09 Yanvar 2025, Cümə axşamı

Bu gün Naxçıvan Muxtar Respublikası yeni inkişaf dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyevin quruculuq xəttinin davam etdirilməsi sosial-iqtisadi inkişafı təmin etmiş, aparılan quruculuq işləri muxtar respublikanın simasını dəyişmişdir.
Bölgələrin tarazlı inkişafı, qurulan müasir infrastrukturlar kəndlə şəhər arasındakı fərqi aradan qaldırmışdır. İnsanların həyat şəraiti yüksəlmiş, məskunlaşma artmışdır. Bu tədbirlərin davamı olaraq Ordubad rayonunun Gilançay kəndində də geniş quruculuq işləri aparılmış, müasir sosial obyektlər inşa olunmuşdur.

Gilançay kənd yolu yenidən qurulmuşdur

Müasir yol infrastrukturu hər bir yaşayış məntəqəsinin inkişafında başlıca şərtdir. İqtisadiyyatın inkişafı, sakinlərin rahat gediş-gəlişinin təmin olunması abad yollardan başlanır. Bu gün muxtar respublikanın kəndlərində müasir sosial obyektlərlə yanaşı, həm də abad yollar istifadəyə verilir. Sakinlərin rahatlığına xidmət edən bu tədbirlər çərçivəsində Gilançay kənd avtomobil yolu da yenidən qurulmuşdur.

Noyabrın 23-də avtomobil yolunun açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, yolda aparılan yenidənqurma işləri ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, kənd yolu genişləndirilərək 1700 metrlik asfalt örtük salınmışdır. Yolun üzərində yol hərəkət nişanları qoyulmuş, 20 su keçidi və beton kanal tikilmişdir. Kənddaxili yollarda da sakinlərin rahat hərəkəti təmin olunmuşdur.

 Kənd məktəbi üçün yeni bina tikilmişdir

Noyabrın 23-də Gilançay kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Məktəbin direktoru Etibar Fərəcov çıxış edərək demişdir ki, təhsilin inkişaf etdirilməsi ölkəmizdə və muxtar respublikada insan amilinə verilən qiymətin ifadəsidir. Çünki bütün sahələrin inkişafı təhsildən, bu gün yetişən gənclikdən asılıdır. Gilançay kənd tam orta məktəbində də şagirdlərin yaxşı təhsil alması üçün hər cür şərait yaradılmışdır. Yaradılan şərait həm məktəb kollektivinin, həm də valideynlərin uzun illərdən bəri ürəklərində olan arzularının həyata keçməsi deməkdir. Etibar Fərəcov yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Bu gün Gilançay kəndi muxtar respublikanın abad yaşayış məntəqələrinin sırasına qoşulur. Kənddə yol, məktəb binası, kənd və xidmət mərkəzləri, feldşer-mama məntəqəsi tikilərək sakinlərin istifadəsinə verilir. Gilançay kəndində istifadəyə verilən yeni sosial obyektlər içərisində məktəb xüsusi yer tutur. Çünki məktəb tikintisi ölkənin gələcəyinə xidmət edir.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Məktəblərdə gənclər nə qədər yaxşı, hərtərəfli hazırlansalar, müstəqil Azərbaycanın gələcəyi də bir o qədər parlaq və müvəffəqiyyətli olacaqdır”, – fikrini xatırladaraq demişdir: Məktəbdə ölkənin gələcəyi hazırlanır. Ona görə də məktəblərdə hərtərəfli şərait yaradılmalı, müəllimlərə qayğı göstərilməlidir. Bu gün ölkəmizdə bu tədbirlər uğurla həyata keçirilir, müasir məktəb binaları tikilir, şagirdlər üçün hərtərəfli tədris şəraiti yaradılır, müəllim əməyinə yüksək qiymət verilir. Çünki gələcəyimizi hazırlayanlar müəllimlərdir. Məktəbin pedaqoji kollektivi yaradılan şəraitdən düzgün istifadə etməli, təhsilli, vətənpərvər və geniş dünyagörüşlü gənclər hazırlamalıdırlar. Hər bir gənc orta məktəbi bitirdikdən sonra mütləq bir peşə sahibi olmalıdır. Ümumtəhsil məktəblərində bu tədbirləri həyata keçirməklə ölkəmizin gələcəyi üçün yaxşı əsas yaratmış oluruq.
Qeyd olunmuşdur ki, Gilançay kənd tam orta məktəbinin nailiyyətləri vardır. Bu da onu deməyə əsas verir ki, məktəbdə müəllim-şagird münasibətləri düzgün qurulmuşdur. Ən əsası isə tələbkarlıq vardır. Ötən tədris ilində məktəbin məzunlarının ali məktəblərə qəbul olunması, onların arasında yüksək bal toplayanların olması məktəbdəki müəllim-şagird münasibətlərinin göstəricisidir.
Qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür edən Ali Məclisin Sədri Gilançay məktəbində bundan sonra da təhsilli və vətənpərvər gənclər yetişdiriləcəyinə əminliyini bildirmiş, məktəb binasının istifadəyə verilməsi münasibətilə müəllim və şagirdləri təbrik etmişdir.
Sonra Ali Məclisin Sədri Ordubad rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan şagirdlərə kompüter dəsti hədiyyə etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binasında 3-ü elektron lövhəli olmaqla, 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır. Məktəbin kompüter otağındakı kompüterlər internetə qoşulmuş, kitabxanada 2095 kitab şagirdlərin istifadəsinə verilmişdir.

Kimya-biologiya və fizika laboratoriyaları müasir əyani vasitələrlə təchiz edilmiş, fizika laboratoriyasında elektron lövhə quraşdırılmışdır. Şagirdlər laboratoriyaların imkanlarından istifadə edərək dərsləri dərindən mənimsəyəcək, bilik və təcrübələrini artıracaqlar.
Qeyd olunmuşdur ki, bu il Naxçıvan şəhərində keçirilən təhsil yarmarkasında fiziki tərbiyə, biologiya, informatika və ibtidai sinif fənləri üzrə 4 müəllim Gilançay kənd tam orta məktəbinə təyinat almışdır.
Muxtar respublikada məktəb-muzey əlaqələrinin genişləndirilməsi tədbirləri çərçivəsində distant tədrisin təşkili mühüm yer tutur. Məktəb kollektivləri tədris şəbəkəsinə qoşularaq muzeylərə virtual səyahət edir, şagirdlərə ətraflı məlumat verilir.
Məktəbin elektron lövhəli sinfində Dövlət Bayrağı Muzeyi ilə muxtar respublikanın 205 ümumtəhsil məktəbi arasında keçirilən virtual dərs izlənilmişdir.
Məktəbdə idman dərslərinin təşkilinə də ciddi diqqət yetirilir. Geniş idman zalı və məktəbin həyətində quraşdırılan açıq idman qurğuları gənclərin müxtəlif idman növləri ilə məşğul olmalarına imkan verəcəkdir.
Hərbi kabinəyə baxış zamanı gənclərin hərb sənətinə marağının artırılması və onların hərbi-vətənpərvərlik tərbiyəsinin təşkili ilə bağlı tapşırıqlar verilmişdir.
Müəllimlərlə görüşən Ali Məclisin Sədri demişdir ki, məktəbdə şagirdlərə yaxşı təhsil verilməsi üçün bütün şərait yaradılıb. Tədris şəraitinin yaxşılaşdırılması ilə yanaşı, müvafiq ixtisaslar üzrə müəllimlərin olması da dərslərin keyfiyyətli tədrisinə imkan verəcəkdir. Bu işdə müəllim tə­ləbkarlığı və şagird çalışqanlığı əsas götürül­məlidir. Müəllim və şagirdlərin qarşılıqlı səyləri nəticəsində nailiyyətlər daha da artırılmalıdır.
Müəllimlərdən Fazil Həsənov yaradılan şəraitə görə minnətdarlıq edərək demişdir ki, bu gün Azərbaycan gəncliyinin qarşısında yaxşı təhsil almaq və əsl vətəndaş kimi böyümək, müəllim kollektivinin qarşısında isə gənclərin hərtərəfli yetişməsi və vətənpərvər ruhda tərbiyə olunması kimi mühüm bir vəzifə durur. Pedaqoji kollektiv üzərinə düşən bu vəzifələri dərindən dərk edir, məktəbdə təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində səylə çalışır.
Məktəbin həyətində də geniş abad­­­­­­lıq işləri görülmüş, ətrafda meyvə bağı salınmışdır.

Kənddə dövlət qurumları üçün müasir iş şəraiti yaradılmışdır

Noyabrın 23-də Gilançayda kənd mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzinin açılışını etmiş, binada yaradılan şəraitlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, kənd mərkəzində rabitə evi, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi və 50 yerlik iclas zalı vardır. Baytarlıq məntəqəsi üçün ayrılan otaqlarda dərman vasitələri və soyuducu qoyulmuşdur. Birinci mərtəbədə yerləşən kənd kitab­xanasının fondunda 4500-ə yaxın kitab vardır.
Ali Məclisin Sədri kitabxanaya oxucu cəlbinin vacibliyini qeyd etmiş, görkəmli alim və ədiblərin yaradıcılığı ilə bağlı müxtəlif tədbirlərin keçirilməsini tapşırmışdır.
Rabitə evində 384 nömrə tutumlu ATS quraşdırılmış, poçt şöbəsi istifadəyə verilmişdir. Kəndə fiber-optik kabel xəttinin çəkilməsi sürətli internetə çıxış imkanı yaradıb. Poçt şöbəsində elektron ödəmələrin aparılması və bank xidmətinin göstərilməsi təmin edilmişdir.
Binada feldşer-mama məntəqəsi üçün 3 iş otağı ayrılmışdır. Məntəqə dərman preparatları, ilkin tibbi yardım və peyvənd çantaları ilə təmin olunmuşdur.
Ali Məclisin Sədri yaradılan şəraitdən istifadə edərək insanlara lazımi tibbi xidmət göstərilməsinin vacibliyini vurğulamış, bununla bağlı müvafiq tapşırıqlar vermişdir.
Binada fərdi qazanxana quraşdırılmış, həyətdə abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.

Xidmət mərkəzi istifadəyə verilmişdir

Gilançay kəndində aparılan kompleks quruculuq işləri məişət və ticarət xidmətlərinin də günün tələbinə uyğun təşkilini təmin etmişdir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gilançay kəndində xidmət mərkəzinin açılışını etmişdir.
Xidmət mərkəzində bərbərxana və ərzaq-sənaye malları mağazası fəaliyyət göstərir. Mağazada ərzaq məhsullarının, gündəlik tələbat və təsərrüfat mallarının satışı təşkil olunmuş, 2 nəfər işlə təmin edilmişdir.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüş olmuşdur.
Ali Məclisin Sədri demişdir ki, Gilançay kəndində görülən işlər dövlətimizin vətəndaşlarına göstərdiyi qayğının nümunəsidir. Kənd və şəhər olmasından asılı olmayaraq, hər bir yaşayış məntəqəsində, ilk növbədə, insanların rahat yaşaması üçün şərait yaradılmalıdır. Muxtar respublikanın kəndlərində görülən işlər bu məqsədə xidmət edir. Kənd­lərdə geniş quruculuq işləri aparılmaqla yanaşı, yeni texnologiyalar da tətbiq olunur, sürətli internetdən istifadə imkanları yaradılır, elektron ödəmələr aparılır, əhaliyə müasir poçt xidməti göstərilir. Bütün bunlar da kəndlə şəhər arasındakı fərqin azalmasına xidmət edir. Gilançay kəndində də bu tədbirlər görülmüş, daimi qaz, elektrik və su təchizatı yaradılmış, kənd yolları abadlaşdırılmışdır. Həyata keçirilən tədbirlər sakinlərin rahat yaşamasına, kənddə məskunlaşmanın artmasına imkan verəcəkdir.
Kənd sakini Habil Hacıyev minnətdarlıq edərək demişdir ki, ulu öndərimiz Heydər Əliyevin yolunun davam etdirilməsi şəhər və kəndlərimizi abadlığa, tərəqqiyə qovuşdurub. Ölkəmiz günbəgün güclənir. Ordubad rayonunda da bu işlər uğurla həyata keçirilir, rayonun kəndlərində hər cür şərait yaradılır. Vaxtilə Gilançay kəndinə gəlmək, burada yaşamaq çox çətin idi. Lakin bu gün hər sahədə dövlət qayğımıza qalır, rahat yaşayırıq, təsərrüfatla məşğul oluruq. İnsanı yaşadan göstərilən diqqət və qayğıdır. Bu gün kənddə müasir sosial obyektlərin istifadəyə verilməsi sakinlər üçün əvəzsiz hədiyyədir. Kəndimizdə qaz da, elektrik də, rabitə xidməti də daimidir. Yollarımız abaddır. Sakinlər öz yurd-yuvasına möhkəm bağlanıb. Çünki yaşayış üçün bütün şərait var. Artıq uşaqlarımız rahat məktəblərdə oxuyacaq, insanlarımıza müasir binalarda xidmət göstəriləcəkdir. Biz sakinlər ölkəmizin, doğma Naxçıvanımızın bu inkişaf yolunu dəstəkləyirik.

* * *

Kənddə aparılan abadlıq-quruculuq tədbirləri çərçivəsində 350 metr fiber-optik, 1225 metr rabitə və 500 metr yeni elektrik xətləri çəkilmişdir. Kəndin təbii qaz təchizatı da yaxşılaşdırılmış, 827 metr qaz xətti çəkilmişdir.

Gülüstan türbəsi bərpa olunur 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” 2015-ci il 7 oktyabr tarixli Sərəncamına uyğun olaraq, Culfa rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən dünya əhəmiyyətli Gülüstan türbəsində bərpa işləri aparılır.
Noyabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gülüstan türbəsində bərpa işlərinin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, on ikinci əsr Azərbaycan xatirə memarlığının ən dəyərli nümunələrindən olan və qülləvari türbələr qrupuna daxil edilən abidə sərdabə, gövdə və üst piramidal örtükdən ibarətdir. Abidənin sərdabəsi yerüstü hissədə yerləşir. Türbənin səthi oyma həndəsi ornamentlərlə və dekorativ tağlarla çərçivələnmişdir.
Türbədə bərpa işlərinin elmi əsaslarla aparılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşlarından ibarət “Gülüstan türbəsi” tədqiqat qrupu yaradılmışdır. Hazırda bərpa işləri elmi əsaslarla aparılır, Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarı olan abidənin tarixi görkəmi olduğu kimi qorunub saxlanılır. Bu günədək türbənin fasadı və üst örtüyü bərpa olunmuşdur.
Ali Məclisin Sədri Gülüstan türbəsində bərpa işlərinin davam etdirilməsi, abidənin ətrafının abadlaşdırılması və ziyarətçilər üçün şəraitin yaradılması barədə tapşırıqlar vermişdir.

 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR