09 Yanvar 2025, Cümə axşamı

Muxtar respublikada sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradılmış, əlverişli biznes və investisiya mühiti formalaşdırılmışdır. İstifadəyə verilən yeni müəssisələr özəl bölmənin inkişafına təkan vermiş, yerli istehsalın həcmi artmışdır. Bu sahədə görülən işlərin davamı olaraq “Şərur-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni istehsal sahəsi fəaliyyətə başlamışdır.
Dekabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni istehsal sahəsinə baxmışdır.
Sahibkar Fikrət Əhmədov məlumat vermişdir ki, ümumi sahəsi 4950 kvadratmetr olan müəssisə üçün yeni bina tikilmiş, ən müasir istehsal avadanlıqları quraşdırılmışdır. Sahibkarlığa Kömək Fondu tərəfindən ayrılan kredit və şəxsi vəsait hesabına yaradılan müəssisədə emal bölməsi, istehsal, qablaşdırma, meyvə və bitki cövhərlərinin saxlanılması sahələri, laboratoriya, iş otaqları, hazır məhsul və xammal anbarları vardır. İstehsal prosesi tamamilə avtomatlaşdırılmışdır.
İstehsal gücü saatda 2 min butulka olan müəssisədə 14 çeşiddə araq və 3 çeşiddə likör istehsal olunur. Xammal kimi muxtar respublikada bitən və yetişən kəklikotu, baldır­ğan, zirinc, qara tut, heyva, şaftalı, ərik və albalıdan, eləcə də yüksəkkeyfiyyətli spirtdən istifadə olunur. Məhsul gümüş filtrdən keçirilərək standartlara uyğun süzülür. 100, 250 və 500 millilitrlik şüşə butulkalarda qablaşdırılan içkilər lazımi laboratoriya analizlərindən keçirildikdən və keyfiyyətinə müvafiq qaydada zəmanət verildikdən sonra satışa buraxılır.
Ali Məclisin Sədri istehsal prosesinin ardıcıl texnoloji tələblər əsasında aparılması, keyfiyyətə daim nəzarət edilməsi, daxili bazarın tələbatının ödənilməsi və ixrac imkanlarının yaradılması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR