Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 92-ci ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir.
Tədbirdə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbriki oxunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Dövlət müstəqilliyi hər bir xalqın qazandığı ən böyük tarixi nailiyyətdir. 92 il bundan əvvəl qəhrəman türk xalqı da milli istiqlal mübarizəsi apararaq dövlət müstəqilliyini elan etmişdir. Ali Məclisin Sədri müstəqillik bayramı – Cümhuriyyət elan edilməsi münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik etmiş, inkişaf və tərəqqi arzulamışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan-Türkiyə əlaqələrinin qədim tarixi vardır. Xalqlarımız tarixin ən çətin məqamlarında bir-birinə dəstək olmuş, soykök, milli və ortaq dəyərlər qardaş ölkələr arasındakı əlaqələrin əsasını təşkil etmişdir. Milli liderlərimiz – Mustafa Kamal Atatürk və Heydər Əliyev tərəfindən “bir millətin iki dövləti” səviyyəsinə yüksəldilən əlaqələrimiz bu gün ölkələrimizin strateji tərəfdaşlığı şəraitində davam etdirilir.
Ali Məclisin Sədri möhkəm təməl, birlik və bərabərlik üzərində qurulan ikitərəfli münasibətlərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirmiş, çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlamışdır: “Bizim gücümüz bizim birliyimizdədir. Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür”.
Türkiyənin Naxçıvandakı Baş konsulu Nihat Ərşən çıxış edərək demişdir ki, Türkiyə Cümhuriyyəti ötən 92 ildə şərəfli inkişaf yolu keçmişdir. Mustafa Kamal Atatürkün rəhbərliyi ilə aparılan milli istiqlal mübarizəsinin nəticəsində yaranan Türkiyə Respublikası bu gün regionda və dünyada nüfuzlu söz sahibinə çevrilmişdir. Dünyanın 20 böyük ölkəsinin sırasına daxil olan Türkiyə xarici, o cümlədən region ölkələri ilə qarşılıqlı əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. Bu gün dost və qardaş Azərbaycanla da ikitərəfli əlaqələr uğurla inkişaf etdirilir. Qarşılıqlı inam və etibar ölkələrimiz arasındakı strateji müttəfiqliyi daha da möhkəmləndirir. Ölkələrimiz arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının rolundan danışan Baş konsul bu əlaqələrin ilbəil genişləndirildiyini bildirmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti