Müstəqil Azərbaycanın sürətli inkişafı muxtar respublikanın hər bir bölgəsində aydın hiss olunur. Yaşayış məntəqələrində müasir təhsil, səhiyyə, mədəniyyət müəssisələri, inzibati binalar tikilib istifadəyə verilir, yollar yenidən qurulur, yeni iş yerləri açılır.
Əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edən bu tədbirlər Culfa rayonunda da uğurla davam etdirilir. Bu il rayonun Qızılca kəndində geniş tikinti-quruculuq işləri aparılmışdır.
Qızılca kənd avtomobil yolu yenidən qurulmuşdur
Muxtar respublikada yol infrastrukturunun müasirləşdirilməsi tədbirləri Qızılca kəndini də əhatə etmişdir.
Noyabrın 10-da Qızılca kənd avtomobil yolunun açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, yolda aparılan yenidənqurma işləri ilə maraqlanmışdır.
Bildirilmişdir ki, 2,4 kilometrlik yol genişləndirilərək asfalt örtük salınmış, avtomobillərin rahat hərəkəti təmin edilmişdir. Yenidənqurma işləri zamanı yolun üzərində 12 su keçidi və beton kanal tikilmiş, kənddaxili yollar abadlaşdırılmışdır.
Qızılca kənd tam orta məktəbinin binası müasir tələblərə cavab verir
Noyabrın 10-da Qızılca kənd tam orta məktəbinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Məktəbin direktoru Namiq Nəsirov çıxış edərək demişdir ki, Qızılca kəndində aparılan abadlıq-quruculuq tədbirləri kənd həyatının bütün sahələrinin, o cümlədən təhsilin də inkişafını təmin etmişdir. Məktəbdə tədrisin müasir tələblərə uyğun qurulması üçün bütün tədbirlər görülmüşdür. Bu da pedaqoji kollektivin məsuliyyətini artırır. Müəllimlər yaradılan şəraitdən istifadə edərək kənddə təhsilin səviyyəsini yüksəldəcək, ölkəmizə, xalqımıza layiq vətəndaşlar yetişdirəcəklər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qızılca kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Hər bir ölkənin aparıcı qüvvəsi onun yüksək biliyə, yüksək ixtisasa malik olan insanlarıdır”, – fikrini xatırladaraq demişdir: Ulu öndərimizin bu tövsiyələrinə uyğun olaraq, ölkəmizdə təhsilin bütün pillələri üzrə hərtərəfli tədris şəraiti yaradılmışdır. Təhsilə göstərilən qayğının nəticəsidir ki, ölkəmizdə orta ümumtəhsil, peşə, orta ixtisas və ali təhsil pillələri üzrə kadr hazırlığı həyata keçirilir. İstər ölkəmizdə, istərsə də xaricdə təhsil alan gənclərimiz ixtisaslı kadr kimi yetişərək müxtəlif sahələrdə çalışırlar. Bu da ölkəmizin möhkəmlənməsinə, gələcək inkişafına xidmət edir.
Ali Məclisin Sədri demişdir: Məktəbin qarşısında duran əsas vəzifə yaxşı bilik vermək, gənclərin marağını nəzərə alaraq müəyyən bir peşəyə istiqamətləndirmək və gələcəyin əsl vətəndaşını yetişdirməkdən ibarətdir. Hər bir məktəbin fəaliyyəti onun yetişdirdiyi təhsilli və vətənpərvər gənclərlə ölçülür. Əgər məktəbdə təhsil alan gənc vətənpərvərdirsə, bir peşəyə meyillidirsə və öz gələcəyini, ölkəsinin gələcəyini düşünürsə, deməli, o məktəbin fəaliyyəti hədər getməmiş, məktəbdə təlim-tədris və tərbiyə işi düzgün qurulmuşdur. Qızılca kənd tam orta məktəbinin nailiyyətləri onu deməyə əsas verir ki, məktəbdə tələbkarlıq və nizam-intizam vardır. Bu prinsip davam etdirilməli, nailiyyətlər daha da artırılmalıdır.
Ali Məclisin Sədri Qızılca kənd tam orta məktəbində bundan sonra da təhsilli, vətənpərvər gənclər yetişdiriləcəyinə əminliyini bildirmiş, qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür etmiş, onlara tədrisdə uğurlar arzulamışdır.
Məktəblə tanışlıq zamanı məlumat verilmişdir ki, 3 mərtəbəli binada 12 sinif otağı, o cümlədən 3 elektron lövhəli sinif, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır. Qızılca kənd tam orta məktəbində 11 kompüter dəsti quraşdırılmış və internetə qoşulmuşdur.
Məktəbin kitabxana fondunda 2700-dən artıq kitab vardır. Burada bütün fənlərə aid dərsliklər və elmi ədəbiyyatlar qoyulmuşdur. Həmçinin şagirdlərin istifadəsinə 2150 ədəd bədii ədəbiyyat verilmişdir.
Muxtar respublikada ümumtəhsil məktəblərinin informasiya texnologiyaları ilə təminatı, təhsilin informasiyalaşdırılması, xüsusilə yaşayış məntəqələrində sürətli internetə çıxış imkanlarının yaradılması distant tədrisin tətbiqinə, təhsilin internet üzərindən təşkilinə şərait yaradır. Artıq məktəblərdə quraşdırılan elektron lövhələr ümumtəhsil məktəbləri arasında, eləcə də məktəblərlə muzeylər arasında interaktiv əlaqələrin qurulmasına imkan verir.
Elektron lövhəli sinifdə muxtar respublikanın 200 ümumtəhsil məktəbi ilə Cəlil Məmmədquluzadənin ev-muzeyi arasında distant dərs keçirilmişdir.
Ali Məclisin Sədri demişdir ki, ölkəsinin tarixini, mədəniyyətini, milli dəyərlərini, adət-ənənələrini bilməyən, görkəmli şəxsiyyətlərini tanımayan gənclər vətənpərvər kimi böyüyə bilməzlər. Ümumtəhsil məktəbləri ilə muzeylər arasında yaradılan əlaqə məhz bu mühüm vəzifənin həyata keçirilməsinə xidmət edir. Ona görə də muzeylərlə əlaqələrin qurulması və distant dərslərin təşkili bundan sonra da davam etdirilməlidir.
Məktəb yaşlarından idmanla məşğul olmaq uşaqların fiziki inkişafını gücləndirir, onlarda idmana maraq oyadır. Bu da idmanın kütləviliyinin təmin olunması və gənclərin sağlam böyüməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qızılca kənd tam orta məktəbinin geniş idman zalı fiziki tərbiyə dərslərinin səmərəli keçirilməsinə şərait yaradır.
Hərbi vətənpərvərlik tərbiyəsi gənclərin əsl vətəndaş kimi formalaşmasında mühüm amildir. Məktəblərdə hərbi kabinələrin qurulması bu sahədə həyata keçirilən tədbirlərin intensivliyini təmin edir. Qızılca kənd tam orta məktəbindəki hərbi kabinə hərb elminə aid ilkin nəzəri vasitələrlə təchiz olunmuşdur.
Baxış zamanı məlumat verilmişdir ki, məktəbdə şagirdlər hərb elminə böyük maraq göstərirlər. Hər il məktəbin şagirdlərindən Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunurlar. Müasir hərbi kabinə ilkin hərbi hazırlıq fənninin daha səmərəli tədrisinə və gənclərin hərb elminə marağının artırılmasına imkan verəcəkdir.
Müəllimlərlə görüşən Ali Məclisin Sədri demişdir: Təhsilli, vətənpərvər gənc yetişdirmək çətin və məsuliyyətli işdir. Bu işi düzgün qurmadan cəmiyyətin inkişafını təmin etmək mümkün deyil. İnsan o zaman cəmiyyətin qiymətli üzvü hesab olunur ki, o, öz bilik və bacarığı ilə ölkəsinə xeyir versin. Təhsilli, vətənpərvər və peşə sahibi olan gənclərin sayı nə qədər çox olarsa, ölkənin, cəmiyyətin inkişaf və tərəqqisi də bir o qədər çoxşaxəli və davamlı olar. Bu mənada hər bir müəllimin dövləti və xalqı qarşısındakı xidməti onun yetişdirdiyi gəncin gələcək fəaliyyəti ilə ölçülür. Çünki məktəbdə gənclərin əsl vətəndaş kimi hazırlanması müəllimlərin fəaliyyətindən və yaradılan şəraitdən asılıdır. Qızılca kənd tam orta məktəbində pedaqoji kollektivin səmərəli fəaliyyəti üçün bütün imkanlar yaradılmışdır. Məktəbin lazımi tədris vasitələri ilə təminatı imkan verir ki, nailiyyətlər daha da artırılsın. Pedaqoji kollektiv yaradılan şəraitin qarşılığını verməli, gənclər vətənpərvər və peşə sahibi kimi yetişdirilməlidirlər.
Müəllim Müşərrəf Əhmədova kollektiv adından minnətdarlıq edərək demişdir: Bu cür müasir məktəb binasının tikilib istifadəyə verilməsi, göstərilən diqqət və qayğı müəllimləri öz işinə daha da ruhlandırır. Gənc müəllim kimi əmin edirəm ki, yaradılan şəraitdən səmərəli istifadə edərək göstərilən etimadı doğruldacaq, bilikli, vətənpərvər, ölkəmizə və dövlətçiliyimizə sədaqətli gənclər yetişdirəcəyik.
Məktəbin həyətində də geniş abadlıq işləri görülmüşdür.
Qızılca Kənd Mərkəzi istifadəyə verilmişdir
Muxtar respublikanın kəndlərində vahid mərkəzdən idarəetmə mexanizmi formalaşdırılır. Son illər tikilən müasir kənd mərkəzləri bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Noyabrın 10-da Qızılca Kənd Mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını etmiş və yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, 2 mərtəbədən ibarət olan binada rabitə evi, feldşer-mama, baytarlıq və polis sahə məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi və 40 yerlik iclas zalı vardır.
Mərkəzdə zəngin fonda malik kitabxana sakinlərin istifadəsinə verilmişdir. Hazırda kitabxanada 8 minə yaxın ədəbiyyat vardır. Burada elmi və bədii ədəbiyyatlar qoyulmuş, kitab müzakirələrinin və digər tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılmışdır.
Baytarlıq kənd təsərrüfatının mühüm sahəsidir. Sağlam və keyfiyyətli heyvandarlıq məhsullarının istehsalı üçün epizootik və profilaktik tədbirlərin həyata keçirilməsi vacib şərtdir. Buna görə də muxtar respublikanın kəndlərində baytarlıq xidmətinin təşkilinə diqqət artırılır. Binadakı baytarlıq məntəqəsi də Qızılca kəndində bu sahədə görülən tədbirlərin miqyasını xeyli genişləndirəcəkdir.
Yeni Azərbaycan Partiyası Qızılca kənd ərazi ilk təşkilatının 70 üzvü vardır. Hazırda partiya üzvlərindən 24-ü gənc, 32-si isə qadınlardır.
Yeni Azərbaycan Partiyası Qızılca kənd ərazi ilk təşkilatının sədri Rauf Hüseynov minnətdarlıq edərək demişdir: Bu gün Qızılca kəndinin tarixinə yeni bir səhifə yazıldı. Aparılan quruculuq işləri, tikilən yeni binalar, çəkilən müasir yol insanların rahat yaşayışına hesablanmış tədbirlərdir. Bu işlər ona görə mümkün olur ki, ölkəmizdə ümummilli lider Heydər Əliyevin siyasi xətti uğurla davam etdirilir. Kəndin abadlaşması qarşımızda mühüm vəzifələr qoyur. Bundan sonra da ulu öndərin ideyalarının layiqincə yerinə yetirilməsi sahəsində səylə çalışacağıq.
Rabitə evində quraşdırılan 384 yerlik ATS keyfiyyətli rabitə xidmətinin göstərilməsinə və sürətli internetdən istifadəyə imkan verir. Burada yeni poçt bölməsi də yaradılmış, dövri mətbuatın, internet və danışıq kartlarının satışı təşkil olunmuş, POS-terminal qoyulmuşdur.
Qızılca Kənd Mərkəzindəki feldşer-mama məntəqəsində müdir, mama və manipulyasiya otaqları vardır. Məntəqədə soyuducu, ilkin tibbi yardım çantası və digər avadanlıqlar qoyulmuş, səhiyyə xidməti təşkil edilmişdir.
Ali Məclisin Sədri insanların sağlamlığının qorunması və tibbi-profilaktik tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar vermişdir.
Kənd mərkəzinin ətrafı da abadlaşdırılmış, gülkarlıqlar salınmışdır.
Kənddə xidmət mərkəzi istifadəyə verilmişdir
Qızılcada əhalinin rahatlığının təmin olunması istiqamətində kompleks tədbirlər görülmüş, yeni xidmət mərkəzi tikilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzinin də açılışını etmişdir.
Məlumat verilmişdir ki, xidmət mərkəzində mağaza və bərbərxana fəaliyyət göstərir. Mağazada ərzaq və sənaye mallarının, xüsusən də yerli istehsal məhsullarının satışı həyata keçirilir. Mərkəzdə 2 nəfər işlə təmin olunmuşdur.
* * *
Kənddə aparılan quruculuq işləri zamanı 2138 metrlik fiber-optik kabel, 1650 metr rabitə, 2200 metr yeni elektrik xətti çəkilmişdir. Kəndin qaz və su təchizatı da yaxşılaşdırılmış, yeni tikililərə 517 metrlik qaz xətti çəkilmiş, 850 metr qaz xəttinin yeri dəyişdirilmiş, 2 supaylayıcı qoyulmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti