09 Yanvar 2025, Cümə axşamı

Muxtar respublikada yol-nəqliyyat infra­strukturunun yenidən qurulması, müasir xidmət imkanlarına malik avtovağzalların, iritutumlu və rahat avtobusların istifadəyə verilməsi daxili və beynəlxalq sərnişindaşıma xidmətinin səviyyəsini artırmışdır.
Bu tədbirlərin davamı olaraq noyabrın 14-də Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə beynəlxalq sərnişindaşımaların həyata keçirilməsi üçün 2 ədəd “MAN Neoplan” markalı iritutumlu avtobus təqdim olunmuşdur.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Seyidov çıxış edərək demişdir ki, muxtar respublikada nəqliyyat sisteminin hərtərəfli inkişafı təmin edilmişdir. Son illər 51 ədəd müasir avtobusun alınaraq həm daxili, həm də beynəlxalq marşrutlarda istifadəyə verilməsi sərnişinlərin rahatlığını təmin etmiş, onlara göstərilən xidmətin səviyyəsi artmışdır. Alınan yeni avtobuslar da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Mirsənani Seyidov göstərilən diqqətə görə muxtar respublika nəqliyyatçıları adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Hər bir ölkədə daxili və beynəlxalq sərnişindaşıma xidməti mövcuddur. Bu gün muxtar respublikada daxili sərnişindaşıma xidməti müasir tələblər səviyyəsində qurulmuşdur. Beynəlxalq sərnişindaşıma sahəsində də xidmətin səviyyəsinin yüksəldilməsi diqqət mərkəzindədir. Vaxtilə bu sahədə xidmətin təşkili üçün Almaniya istehsalı olan müasir avtobuslar alınmışdı. Bu gün isə Türkiyə istehsalı olan yeni avtobuslar muxtar respublikada beynəlxalq sərnişindaşımanın həyata keçirilməsi üçün istifadəyə verilir.
Qeyd olunmuşdur ki, beynəlxalq sərnişindaşımanın artması ölkə daxilində turizmin və kiçikhəcmli ticarətin inkişafına təkan verir. Turizmin və kiçikhəcmli ticarətin inkişafı isə ölkənin iqtisadi imkanlarını artırır. Bu gün dünyanın müxtəlif ölkələrində bu məqsədlə aksiyalar keçirilir, hava nəqliyyatında qiymətlər endirilir, yeni avtobus marşrutları açılır, xidmətin səviyyəsi yüksəldilir. Çünki bu tədbirlər ölkəyə turist cəlbi və kiçik ticarətin inkişafında mühüm amildir.
Ali Məclisin Sədri demişdir: Muxtar respublikaya alınıb gətirilən yeni avtobuslar sərnişinlərin rahatlığının təmin olunması ilə yanaşı, həm də yeni iş yerlərinin açılmasına, beynəlxalq marşrutların sayının artmasına imkan verəcəkdir. Ona görə də avtobuslardan səmərəli istifadə olunmalı, sərnişinlərə nümunəvi xidmət göstərilməli, gələcəkdə yeni avtobuslar alınmalı və bunun da nəticəsində muxtar respublikanın beynəlxalq sərnişindaşımada payı artırılmalıdır.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetiriləcəyinə əminliyini bildirmiş, yeni avtobusların açarlarını sürücülərə təqdim etmiş və onlara işlərində uğurlar arzulamışdır.
Avtobuslara baxış zamanı məlumat verilmişdir ki, “Euro-4” standartlarına cavab verən hər iki avtobus müasir dizaynı, üstün texnoloji təchizatı və rahatlığı ilə seçilir. Hərəkətli oturacaqlarla təmin olunan 44 və 48 yerlik avtobusların geniş salonu və yük yeri vardır. Avtomatik sürət qutusuna malik olan və qənaətcilliyi ilə seçilən avtobuslar kondisioner, GPS və simsiz internet şəbəkəsi ilə təchiz edilmiş, kamera-nəzarət sistemi və 3 televizor quraşdırılmış, soyuducu qoyulmuşdur. Qapılar açılarkən sürücü kabinəsindəki monitor vasitəsilə avtobusa minən və düşən sərnişinləri izləmək mümkündür.
Yeni avtobuslardan Naxçıvan-Bakı-Naxçıvan və gələcəkdə açılması nəzərdə tutulan Naxçıvan-Batumi-Naxçıvan marşrutları üzrə istifadə olunacaqdır.
Ali Məclisin Sədri muxtar respublikada beynəlxalq sərnişindaşıma sahəsində tədbirlərin davam etdirilməsi və yeni marşrutların açılması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR