Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Böyük İyirmiliyin” (G-20) Antalya Sammiti çərçivəsində keçirilən işçi lançda çıxış edib.
Dövlətimizin başçısı çıxışında Azərbaycan ilə Türkiyə arasında yüksək səviyyəli əlaqələrin inkişaf etdiyini vurğulayaraq, Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olduğunu xatırladıb. Ölkələrimiz arasında energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirən Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyənin birgə reallaşdırdıqları mühüm energetika və digər layihələrin yalnız regionda deyil, dünya miqyasında da böyük əhəmiyyətə malik olduğunu deyib. Bu baxımdan “Cənub” qaz dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində önəmini vurğulayaraq, həmin layihənin həyata keçirilməsində əlaqələndirmənin gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
“Böyük İyirmiliyin” Sammiti çərçivəsində Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Barak Obama, Rusiya Prezidenti Vladimir Putin, Böyük Britaniyanın Baş naziri Devid Kemeron, Almaniya Kansleri Angela Merkel, İtaliyanın Baş naziri Matteo Renzi, Malayziyanın Baş naziri Nacib Rezak, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə ikitərəfli münasibətlərin inkişafına dair qısa söhbətləri olub.
AZƏRTAC