Xalqın əmin-amanlıqda yaşaması, torpaqların etibarlı müdafiə olunması üçün güclü ordunun olması vacib şərtdir. Bu gün müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu vardır. Silahlı Qüvvələrimizin maddi-texniki təminatı ilbəil təkmilləşdirilir, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılır. Dövlətin diqqət və qayğısını daim öz üzərində hiss edən əsgər və zabitlər sərhədlərimizin keşiyində ayıq-sayıq dayanırlar.
Son illər muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Təmas xətti boyu mövqelərini gücləndirən Əlahiddə Ümumqoşun Ordunun ucqar və çətin dağlıq şəraitində yerləşən hissə və bölmələrində möhkəm müdafiə potensialı yaradılmışdır. Uca dağ silsilələrinin əhatəsində yerləşən Soyuq bölgəsi də muxtar respublikanın əsas müdafiə istehkamına və alınmaz qalasına çevrilmişdir.
Noyabrın 5-də Soyuq bölgəsində yerləşən hərbi hissə üçün yeni əsgəri yaşayış kompleksi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Soyuq bölgəsinə gəlmiş, əsgəri yaşayış kompleksinin açılışında iştirak etmişdir.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport vermişdir.
Ali Məclisin Sədri əsgərləri salamlamışdır.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək demişdir ki, bu gün Naxçıvanın etibarlı və dayanıqlı müdafiəsi üçün bütün zəruri tədbirlər görülür. Sərhədlərimizin toxunulmazlığını, torpaqlarımızın müdafiəsini təşkil edən qoşun birləşmələri müasir silah və texnikalarla təchiz edilmişdir. Bu gün artıq Əlahiddə Ümumqoşun Ordu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından düşmənə göz dağıdır. Muxtar respublika ərazisindəki digər hərbi obyektlər kimi ucqar dağ silsiləsində yerləşən Soyuq bölgəsində də əsgər və zabitlərin məişət şəraiti yaxşılaşdırılmışdır. Çətin dağlıq şəraitində müasir əsgəri yaşayış kompleksinin istifadəyə verilməsi xalq-ordu birliyinin, əsgər və zabitlərə göstərilən qayğının daha bir ifadəsidir. Kərəm Mustafayev yaradılan şəraitə görə şəxsi heyət adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Soyuq bölgəsində əsgəri yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə şəxsi heyəti təbrik edərək demişdir: Bu gün ölkəmizdə bütün sahələr inkişaf etdirilir. Ordu quruculuğu sahəsində görülən işlər isə bu tədbirlər sırasında mühüm yer tutur. Çünki güclü və qüdrətli ordu ölkəmizin gələcəyinə xidmət edir. Bu gün dəniz səviyyəsindən 3 min metr yüksəklikdə yerləşən Soyuq bölgəsində xidmət keçən əsgər və zabitlərimiz vətən torpağımızı, sərhədlərimizi etibarlı qoruyurlar. Ona görə ki, sərhədlərin etibarlı müdafiəsi vətənin qorunması, sərhəddə sabitlik ölkədə sabitlik deməkdir. Sabitlik isə hər bir ölkədə inkişafın əsasını təşkil edir.
Ali Məclisin Sədri demişdir: Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil ordu quruculuğu strategiyası bu gün ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Nəticədə, ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər ardıcıl xarakter almışdır. Hər il yeni əsgəri yaşayış kompleksləri istifadəyə verilir, Silahlı Qüvvələrimiz ən müasir silah-sursatla təmin olunur, Azərbaycan ordusunun döyüş qabiliyyəti artırılır. Bu gün ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər dövlət müstəqilliyimizin qorunması ilə yanaşı, həm də işğal altındakı torpaqlarımızın azad edilməsinə xidmət edir. Artıq muxtar respublikada yerləşən ordu, hərbi hissə və birləşmələr sərhədlərimizi etibarlı qorumaqla yanaşı, həm də işğal altındakı torpaqlarımızı azad etməyə qadirdilər.
Qeyd olunmuşdur ki, muxtar respublikada ordu quruculuğu uzun yol keçmişdir. Ümummilli liderimiz Heydər Əliyev 1991-ci il sentyabrın 7-də muxtar respublikanın müdafiəsinin təşkili ilə bağlı qərar qəbul etmiş, mövcud hərbi dəstə və hissələrə vahid rəhbərliyi həyata keçirən Müdafiə Komitəsi yaradılmışdı. 1992-ci ildə isə muxtar respublika ərazisində əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmişdir. Sonra briqada inkişaf edərək ordu korpusuna çevrilmiş və bunun da əsasında bölgədə güclü ordu olan Əlahiddə Ümumqoşun Ordu yaradılmışdır. Bu gün qarşı tərəf də bilir ki, Əlahiddə Ümumqoşun Ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin əsgər və zabitlər qarşısında mühüm vəzifələr qoyduğunu bildirən Ali Məclisin Sədri demişdir: Göstərilən bu qayğı və diqqət əsgər və zabitlərin üzərinə mühüm vəzifələr qoyur. Şəxsi heyət xidməti nümunəvi təşkil etməli, müasir silah və texnikalardan istifadə qaydalarını öyrənməli, nizam-intizama əməl olunmalı, əsgər və zabitlərin döyüş qabiliyyəti daim artırılmalıdır.
Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırmış, xidməti fəaliyyətlərində fərqləndiklərinə görə şəxsi heyətə təşəkkür elan etmişdir.
Hərbi hissənin zabiti Çingiz Hüseynov minnətdarlıq edərək demişdir ki, muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər istər hakim yüksəkliklərdə, istərsə də daimi yaşayış məntəqələrinə yaxın ərazilərdə eyni səviyyədə aparılır. Müasir yaşayış və xidmət şəraiti hər bir əsgər və zabitin döyüş ruhunu daha da artırır. Bu gün düşmənlə üzbəüz, ucqar dağlıq şəraitdə müasir şəraitin yaradılması bunu bir daha təsdiq edir. Şəxsi heyət bu qayğı qarşısında daha da ruhlanır. Torpaqlarımız ayıq-sayıq müdafiə olunur.
Əsgər Əli Razimoğlu demişdir ki, müstəqil Azərbaycan ordusunda xidmət etmək şərəfdir. Çünki ölkəmiz günü-gündən inkişaf etdikcə ordumuz da qüdrətlənir. Bu gün Soyuq bölgəsinin timsalında hissə və birləşmələrdə yaradılan müasir xidmət və məişət şəraiti əsgərlərin döyüş ruhunu və əzmkarlığını artırır. Digər tərəfdən müasir texnika və silahlarla təminat qüdrətli Azərbaycan ordusunda xidmət keçən hər bir əsgərdə yüksək döyüş ruhu yaradır. Bu gün ərazi bütövlüyümüzü təmin etmək, işğal altında olan torpaqlarımızı azad etmək biz gənclərin öhdəsinə düşür. Ona görə də müasir silah və texnikanı dərindən mənimsəyir, döyüş hazırlığımızı yüksəldirik. Mövqelərimizdə daim ayıq-sayıq dayanmışıq.
Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmiş, əsgəri yaşayış kompleksində yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, binada əsgər və zabitlər üçün yataq otaqları, məişət və ideoloji otaqlar, tibb otağı, mətbəx, yeməkxana, eləcə də komandir heyəti üçün xidməti otaqlar vardır. Yataqxanada əsgərlər üçün müasir sosial-məişət şəraiti yaradılmışdır. Yataq otaqları keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla təchiz olunmuşdur. Hərbi hissənin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan bina telefon, daimi işıq və istilik sistemi ilə təchiz olunmuşdur. Burada əsgərlərin asudə vaxtlarının təşkili üçün də hər cür şərait vardır. İdeoloji otaqda ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən məlumatların, o cümlədən hərbi nizamnamənin tələblərinin yazıldığı stendlər asılmış, qəzet və jurnallar, hərbi və bədii ədəbiyyatlar qoyulmuşdur.
Binanın foyesində foto-guşə və divar qəzeti hazırlanmış, televizor qoyulmuşdur. Hərbi hissənin anbarlarında kifayət qədər ərzaq və geyim ehtiyatı vardır. Binanın ətrafı da abadlaşdırılmış, su və elektrik xətləri çəkilmişdir.
Ali Məclisin Sədri şəxsi heyətlə nahar etmiş, onlarla xatirə şəkli çəkdirmişdir.
Hərbi hissənin əhatə etdiyi postlarda olan Ali Məclisin Sədri əsgər və zabitlərlə görüşmüş, xidmətin təşkili ilə maraqlanmışdır.
Əsgərləri salamlayan Ali Məclisin Sədri demişdir: Çətin dağlıq şəraitində yerləşən Soyuq bölgəsi muxtar respublikanın əsas müdafiə istehkamlarından biridir. Hələ 1918-1920-ci illərdə bu ərazilərdə torpaqlarımızın müdafiəsi təşkil olunmuş, könüllülərdən ibarət dəstələr postlar yaradaraq sərhədlərimizi qorumuşlar. Ötən əsrin 90-cı illərindən sonra isə burada müstəqil ölkəmizin əsgər və zabitlərinin xidməti təşkil olunmuşdur. Lakin o zaman bugünkü şərait yox idi. Əsgərlər öz xidməti fəaliyyətlərini çətin şəraitdə həyata keçirirdilər. Bu gün isə ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Soyuq bölgəsində də nümunəvi xidmət şəraitinin yaradılmasına imkan vermişdir. Bu işlər gələcəkdə də davam etdiriləcəkdir. Çünki hərbi xidmətin düzgün təşkili əsgər və zabitlər üçün yaradılan rahat şəraitdən başlayır. Bu sahədə həyata keçirilən tədbirlər sırasında xalq-ordu birliyi mühüm yer tutur. Muxtar respublika sakinləri əsgərlərlə həmrəylik nümayiş etdirir. Bütün bunlar da şəxsi heyət qarşısında mühüm vəzifələr qoyur. Əsgər və zabitlər dostluq və birlik şəraitində xidmət etməli, torpaqlarımız etibarlı müdafiə olunmalıdır.
Əsgərlərdən İlkin Musayev, Nahid Məmmədov, Turan Yusifli, Toğrul Məmmədov, Mühit Əliyev və Babək Fətullazadə minnətdarlıq edərək demişlər ki, Soyuq dağlarının uca zirvəsində vətənimizin müdafiəsində dayanmaq ikiqat qürur və şərəfdir. Azərbaycan əsgərinə göstərilən qayğını, əsgər adına verilən yüksək qiyməti bu gün Soyuq bölgəsinin timsalında görmək mümkündür. Yüksək dağlıq şəraitində xidmət etsək də, heç bir çətinlik çəkmirik. Burada şəxsi heyət üçün hər cür şərait vardır. Hər il Ali Məclis Sədrinin Soyuq bölgəsinə gələrək əsgər və zabitlərlə görüşməsi şəxsi heyətin böyük sevincinə səbəb olur. Bu görüşlər çətin iqlim və relyef şəraitində xidmət edən əsgərlərdə mübarizlik, qəhrəmanlıq hislərini alovlandırır, şəxsi heyət arasındakı birlik və bərabərliyi daha da möhkəmləndirir. Dövlətimizin bizə göstərdiyi diqqət və qayğını minnətdarlıq hissi ilə qarşılayır, etimadı doğrultmağı ən yüksək amalımız kimi qəbul edir, hər bir döyüş əmrinə hazır olduğumuzu bildiririk.
Sonra Ali Məclisin Sədri müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti ilə tanış olmuşdur. Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə müdafiənin ön xəttində xidmətin təşkili haqqında məlumat vermişdir.
Bildirilmişdir ki, hakim yüksəkliklərdə mühəndis təminatının məqsədyönlü şəkildə təşkil olunması Silahlı Qüvvələrə müdafiə və hücum əməliyyatları zamanı hərbi üstünlük qazandırır. Buna görə də muxtar respublikanın bu cür dağlıq ərazilərində sərhədlərin müdafiəsinin təşkilinə xüsusi diqqət yetirilir. Ərazidə müşahidə məntəqələri yaradılmış, postlarda müasir silah və müdafiə qurğuları yerləşdirilmişdir. Müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılmışdır. Postlar arasında dayanıqlı rabitə əlaqəsi və rahat gediş-gəliş imkanı vardır. Bu da xidmətin qarşılıqlı əlaqə zəminində təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd olunmuşdur ki, təmas xəttində şəxsi heyətin döyüş hazırlığını daim yüksək səviyyədə saxlamaq vacib şərtdir. Xüsusilə dağlıq ərazilərin təbiətini və relyef xüsusiyyətlərini bilmək döyüş tapşırıqlarının icrasını dəqiq yerinə yetirməyə kömək edir. Təlimlər zamanı silahların təyinatı, onların taktiki-texniki xassələri və onlardan istifadə qaydaları ilə yanaşı, mürəkkəb dağlıq şəraitdə döyüş əməliyyatlarını düzgün aparmaq üçün lazımi təlimatlar da verilir. Bunun üçün əsgərlərə, ilk növbədə, yüksək dözümlülük, iqlim xüsusiyyətlərini bilmək və uyğunlaşmaq, təhlükəsizlik qaydalarına əməl etmək kimi mühüm amillər öyrədilir.
Ali Məclisin Sədri Soyuq döyüş bölgəsində müdafiənin təşkili sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirmiş, ərazidə müdafiə mövqeyinin möhkəmləndirilməsi və şəxsi heyətin xidməti döyüş fəaliyyətinin yüksəldilməsi barədə tapşırıqlar vermişdir.
Gətirilmiş müxtəlif ərzaq məhsulları, yun corab və şərflər anbarlara təhvil verilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti