Muxtar respublikada iqtisadiyyatın əsas qolu olan sənayenin inkişafı diqqət mərkəzindədir. Həyata keçirilən tədbirlər və mövcud şərait bu sahə üzrə sahibkarlığın inkişafına, iri sənaye komplekslərinin və istehsal sahələrinin yaranmasına imkan verir. Bütün bunlar isə daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə və ixrac potensialının artmasına şərait yaradır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Kəngərli rayonunda yeni sənaye kompleksi inşa olunmuşdur.
Noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sənaye kompleksində görülən işlərlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, 10 hektar ərazidə inşa olunan kompleksdə son tamamlama işləri görülür. Burada əhəng, gips, məsaməli beton və alçıpan örtüklər zavodu fəaliyyət göstərəcəkdir. Ərazidə tikinti işləri başa çatdırılmış, zavodlarda müasir avadanlıqlar quraşdırılmış, istehsal prosesinin avtomatik idarəetmə sistemi yaradılmışdır. Kompleks istifadəyə verildikdən sonra muxtar respublikada müvafiq tikinti materiallarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin olunacaqdır. Yerli xammal əsasında işləyəcək zavodlarda ildə 2 milyon kvadratmetr alçıpan, 40 min ton gips, 150 min kubmetr məsaməli beton və 30 min ton əhəng istehsal olunması nəzərdə tutulur. Bu da daxili tələbatın ödənilməsi ilə yanaşı, yerli inşaat materiallarının ixracına da imkan verəcəkdir.
Sənaye kompleksinin ərazisində laboratoriya və inzibati bina da inşa olunur. Həmçinin ərazidə işçilərin rahatlığı və təhlükəsizliyi nəzərə alınacaq, video-nəzarət sistemi quraşdırılacaqdır.
Ali Məclisin Sədri kompleksdə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti