Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanovu qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında bu il artıq ilk buraxılışın olmasının və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ölkəmizdə fəaliyyətə başlamasının önəmini qeyd edib. Dövlətimizin başçısı təhsil sahəsində əməkdaşlığımızın digər formalarının müəyyənləşdirilməsinin zəruriliyini də qeyd edib.
Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanov ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi işinə xüsusi diqqət göstərdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AZƏRTAC