Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehini qəbul edib.
BMT ilə uğurlu əməkdaşlığa görə dövlətimizin başçısına minnətdarlığını bildirən Babatunde Osotimehin əlaqələrimizin inkişaf etdirilməsinə Azərbaycan hökuməti tərəfindən yaradılan şəraitdən məmnunluğunu ifadə edib.
Dövlətimizin başçısı Azərbaycanın müstəqilliyini bərpa etməsindən ötən müddət ərzində sosial siyasətin həmişə prioritet məsələlərdən biri olduğunu və əsas diqqətin ölkənin ehtiyaclarının ödənilməsinə yönəldiyini qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda insanların gündəlik həyatına mənfi təsir göstərmədən iqtisadi islahatlar həyata keçirilməklə sosial proqramlar da paralel olaraq icra edilib və nəticədə iqtisadiyyat gücləndikcə insanların həyat şəraiti də yaxşılaşmağa başlayıb.
Sonra Babatunde Osotimehin BMT-nin 1994-cü ildə Qahirədə keçirilən əhali və inkişaf üzrə beynəlxalq konfransından irəli gələn məsələlərin reallaşdırılmasında siyasi iradə, yorulmaz fəaliyyət və böyük səylər göstərdiyinə, eləcə də Davamlı İnkişaf Proqramının Azərbaycanda dəstəklənməsi, o cümlədən qadınların və gənclərin sağlam həyat şəraiti imkanlarının genişləndirilməsi istiqamətindəki xidmətlərinə görə BMT-nin Əhali Fondu adından mükafatı Prezident İlham Əliyevə təqdim edib.
AZƏRTAC