəhəri olması və burada 10 minə yaxın tələbənin təhsil alması yeni mədəni xidmət obyektinin – hamam kompleksinin tikintisini zəruri edirdi. Yeni hamam kompleksi əhaliyə xidmət göstərməklə yanaşı, həm də memarlıq abidəsi kimi inşa olunmalı, Şərq adət-ənənələri və üslubu qorunub saxlanılmalı idi. Tikinti işləri aparılarkən bu amillər nəzərə alınmış, qədim Şərq adət-ənənələri və üslubuna uyğun yeni hamam kompleksi inşa olunmuşdur.
Ali Məclisin Sədri Şərq hamamında yeni işlə təmin olunanları və gələcək istifadəçiləri təbrik etmiş, kompleksin tikintisində əməyi olanlara təşəkkürünü bildirmişdir.
Baxış zamanı məlumat verilmişdir ki, Şərq hamamı özünəməxsus memarlıq quruluşu ilə diqqəti cəlb edir. Burada göstərilən xidmətlərdən saatda 100 nəfər istifadə edəcəkdir. Hamam qadınlar və kişilər üçün nəzərdə tutulan iki ayrı bölmədən ibarətdir. Həmçinin burada hamam ləvazimatlarının satışı mağazası və çay evi də fəaliyyət göstərir. Şərq hamamında 15 nəfər işlə təmin olunmuşdur.
Həyətdə hər birinin tutumu 25 ton olan 3 su çəni qoyulmuş, davamlı su təminatı yaradılmış, geniş abadlıq işləri görülmüşdür.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti