Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2015-ci il martın 29-da “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamış və yubileylə bağlı Tədbirlər Planını təsdiq etmişdir. Tədbirlər Planına əsasən, Naxçıvan Musiqi Kollecinin binasında yenidənqurma işləri aparılmışdır.
Noyabrın 27-də Naxçıvan Musiqi Kollecinin binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, tədris korpusunda yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, yenidənqurma işləri zamanı kollecin maddi-texniki bazası möhkəmləndirilmiş, zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan binada tədrisin nümunəvi təşkili üçün hər cür şərait yaradılmışdır. Kollecdə 5-i elektron lövhəli olmaqla, 70 sinif otağı, kompüter və müəllimlər otaqları, kitabxana, iclas və idman zalları, xoreoqrafiya sinfi, hərbi kabinə, səsyazma studiyası, arxiv və bufet vardır. Sinif otaqlarında tədris olunan ixtisaslara uyğun musiqi alətləri və avadanlıqlar qoyulmuşdur.
Kollecin kompüter sinfində 23 kompüter dəsti quraşdırılmış və internetə qoşulmuşdur. Elektron lövhəli siniflərdə muzeylərlə video-əlaqələr yaratmaq və virtual dərslər keçmək imkanı vardır. Həmçinin tələbələr bu siniflərdə musiqi nəzəriyyəsinə aid elektron dərsliklərdən istifadə etməklə, eləcə də müxtəlif konsert proqramlarını izləməklə bilik və bacarıqlarını artıracaqlar. Kitabxana dünya klassiklərinin, Azərbaycan və Naxçıvan bəstəkarlarının əsərləri, milli musiqi sənətinə, bəstəkar və xalq mahnılarına aid dərsliklər və digər ədəbiyyatlarla zənginləşdirilmişdir.
Ali Məclisin Sədri qədim musiqi aləti olan “Naxçıvan tənburu”nu Musiqi Kollecinə hədiyyə etmiş, kollecdə Azərbaycan xalq musiqisi sinfinin yaradılması, sinfin milli musiqi nəzəriyyəsinə aid ədəbiyyatlarla və xalq çalğı alətləri ilə zənginləşdirilməsi barədə tapşırıq vermişdir.
Sonra Naxçıvan Musiqi Kollecinin kollektivi ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoymuşlar.
Həmin gün Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Musiqi Kollecinin 40 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyi münasibətilə kollecin müəllim və tələbələrini təbrik edərək demişdir: Hər bir xalqın milli və mədəni dəyərlərini təcəssüm etdirən mühüm vasitələrdən biri də onun musiqisidir. Qədim Şərq filosofları deyirdilər ki, bir millətin xarakterini bilmək üçün o millətin musiqisini dinləmək lazımdır. Azərbaycan musiqisi xalqımızın zəngin mədəniyyətini və milli dəyərlərini bütün dünyaya nümayiş etdirir. Mərasim-məişət nəğmələrimiz, muğam və aşıq yaradıcılığımız, Naxçıvandakı Gəmiqaya abidələrində əks olunan yallı elementləri bir tərəfdən bəşəriyyətin ilkin melodiya və ritm sənəti haqqında məlumat verirsə, digər tərəfdən musiqi mədəniyyətimizin nə qədər qədim və zəngin olduğunu göstərir.
Ali Məclisin Sədri demişdir: Bu gün milli musiqi sənətimiz özünün inkişaf dövrünü yaşayır. Bu inkişafın əsası ötən əsrin 70-80-ci illərində qoyulmuşdur. Həmin dövrdə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə digər sahələrdə olduğu kimi, xalqın tarixi keçmişinə və milli dəyərlərə münasibətdə də köklü dəyişikliklər baş verdi. Əgər əvvəllər Novruz bayramının keçirilməsinə icazə verilmirdisə, “Kitabi-Dədə Qorqud” dastanı hakimiyyət orqanları tərəfindən ittiham olunur və qadağan edilirdisə, 1970-ci ildən başlayaraq Novruz bayramı böyük el şənliyi kimi qeyd olundu, “Kitabi-Dədə Qorqud” dastanına ikinci həyat verildi. Dastanla bağlı elmi tədqiqatlar aparıldı, kitablar nəşr olundu, ikiseriyalı “Dədə Qorqud” bədii filmi çəkildi. Əgər əvvəllər rəsmi dövlət tədbirləri zamanı konsert proqramlarında sovet mədəniyyətinin daşıyıcısı olan əsərlərə üstünlük verilirdisə, 70-80-ci illərdə keçirilən tədbirlərin repertuarlarında artıq böyük Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Arif Məlikovun, Tofiq Quliyevin əsərləri üstünlük təşkil edirdi. Azərbaycan xalqının ruhunu professional şəkildə ifadə edən tar, kaman, balaban, zurna, saz, qanun kimi alətlərin orkestrlərdə təmsil olunması, Şərur-Naxçıvan yallılarına geniş yer ayrılması zəngin mənəvi dəyərlərimizə göstərilən böyük qayğının ifadəsi idi.
Qeyd olunmuşdur ki, ümummilli liderimizin “Respublikada musiqi ifaçılığı sənətinin vəziyyəti və onu daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərarı hələ o dövrdə bədii kollektivlərin, xüsusən də estrada və vokal instrumental kollektivlərinin peşəkarlığının, səhnə və ifaçılıq mədəniyyətinin artırılmasına öz təsirini göstərdi. Xalq yaradıcılığının, musiqi sənətinin inkişafı üçün tədbirlər görüldü, orta və ali təhsilli musiqiçi kadrların hazırlanmasına diqqət artırıldı, musiqi məktəblərinin şəbəkəsi genişləndirildi, şəhər və kəndlərdə yeni musiqi məktəbləri yaradıldı. Həmin dövrdə yeni yaradılan musiqi məktəblərindən biri də Naxçıvan Musiqi Kolleci idi. Ümummilli liderimizin himayəsi ilə 1975-ci ildə fəaliyyətə başlayan bu təhsil ocağı ötən 40 ildə böyük yol keçmişdir. Kollec orta ixtisaslı musiqiçi kadrların və mütəxəssislərin hazırlanması, xalq musiqisi ənənələrinin yaşadılması, eləcə də klassik və dünya musiqisinin öyrənilməsi və təbliği sahəsində səmərəli fəaliyyət göstərir. Naxçıvan Musiqi Kollecini bitirən 3 minə yaxın məzun bu gün mədəniyyət müəssisələrində, uşaq musiqi məktəblərində çalışaraq Azərbaycan musiqi mədəniyyətinin inkişafına öz töhfələrini verirlər.
Ali Məclisin Sədri Azərbaycan mədəniyyətinin inkişafında, musiqi sənətimizin gənc nəslə öyrədilməsi və yaşadılmasında səmərəli fəaliyyətinə görə Naxçıvan Musiqi Kollecinin kollektivinə təşəkkür etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Musiqi ayrı-ayrı dillərdə danışan, müxtəlif inkişaf yolları keçmiş, bir-birindən fərqlənən mənəvi və maddi dəyərlərə malik xalqların ən gözəl qarşılıqlı anlaşma və ünsiyyət vasitəsidir. O, hər bir ölkədə xalqın mənəvi aləminin parlaq ifadəsi olmaqla onun dünyada tanınmasında, beynəlxalq əlaqələrinin genişlənməsində mühüm rol oynayır”, – fikrini xatırladaraq demişdir: Bu gün ölkəmizdə mədəniyyətin, xüsusilə də musiqi sənətinin inkişafı əsas vəzifələr sırasındadır. Muxtar respublikamızda da musiqi sənəti öz inkişaf dövrünü yaşayır. Hər il Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə uşaq musiqi məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilir, gənc nəslə milli dəyərlərimizin və musiqi sənətimizin aşılanması istiqamətində tədbirlər görülür. Bu tədbirlər öz bəhrəsini verir. Naxçıvanda yeni bəstəkarlar, ifaçılar, gənc musiqiçilər nəsli yetişir. Lakin görülən tədbirlərlə kifayətlənmək olmaz. Naxçıvan Dövlət Universiteti və Naxçıvan Musiqi Kolleci gənc musiqiçi kadrların hazırlıq səviyyəsini artırmalıdırlar. Mədəniyyət və Turizm Nazirliyi uşaq musiqi məktəblərində tədrisin səviyyəsinin yüksəldilməsinə nail olmalıdır.
Ali Məclisin Sədri demişdir ki, Naxçıvan Muxtar Respublikasında istedadlı gənclər çoxdur. Təhsil, eləcə də Mədəniyyət və Turizm Nazirliyi istedadlı gənclərin elektron məlumat bazasını yaratmalı, gənclər himayə olunmalı, onlarla iş təkmilləşdirilməlidir. Aid təşkilatlar tərəfindən hamiliyə götürülən musiqi ixtisasları üzrə peşəkar kadrların hazırlanması, muxtar respublikanın mədəniyyət və musiqi müəssisələrində onların təcrübə keçmələri üçün lazımi şəraitin yaradılması və müvafiq sahədə işlə təminat diqqətdə saxlanılmalıdır. Televiziya və radiolar musiqi mədəniyyətinin formalaşmasında və təbliğində mühüm rol oynayırlar. Teleradiolarda milli və klassik musiqilərə üstünlük verilməlidir. Musiqi kollektivləri öz repertuarlarını daim yeniləməli, qədim folklor nümunələrinin, xalq mahnı və musiqilərinin, yallıların nota köçürülməsi və yaşadılması sahəsində fəaliyyət bundan sonra da davam etdirilməlidir.
“Musiqi təhsili alan gənclər bilməlidirlər ki, onlar gələcəkdə xalqımızın zəngin və qədim tarixə malik mədəniyyətini yaşadacaq və təbliğ edəcəklər. Ona görə də musiqi ixtisasına yiyələnmək istəyən gənclər musiqi sənətini mükəmməl öyrənməlidirlər”, – deyən Ali Məclisin Sədri bu vəzifələrin icrasında uğurlar arzulamış, Naxçıvan Musiqi Kollecinin kollektivini yubiley münasibətilə bir daha təbrik etmişdir.
Sonra Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülən gənc istedadlara mükafatların təqdimatı olmuşdur.
Ali Məclisin Sədri fəxri adların döş nişanlarını və vəsiqələrini, adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüş Naxçıvan Musiqi Kollecinin tələbəsi Səkinə Quliyevaya və Culfa Şəhər Uşaq Musiqi Məktəbinin şagirdi Uğur Ramazanlıya mükafatları təqdim etmişdir.
Təltif olunanlardan Azərbaycan Dövlət Filarmoniyasının solisti Eytiram Hüseyinov “Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti” fəxri adına layiq görüldüyünə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, bu adı öz fəaliyyəti ilə doğruldacağını bildirmişdir.
Naxçıvan Musiqi Kollecinin direktoru Həsən Seyidov tədbirdə çıxış edərək demişdir ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil siyasəti muxtar respublikamızda uğurla davam etdirilir, informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunan müasir məktəb binaları tikilib istifadəyə verilir. Bu il Naxçıvan Musiqi Kollecinin binasının əsaslı şəkildə yenidən qurulması və kollecin 40 illik yubileyinin qeyd olunması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Bütün bunlar muxtar respublikada təhsilə, gənclərin hərtərəfli inkişafına göstərilən qayğının ifadəsidir. Kollecin tələbələri ölkəmizdə, o cümlədən muxtar respublikada keçirilən müsabiqələrdə uğurla çıxış edirlər. Hazırda kollecdə 11 ixtisas üzrə 562 tələbə təhsil alır. Onların təlim-tərbiyəsi ilə 156 müəllim və konsertmeyster məşğul olur. Həsən Seyidov göstərilən diqqət və qayğıya görə kollektiv adından minnətdarlıq etmiş, ixtisaslı musiqiçi kadrların hazırlanmasında fəaliyyətlərini daha da gücləndirəcəklərinə söz vermişdir.
Sonra Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələri maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti