Dekabrın 8-də Vayxır sol sahil suvarma və drenaj şəbəkəsinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Ali Məclisin Sədri Vayxır sol sahil suvarma və drenaj şəbəkəsinin istifadəyə verilməsi münasibətilə torpaq mülkiyyətçilərini təbrik edərək demişdir: Hər bir ölkədə ərzaq təhlükəsizliyini təmin etmək üçün ilk növbədə kənd təsərrüfatı inkişaf etdirilməlidir. Aydın məsələdir ki, kənd təsərrüfatının inkişafı da müasir meliorasiya və irriqasiya sistemləri olmadan mümkün deyil. Bu zərurəti nəzərə alan ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 70-ci illərindən başlayaraq ölkəmizdə meliorasiya və irriqasiya sahəsində kompleks tədbirlər həyata keçirilmiş, yeni su anbarları, nasos stansiyaları, suvarma kanalları tikilmiş, torpaqların su təminatı xeyli dərəcədə yaxşılaşdırılmışdır. Ulu öndərimiz ölkəmiz müstəqillik qazandıqdan sonra da bu məsələni diqqətdə saxlamış, ölkə Prezidenti də meliorasiya və su təsərrüfatı sisteminin kompleks şəkildə inkişaf etdirilməsi üçün dövlət proqramlarını imzalamışdır.
Ali Məclisin Sədri demişdir: Naxçıvan Muxtar Respublikasında da torpaq sahələrinin meliorasiya və irriqasiya sistemləri ilə təchiz olunması daim diqqət mərkəzində saxlanılır. “Kənd təsərrüfatı ili”ndə bu sahədə həyata keçirilən tədbirlərin miqyası xeyli genişləndirilmiş, rentabelli suvarma şəbəkələrinin qurulması hesabına torpaq sahələrinin dayanıqlı su təminatı yaradılmışdır. Müasir irriqasiya sistemlərinin, kollektor-drenaj şəbəkələrinin və nasos stansiyalarının, yeni suvarma boru xətlərinin istifadəyə verilməsi nəticəsində bu il muxtar respublikada 6 min hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir. Bu gün istifadəyə verilən qapalı suvarma və drenaj şəbəkəsi də muxtar respublikada yaradılan mühüm irriqasiya sistemlərindəndir. Böyük iqtisadi əhəmiyyəti olan bu layihənin reallaşdırılması nəticəsində Babək rayonu Nehrəm kəndinin 1170 hektar və Culfa rayonu Bənəniyar kəndinin 1050 hektar olmaqla, ümumilikdə, 2220 hektar torpaq sahəsində müasir suvarma sistemi qurulmuşdur. Yaradılan şərait ərazidə suyun itkisiz çatdırılmasını, yeraltı suların ərazilərdən uzaqlaşdırılmasını, əvvəllər suvarılması mümkün olmayan sahələrə də su verilməsini təmin etməklə şoranlaşmanın qarşısının alınmasına, bol məhsul istehsalına, bir sözlə, muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edəcəkdir.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik. Bu gün müasir hidrotexniki qurğuları yaratmaqla yanaşı, onlardan səmərəli istifadə də qarşıda duran əsas vəzifədir. Torpaq mülkiyyətçiləri və sahibkarlar yaradılan şəraitdən düzgün istifadə etməli, tikilənlər, qurulanlar qorunub saxlanılmalıdır. Muxtar respublikada meliorasiya və irriqasiya sahəsində müasir infrastruktur ona görə yaradılır ki, torpaqlar əkilsin, bol kənd təsərrüfatı məhsulu istehsal olunsun. Ona görə də aid dövlət orqanları və yerli icra hakimiyyətləri müasir irriqasiya sistemlərinin əhəmiyyəti, onların normal istismarının təşkili ilə bağlı torpaq mülkiyyətçiləri ilə maarifləndirmə işləri aparmalıdırlar. Suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmalıdır. Mütərəqqi suvarma metodlarının tətbiqi və rentabelli suvarma şəbəkələrinin qurulması, sudan istifadədə qənaətedici texnika və texnologiyaların tətbiqi davam etdirilməli, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmalıdır. Əkin sahələrində su itkisinin və şoranlaşmanın qarşısının alınması üçün şırım üsulu ilə əkinə üstünlük verilməlidir.
Ali Məclisin Sədri bu vəzifələrin icrasında hər kəsə uğurlar arzulamış, yeni suvarma və drenaj şəbəkəsinin qurulmasında əməyi olanlara təşəkkür etmişdir.
Torpaq mülkiyyətçisi Adil Hüseynov çıxış edərək demişdir ki, torpaqların əkilməsi bolluq, bərəkət deməkdir. Lakin suvarma suyunun olmaması və şoranlaşma uzun illər Babək və Culfa rayonlarının bu ərazisində əkin işlərinin aparılmasına, bol məhsul istehsalına imkan vermirdi. Bu gün isə müasir suvarma və drenaj sistemi qurulub, torpaqlardan səmərəli istifadə üçün hərtərəfli şərait yaradılıb. Həyata keçirilən bu layihə iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də ölkəmizdə insanların həyat şəraitinin yaxşılaşdırılması üçün aparılan işlərin bir hissəsidir. Çünki torpaqları əkməklə bol məhsul istehsal edəcəyik. Bu da bizim ailələrimizin dolanışığını yaxşılaşdıracaqdır. Adil Hüseynov göstərilən diqqət və qayğıya görə torpaq mülkiyyətçiləri adından dövlətimizə minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri nəticəsində iqtisadiyyatın bütün sahələri kimi, meliorasiya və su təsərrüfatı sistemi də hərtərəfli inkişaf etmişdir. Son illər bu istiqamətdə bir sıra layihələr həyata keçirilmiş, irriqasiya sistemləri daha da təkmilləşdirilmişdir. Suvarma sistemlərinin normal istismarının təşkili, qrunt sularının və şoranlaşmanın aradan qaldırılması muxtar respublikada əkinçiliyin inkişafına hərtərəfli şərait yaratmışdır.
Sonra Ali Məclisin Sədri Vayxır sol sahil suvarma və drenaj şəbəkəsinin baş planına baxmışdır.
Məlumat verilmişdir ki, suvarma və drenaj şəbəkəsi 1974 təsərrüfata məxsus pay torpaqlarını və 450 hektar bələdiyyə torpaqlarını əhatə edir. Tikinti zamanı 241,5 kilometr uzunluğunda müxtəlif diametrlik suvarma xətləri çəkilmişdir. Şəbəkəyə suyun verilməsi üçün Heydər Əliyev Su Anbarından başlayan Vayxır sol sahil kanalı üzərində 4 suburaxıcı qapı və 6 süzgəc quraşdırılmış, ərazinin relyefi nəzərə alınaraq suvarma xətlərinin üzərində 3 təzyiqqırıcı, 238 siyirtmə və 1950 hidrant qoyulmuşdur.
Qapalı drenaj sistemlərinin tikintisi üçün 77,5 kilometrlik müxtəlif ölçülü plastik borulardan istifadə olunmuşdur. Drenaj şəbəkəsi üzərində 77 baxış quyusu inşa edilmişdir. Ərazidən drenaj sularını kənarlaşdırmaq üçün 6,5 kilometrlik mövcud açıq kollektor bərpa olunmuş və suyun Nehrəm gölünə verilməsi təmin edilmişdir.
Ali Məclisin Sədri idarəetmə düyməsini basaraq Vayxır sol sahil suvarma və drenaj şəbəkəsini istifadəyə vermişdir.
Sonra torpaq mülkiyyətçiləri ilə görüşən Ali Məclisin Sədri demişdir ki, muxtar respublika iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ona görə də bu sahədə ardıcıl tədbirlər görülür, kənd təsərrüfatı texnikaları lizinq yolu ilə verilir, mütərəqqi əkin və suvarma metodları tətbiq olunur, istehsal olunan kənd təsərrüfatı məhsullarının satışı üçün hərtərəfli şərait yaradılır. Hazırda muxtar respublikada istehsal olunan kənd təsərrüfatı məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, həm də ixrac potensialı yaratmışdır. Torpaq mülkiyyətçiləri yaradılan şəraitdən səmərəli istifadə etməli, suvarma və drenaj şəbəkəsinin əhatə etdiyi torpaqlarda bol məhsul yetişdirilməlidir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti