09 Yanvar 2025, Cümə axşamı

Noyabrın 4-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində xalq yaradıcılığı sərgisinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xalq yaradıcılığı sərgisinin açılışında iştirak etmişdir.
Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə çıxış edərək demişdir: Naxçıvan şəhərində xalq yaradıcılığı sərgisinin keçirilməsində məqsəd milli dəyərlərimizi yaşatmaq və təbliğ etməkdir. Milli dəyərləri yaşatmaq xalqın tarixini yaşatmaq deməkdir. Əgər hər bir xalq öz kimliyini ortaya qoymaq istəyirsə, ilk növbədə, milli dəyərlərinə istinad etməlidir. Bu zərurəti əsas götürən ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan xalqının milli dəyərlərinin və tarixi yaddaşının bərpası istiqamətində mühüm qərarlar qəbul etmişdir. Bu dövrdə Azərbaycanın bölgələrində yeni tarix-diyarşünaslıq muzeyləri tikilmiş, xalq sənətinin inkişafına və mövcud nümunələrin mühafizəsinə diqqət artırılmışdı. Azərbaycan Konstitusiyasında ən ali milli dəyərlərimiz olan ana dilimiz dövlət dili kimi təsbit olunmuş, xalqın ruhunu, tarixini, milli dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər yaradılmışdı. Həmin dövrdə Azərbaycan xalqının qəhrəmanlıq eposu olan “Dədə Qorqud”, xalqımızın müstəqillik uğrunda mübarizə tarixini və qəhrəmanlıq ənənələrini təbliğ edən “Babək”, azərbaycanlılara xas olan Novruz ənənələrini ilk dəfə ekranlara çıxaran “Dəli Kür” kimi bədii filmlər çəkilmişdi.

Ali Məclisin Sədri demişdir: Azərbaycanda ikinci dəfə ali hakimiyyətə qayıdan ulu öndərimiz ötən əsrin 70-ci illərindən başlayaraq xalq yaradıcılığının himayə olunması siyasətini daha geniş miqyasda davam etdirmişdir. Dahi şəxsiyyət bu sahədə görülən işləri ümummilli ideologiyada – azərbaycançılıqda birləşdirmiş, azərbaycançılığı və milli dövlətçiliyi ən yüksək milli dəyər kimi qiymətləndirərək demişdir: “Azərbaycançılıq – öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli dəyərlərini və dövlətçiliyini qoruyub saxlamaq deməkdir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də milli ruhu qorumağın, inkişaf etdirməyin və gələcək nəsillərə çatdırmağın əsas şərtini milli dövlətçilikdə görərək qeyd etmişdir ki: “Güclü iqtisadiyyat yaratmaq olar, bölgədə güclü mövqelərə malik olmaq olar, ancaq milli dəyərlər olmadan heç bir ölkə, heç bir xalq inkişaf edə bilməz. Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulub. Çoxəsrlik tarix, mədəniyyət üzərində qurulub”.
Qeyd olunmuşdur ki, bu gün ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da milli dəyərlərimizə, tarixi-mədəni irsimizə qayğı ilə yanaşılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında 2009-cu ildə Sərəncamı olmuş, 2012-ci il Naxçıvan Muxtar Respublikasında “Milli dəyərlər ili” elan edilmişdi. Bütün bunlar öz nəticəsini göstərmiş, bu sahədə sistemli tədbirlər həyata keçirilmişdir. Tarixi abidələrə yeni həyat verilmiş, xalq yaradıcılığı günləri təşkil olunmuş, milli kökə bağlılıq nümayiş etdirilmişdir. Ağacişləmə, papaqçılıq, dülgərlik, toxuculuq, xalçaçılıq, dəmirçilik, misgərlik, dulusçuluq, taxta üzərində oyma kimi qədim sənət sahələri qorunub saxlanılmışdır. Son illər el sənətkarları üçün emalatxanalar istifadəyə verilmiş, əl işlərindən ibarət sərgilər təşkil olunmuşdur. Aparılan tikinti-quruculuq işlərində milli ornamentlərin tətbiqinə üstünlük verilir. Bədii yaradıcılıq prosesində də milli dəyərlərimizin öyrənilməsi və təbliğinə diqqət artırılıb. “Naxçıvan mətbəxi”, “Naxçıvan tikmələri” və “Tarixi qaynaqlarda Nuh peyğəmbər” kitabları, üçcildlik “Naxçıvan folkloru” antologiyası nəşr etdirilmişdir. Yallılar nota köçürülmüş və onun əsasında “Naxçıvan-Şərur el yallıları” kitabı çap olunmuşdur. Bununla yanaşı, yallılardan ibarət kompakt disk də buraxılmışdır.

Ali Məclisin Sədri demişdir ki, milli dəyərlərə bağlılıq tarixi-mədəni irsin qorunmasından başlayır. Biz bu gün tarixi abidələri tədqiq və bərpa etməklə, milli dəyərləri yaşatmaqla, bir tərəfdən keçmişimizə və gələcəyimizə ehtiramımızı bildiririk, digər tərəfdən isə xalqımızın əsrlər boyu formalaşmış sənətkarlıq mədəniyyətini, həyat tərzini, məişətini, bir sözlə, milli dəyərlər sistemini yaşadırıq. Ulu öndərimiz tövsiyə edirdi ki, gələcək uğurlara təminat xalqın milli dəyərlərini gənc nəslə aşılamaqdan başlayır. Bu mənada gənclərlə aparılan işlərdə milli dəyərlərə üstünlük verməli, azərbaycançılıq ideyasını gücləndirməli, istedadlı gəncləri xalq sənəti sahələrinə cəlb etməliyik. Milli dəyəri olmayan xalqın keçmişi olmadığı kimi, gələcəyi də yoxdur. Bu səbəbdən də milli dəyərlər, xalq yaradıcılığı, əsrlər boyu yaranan mənəvi və maddi-mədəniyyət nümunələri ətraflı öyrənilməli, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların tətbiq və təbliğ olunması istiqamətində işlər davam etdirilməlidir.
“Milli köklərə, milli dəyərlərə qayıdış hər kəsi düşündürməlidir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, biz bu gün milli dəyərlərimizi, adət-ənənələrimizi qoruyub-yaşatmaqla, xalq yaradıcılığı sahələrinə yeni həyat verməklə, əslində, milli kimliyimizi qoruyuruq. Ona görə də hər bir rayonun, kəndin milli dəyərlər sistemi ardıcıl öyrənilməli, qədim sənətkarlıq sahələri üzə çıxarılmalı, unudulmaqda olan dəyərlər bərpa olunmalı, el sənətkarlarının fəaliyyətinə dəstək verilməlidir. Heç şübhəsiz ki, bu gün sahib olduğumuz ən ali dəyərimiz milli dövlətçiliyimizdir. Xalqımızın sabitlik və rifah içində yaşamasıdır. Ona görə də milli-mədəni irsimizə qayğı göstərməklə yanaşı, dövlət müstəqilliyimizin də qədrini bilməli, onu qorumalı, ölkəmizin inkişafı və tərəqqisi yolunda çalışmalıyıq.
Ali Məclisin Sədri bu yolda hər kəsə uğurlar arzulamış, xalq yaradıcılığı sərgisinin təşkilində, milli dəyərlərimizin öyrənilməsi, yaşadılması və təbliğində əməyi olanlara təşəkkür etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 3 noyabr tarixli Sərəncamına əsasən, xalq yaradıcılığının inkişafındakı səmərəli fəaliyyətlərinə görə 8 nəfər “Rəşadətli əməyə görə” nişanı, “Tarixi mənbələrdə Nuh peyğəmbər” və “Naxçıvan-Şərur el yallıları” kitablarının müəllifləri isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin pul mükafatı ilə təltif edilmişlər.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının “Rəşadətli əməyə görə” nişanını və pul mükafatını təqdim etmişdir.
Təltif olunanlardan Səriyyə Hüseynova və Fəxrəddin Səfərli əməklərinə verilən qiymətə görə minnətdarlıq etmişlər.
Yallılar xalqımızın bir çox milli mədəniyyət elementlərini və etnoqrafik xüsusiyyətlərini özündə cəmləşdirir. Qədim rəqs mədəniyyəti ilə yanaşı, özündə milli geyimlərimizi və bənzərsiz xalq musiqisini yaşadan yallılar bu gün də qorunur, gənc nəsillərə öyrədilir. İnsanları qələbəyə səsləyən, onlarda vətənə, torpağa məhəbbət hissi oyadan yallı havaları birlik və bərabərliyimizin rəmzinə çevrilmişdir.
Tədbirdə Şərur Xalq Yallı Ansamblının, şəhər və rayon mədəniyyət evlərinin yallı qruplarının üzvləri birlikdə “Köçəri” yallısını ifa etmişlər.
Ali Məclisin Sədri yallı kollektivləri ilə xatirə şəkli çəkdirmiş, xalq yaradıcılığı sərgisi ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, sərgiyə 37 el sənətkarı tərəfindən oyma, xəttatlıq, dulusçuluq, papaqçılıq, xalçaçılıq, misgərlik, toxuma, ağac üzərində yandırma, bədii tikmə və digər xalq sənətkarlığı sahələri üzrə 600-ə yaxın əl işi, rəsm əsərləri, məktəbdənkənar tərbiyə müəssisələrinin müəllim və şagirdləri tərəfindən hazırlanan 120 bədii tikmə və toxuma nümunələri, sağlamlıq imkanları məhdud şəxslərin və qadınların əl işləri çıxarılmış, muxtar respublikanın rayonlarında fəaliyyət göstərən folklor kollektivlərinin çıxışları üçün şərait yaradılmışdır.
Hər bir xalqın tarixi onun yaratdığı sənətkarlıq nümunələrində yaşayır. Bəşəriyyətin ilkin yaranış dövründən başlayaraq bu günə kimi xalq sənətkarlığı müxtəlif inkişaf mərhələləri keçmişdir. Sadə əl əməyinə əsaslanan əşyalar, məişət avadanlıqları sonralar həmin dövrlərdən xəbər verən maddi-mədəniyyət nümunələrinə çevrilmişlər. Bu gün Naxçıvanda milli dəyərlərimizin tərkib hissəsi olan xalq sənətkarlığı sahələrinin bərpa olunması da bu torpaqda tarixən formalaşmış zəngin tarixi-mədəni irsin yaşadılması kimi mühüm məqsədə xidmət edir.
Naxçıvanda oyma sənətinin qədim tarixi vardır. Əcdadlarımız bu sənətin ilkin nümunələrini Gəmiqayada daş üzərində yaratmış, daş kitabələrdə əks olunan müxtəlif təsvirlər bu günümüzə qədər gəlib çatmışdır. Sonradan daş üzərində oyma ilə yanaşı, ağac üzərində oyma sənəti də inkişaf etdirilmişdir. Bu gün naxçıvanlı sənətkarlar ağac üzərində oyma sənətini yaşadır, xalqımızın min illər ərzində formalaşan bədii-estetik zövqü öz əksini bu əsərlərdə tapır. Sərgidə el sənətkarlarının tarixi abidələrin, nağıl personajlarının, “Dədə Qorqud” dastanındakı obrazların və Naxçıvan memarlıq məktəbinin elementlərinin əks olunduğu müxtəlif əl işləri nümayiş olunmuşdur.
Milli geyimlər hər bir xalqın milli xüsusiyyətləri, əmək fəaliyyəti, təsərrüfat məşğuliyyəti və bədii-estetik zövqü əsasında formalaşır. Naxçıvanda toxuculuğun, boyaqçılığın və ipəkçiliyin inkişafı milli geyim mədəniyyətinin formalaşmasına da şərait yaratmışdır. Təbii coğrafi şəraitə uyğun olaraq inkişaf etdirilən geyimlər əsrlər keçdikcə özünəməxsus milli cəhətlərlə daha da zənginləşmişdir. Tarixən Naxçıvanda hazırlanan ləbbadə, çaxçur, çuxa, arxalıq, küləcə, çəpkən kimi milli geyimlər bu gün də maddi və mənəvi mədəniyyətimizin qaynaqları kimi qorunub yaşadılır. Milli geyimlərin əsas cəhətlərindən biri də baş örtükləridir. Çalma, araqçın, rübənd, şal və kəlağayı kimi baş örtükləri Azərbaycan qadınının ismət və sədaqət nişanəsi kimi yüksək mənəvi dəyərə malikdir.

Tədbirdə milli geyimli oğlan və qızlar “Dədə Qorqud” dastanı əsasında səhnələşdirdikləri kompozisiyanı təqdim etmişlər. Kompozisiyada Dədə Qorqud və digər dastan qəhrəmanlarının obrazları canlandırılmış, Dədəmiz Qorqudun hikmətli sözləri səsləndirilmişdir.
Muxtar respublikada milli dəyərlərimizin elmi şəkildə öyrənilməsi, qədim sənətkarlıq sahələrinin və folklor nümunələrinin üzə çıxarılması diqqət mərkəzində saxlanılır. Son illər Naxçıvan mətbəxi, folkloru, mədəniyyəti, milli musiqi sənəti, tarixi abidələri haqqında ətraflı tədqiqat işləri aparılmış, yeni kitablar yazılmışdır. Sərgidə milli dəyərlərimizə və xalq sənətkarlığı sahələrinə aid olan kitablar nümayiş olunmuşdur.
Ali Məclisin Sədri xalq yaradıcılığının bütün sahələri üzrə elmi-tədqiqat işlərinin aparılmasının vacibliyini vurğulamış, folklor nümunələrinin, xüsusilə xalq yaddaşından süzülüb gələn qədim əfsanə, mif və rəvayətlərin elmi şəkildə öyrənilməsi barədə tapşırıqlar vermişdir.
Sonra tədbir iştirakçıları sərgidə nümayiş olunan xalçalara baxmışlar. Xalq tətbiqi sənətinin əsas qolu olan xalçaçılıq Naxçıvan mədəniyyət tarixində özunəməxsus yer tutur. Müxtəlif naxış elementləri və təsvirlərlə, milli ornamentlərlə bəzədilən Naxçıvan xalçaları öz texniki xüsusiyyətlərinə, toxunma üslubuna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənir, əcdadlarımızın qədim məişət mədəniyyəti və həyat tərzi haqqında ətraflı məlumat verir. Bu gün də Naxçıvanda xalça­çı­lıq sənəti yaşadılır. Muxtar respublikada Naxçıvan Dövlət Xalça Muzeyi fəaliyyət göstərir. Bu sahədə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq Naxçıvanda xalça toxuma emalatxanaları yaradılmış, peşə məktəblərində xalçaçılıq kursu açılmış, “Naxçıvan xalçaçıları” kitabı çap olunmuşdur.
“Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi üçün ayrılmış guşədə 20-yə yaxın milli yemək, şirniyyat və şərbətlər sərgi iştirakçılarına təqdim olunurdu.
Naxçıvan mətbəxinin qədim tarixi vardır. Muxtar respublika ərazisində müxtəlif iqlim zonalarının olması flora və faunanı xeyli zənginləşdirmişdir. Bu isə zəngin mətbəx yaradılması üçün əsas amildir. Naxçıvanda formalaşan süfrə mədəniyyəti, xüsusilə milli yemək nümunələrinin fəsillərə uyğun hazırlanması, təbii qidalanmaya üstünlük verilməsi əcdadlarımızın ətraf mühitlə tam harmoniyada yaşaması və sağlam həyat tərzi haqqında məlumat verir. Hazırda milli yeməklər hazır­lanarkən qədim üsullarla yanaşı, müasir kulinariya tələbləri də nəzərə alınır, yerli məhsullardan geniş istifadə olunur, milli mətbəximiz daha da zənginləşdirilir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin təqdim etdiyi guşədə məhkumların hazırladıqları ağac üzərində oyma, toxuculuq və misgərlik nümunələri sərgilənmişdir.
Dulusçuların hazırladıqları müxtəlif saxsı qablar, nümayiş etdirilən qədim dulusçuluq əşyaları və alətləri böyük maraq doğurmuşdur. Bildirilmişdir ki, aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılan saxsı qablar Naxçıvanda dulusçuluğun qədim istehsal sahələrindən biri olduğunu təsdiq edir. Naxçıvan xanlığı dövründə saxsı qablar istehsalı geniş vüsət almış, Naxçıvan və Ordubad şəhərlərində 20-dən artıq dulusçu fəaliyyət göstərmiş, onların hazırladıqları səhəng, cürdək, bardaq, kuzə, küp, sürahi, qurqur, dolça, kasa və digər dulusçuluq əşyaları məişətdə geniş istifadə olunmuşdur.
Xalqımızın məişətində papaq baş geyimi olmaqla yanaşı, həm də mentalitet və ləyaqət rəmzi hesab olunmuşdur. Yüz illər boyu xalqın məişət mədəniyyəti ilə sıx əlaqədə inkişaf edən papaqçılıq sənəti günümüzdə də yaşadılır. Sərgidə nümayiş etdirilən qədim və milli papaq nümunələri maraqla qarşılanmışdır.
Naxçıvandakı tarixi abidələrin üzərində rast gəlinən kufi və nəstəliq xətləri burada xəttatlıq sənətinin inkişafından xəbər verir. Əcəmi memarlıq məktəbinin əsas səciyyəvi cəhətlərindən biri də abidələrin üzərində xəttatlıq elementlərinin əks olunmasıdır. Naxçıvan ərazisindəki daş kitabələrdə və əlyazmalarda da xəttatlıq sənətinin izlərinə rast gəlinir. Bu gün də sənətkarlar xəttatlıq sənətini yaşadır, onu forma və məzmunca zənginləşdirirlər.
Sərgidə muxtar respublikanın rayonlarından gələn folklor qrupları maraqlı çıxışlar etmişlər. Muğam üçlüklərinin, sazçalan qızların ifası, Şərur Xalq Yallı Ansamblının və rayon mədəniyyət evlərinin yallı qruplarının təqdim etdikləri “İkiayağı”, “Göyçəməni”, “Xələfi”, “Qaleyi”, “Tənzərə”, “Tello” və “Sarı gəlin” yallıları, milli musiqi alətlərində xalq mahnılarının səslənməsi xoş ovqat yaratmış, Şərur və Babək rayonlarından gələn pəhləvanların çıxışları maraqla qarşılanmışdır.
Xalqımızın zəngin və maraqlı folklor nümunələrindən biri də xalq oyunlarıdır. Tarixi çox qədimlərə gedən xalq oyunları insanlara yaxşıları qorumaq, onlara dayaq durmaq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır. “Haxışta”, “Fincan-fincan”, “Hodu-hodu” və digər xalq oyunları tədbir iştirakçıları tərəfindən maraqla izlənilmişdir. “Şərur toyu”, “Naxçıvan toyu” kompozisiyaları isə bu qədim el adətinin bütün incəliklərini təcəssüm etdirmişdir.
Tədbirdə qədim milli musiqi alətlərimizin sərgisi təşkil edilmiş, misdən hazırlanan əl işləri, özündə incəsənətin və memarlığın vəhdətini yaşadan şüşə üzərində vitrajlar nümayiş olunmuşdur.
Bu gün muxtar respublikada dekorativ-tətbiqi sənət nümunələri hazırlanır, bu sahə ilə məşğul olan sənətkarların fəaliyyətinə dəstək verilir. Naxçıvanda bu sənətin ən qədim növü olan bədii tikmə nümunələri işlənmə texnikası və bəzək üsulları ilə seçilir. Qədimdən qızların cehizinin bir qismini onların özü tərəfindən hazırlanmış süfrələr, güləbətinli araqçın, piləkli və bu kimi tikmələr təşkil edirdi. Tikmələrdən milli geyimlərimizin bəzədilməsində də geniş istifadə olunmuşdur.
Sərgidə dekorativ-tətbiqi sənət nümunələri, bədii tikmələr, dəri üzərində qabartma üsulu ilə hazırlanmış tətbiqi sənət əsərləri, muncuqlu əl işləri nümayiş olunmuşdur.
Bədii tikmə ilə məşğul olan Aidə İbrahim­ova sənətkarlar adından minnətdarlıq edərək demişdir: Vaxtilə biz sənətkarların hazırladıqları əsərlər evlərdə qalırdı, üzə çıxarmaq mümkün deyildi. Lakin bu gün Naxçıvanda unudulmaqda olan sənət sahələri üzə çıxarılır, el sənətkarlarının fəaliyyətinə dəstək verilir, onların əl işlərindən ibarət sərgilər təşkil olunur, xalq yaradıcılığı sahələri ilə məşğul olan insanlara qayğı göstərilir. Bu isə bizi daha da səylə çalışmağa, qədim və unudulmaqda olan sənət sahələrinə yeni həyat verməyə ruhlandırır.
Sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası vacib məsələdir. Muxtar respublikada bu istiqamətdə kompleks tədbirlər görülür. İstər sağlamlıq imkanları məhdud gənclərin təhsilə cəlbi, istərsə də bu kateqoriyadan olan insanların istedad və bacarığının üzə çıxarılması sahəsində görülən işlər ardıcıl xarakter almışdır. Sərgidə sağlamlıq imkanları məhdud şəxslərin əl işləri, müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri nümayiş olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi üçün ayrılan guşədə isə muxtar respublikanın şəhər, rayon və kəndlərindən olan 123 istedadlı qadının 700-dən artıq əl işi təqdim olunmuşdur. Tikmə, toxuma və aplikasiyalar, taxta üzərində yandırma, xalçalar, toxuculuq nümunələri və bir-birindən maraqlı digər dekorativ-tətbiqi sənət nümunələri maraqla qarşılanmışdır.
Muxtar respublikada gənc nəslin milli dəyərlərə sadiqlik ruhunda böyüdülməsi diqqət mərkəzindədir. Bu işdə məktəbdənkənar tərbiyə müəssisələrinin mühüm rolu vardır. Bu təhsil ocaqlarında təşkil olunan dərnəklərdə şagirdlərə qədim sənətkarlıq sahələri öyrədilir, xüsusilə qızlarda toxuculuq, xalçaçılıq sahələrinə maraq yaradılır. Sərgi iştirakçıları muxtar respublikanın məktəbdənkənar tərbiyə müəssisələrinin və Naxçıvan Qızlar Liseyinin şagirdlərinin əl işlərinə də baxmışlar.
Naxçıvanda tarixən formalaşmış qədim çalğı alətlərinin bu gün geniş təbliğinə və gənc nəslə öyrədilməsinə ciddi ehtiyac vardır. Cəng, ud, təbil, tənbur, qanun, qopuz, rübab, tulum, ney, zurna, balaban kimi çalğı alətlərimizə yeni həyat verilməsi mühüm əhəmiyyət daşıyır. Tədbirdə Naxçıvan Musiqi Kollecinin qədim musiqi alətləri ansamblı rəngarəng musiqi nömrələri ifa etmişdir.
Ali Məclisin Sədri muxtar respublikanın uşaq musiqi məktəblərində və Naxçıvan Musiqi Kollecində tulum, tənbur kimi qədim çalğı alətlərinin tədris olunmasını tapşırmışdır.
Sonra Ali Məclisin Sədri naxçıvanlı rəssamların xalq yaradıcılığı nümunələrini yaşadan rəsm əsərlərinə baxmışdır.
Kətan üzərində yağlı və sulu boya ilə çəkilmiş “Xəzinə küpü”, “Xanəndə”, “Dədə Qorqud dastanı”, “Xalçalı kompozisiya”, “Sazçalan qız”, “Qədim əşya ilə natürmort” rəsm əsərləri, dəri üzərində yandırma üsulu ilə işlənmiş “Kamançanın sehrli səsi”, “Dədə Qorqud” əsərləri işlənmə texnikası və orijinal görünüşü ilə naxçıvanlı rəssamların yüksək bədii-estetik zövqünü təcəssüm etdirirdi.
Ali Məclisin Sədri xalq yaradıcılığı sərgisinin əhəmiyyətini qeyd edərək demişdir: Tarixin qədimliyini sübut edən əsas amillər sırasında xalq yaradıcılığı və folkloru mühüm yer tutur. Çünki hər bir xalqın min illər ərzində formalaşan milli-mədəni irsi onun sənətkarlıq sahələrində yaşayır. Əgər Gəmiqaya təsvirləri xalq sənətkarlığının ilkin nümunələrinin izlərini yaşadırsa, yallılarımız isə mədəniyyətimizin qədim tarixindən xəbər verir. Bugünkü sərgi bir daha göstərdi ki, xalqımızın qədim və qürur duyulası tarixi vardır. Qədim sənət sahələrinin bərpası, folklorumuzun, milli mətbəximizin, milli musiqimizin, bir sözlə, milli dəyərlərimizin yaşadılması həm də turizmin inkişafına xidmət edir. Ona görə də aid təşkilatlar bu məsələni diqqətdə saxlamalı, xalq sənətkarlığı sahələrinə bundan sonra da dəstək verilməli, bu işdə hər kəs yaxından iştirak etməlidir. Muxtar respublikanın rayonlarında da xalq yaradıcılığı sərgiləri təşkil olunmalı, istedadı və qabiliyyəti olan insanlar üzə çıxarılmalı, yeni sənətkarlar nəsli yetişdirilməli, keçmişimiz gələcək nəsillərə çatdırılmalıdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR