09 Yanvar 2025, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 22 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

I. Ümumi müddəalar

1.1. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi (bundan sonra - Mərkəz) Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin (bundan sonra - Nazirlik) idarə səlahiyyətli qurumudur.
1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respub­likasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”ni, digər normativ hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.

1.3. Mərkəz fəaliyyətini Nazirliyin sisteminə daxil olan qurumlarla və digər dövlət orqanları ilə əlaqəli həyata keçirir.
1.4. Mərkəzin fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertlərin müstəqilliyi, elm və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanır.
1.5. Mərkəz sərəncamında olan dövlət əmlakına, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, digər möhürlərə, müvafiq ştamplara və blanka malikdir.
1.6. Mərkəzin saxlanılma xərcləri və fəaliyyəti dövlət büdcəsində Nazirlik üçün ayrılmış vəsaitlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.7. Mərkəz Naxçıvan şəhərində yerləşir.

II. Mərkəzin fəaliyyət istiqamətləri

2.1. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. məhkəmə ekspertizalarını keçirir və tədqiqatlar aparır;
2.2.2. ekspert tədqiqatının yeni metod və metodikalarını hazırlayır və təkmilləşdirir;
2.2.3. məhkəmə və hüquq mühafizə orqanlarına metodik kömək göstərir;
2.2.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. Mərkəzin vəzifələri

3.1. Mərkəz bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. məhkəmə ekspertizalarını keçirmək və rəylər vermək;
3.1.2. qanunvericiliyə uyğun olaraq tədqiqatlar aparmaq və arayışlar vermək;
3.1.3. məhkəmə ekspertizası, kriminalistika, kriminologiya və hüququn digər aidiyyəti sahələrində tədqiqat işlərini aparmaq;
3.1.4. məhkəmə ekspertizalarının təyini, aparılması və ekspert rəylərinin qiymətləndirilməsi ilə bağlı məhkəmə və hüquq mühafizə orqanlarına metodik kömək göstərmək, metodiki vəsaitlər hazırlamaq;
3.1.5. cinayətlərin səbəblərinin, baş verməsinə kömək etmiş şəraitin aşkar olunması və onların qarşısının alınması sahəsində kriminoloji tədqiqatlar aparmaq;
3.1.6. hüquqi maarifləndirmə işinin aparılmasında iştirak etmək;
3.1.7. məhkəmə ekspertizası sahəsində beynəlxalq təcrübəni öyrənmək, onun tətbiqi ilə bağlı müvafiq təkliflər vermək;
3.1.8. məhkəmə ekspertizası ilə bağlı texniki təhlükəsizlik tədbirlərini həyata keçirmək;
3.1.9. məhkəmə eksperti kadrlarını hazırlamaq, ekspertlərin peşə və hüquqi hazırlığının artırılmasını təşkil etmək, onları müvafiq kurs və treninqlərə cəlb etmək;
3.1.10. məhkəmə ekspertizasının aparılması ilə bağlı məlumatların, o cümlədən dövlət sirrinin qorunması üçün zəruri tədbirlər görmək;
3.1.11. məhkəmə ekspertizası sahəsində arxiv işini təşkil etmək, arxiv sənədlərinin müəyyən olunmuş qaydada saxlanılması və mühafizəsini təmin etmək;
3.1.12. yeni informasiya və kommunikasiya texnologiyalarını tətbiq etmək;
3.1.13. məhkəmə ekspertizası sahəsində kadr hazırlığını təmin etmək məqsədilə müvafiq ixtisaslaşdırma aparmaq, məhkəmə eksperti kadrlarının və mütəxəssislərin peşə hazırlığını mütəmadi yoxlamaq və zəruri tədbirlər görmək;
3.1.14. işçilərin əmək funksiyalarını icra etmələrinə nəzarəti həyata keçirmək;
3.1.15. vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılmasını və onların qəbulunu təmin etmək;
3.1.16. işçilərin sosial müdafiəsi üzrə tədbirlər görmək;
3.1.17. məhkəmə ekspertizası fəaliyyəti ilə bağlı statistik hesabatları toplamaq, ümumiləşdirmək və təhlil etmək, fəaliyyət istiqamətləri üzrə dövri və digər hesabatları hazır­lamaq və aidiyyəti üzrə təqdim etmək;
3.1.18. Mərkəzə ayrılan büdcə və qanunvericiliklə nəzərdə tutulmuş digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.19. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. Mərkəzin hüquqları

4.1. Mərkəz öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. məhkəmə ekspertizası, kriminalistika, kriminologiya və hüququn digər aidiy­yəti sahələrində aparılmış elmi-tədqiqat işlərinin nəticələrini ekspert təcrübəsində tətbiq etmək;
4.1.2. məhkəmə və hüquq mühafizə orqanlarına kömək məqsədi ilə məhkəmə ekspertizasına dair metodik tövsiyələr vermək;
4.1.3. məhkəmə eksperti kadrlarının və mütəxəssislərin hazırlanması, onların ixtisaslarının artırılması üçün tədbirlər görmək;
4.1.4. verilmiş səlahiyyətləri daxilində xarici dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək;
4.1.5. ekspert praktikasını təhlil etmək, ümumiləşdirmələr aparmaq, tövsiyə və təkliflər vermək;
4.1.6. məhkəmə ekspertizasının aktual problemləri üzrə elmi-praktiki tədbirlər keçirmək;
4.1.7. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
4.1.8. məhkəmə ekspertizasının aparılması üçün zərurət yarandıqda, mülkiyyət formasından asılı olmayaraq idarə, təşkilat və müəssisələrdən qanunvericilikdə nəzərdə tutulan qaydada etalon nümunələr və məlumatlar əldə etmək;
4.1.9. məhkəmə ekspertizası orqanlarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak etmək;
4.1.10. statistik hesabat formalarının təkmilləşdirilməsinə dair təkliflər vermək;
4.1.11. verilmiş səlahiyyət daxilində ədliyyə orqanlarında qulluq keçmə barədə qanun­vericiliyə müvafiq olaraq kadr işini həyata keçirmək;
4.1.12. tədqiqat işlərinin nəticələrinə dair materiallar və digər nəşrlər buraxmaq;
4.1.13. Nazirliyin sisteminə daxil olan qurumlara, digər dövlət orqanlarına və təşkilatlara sorğular vermək, onlardan məlumatlar almaq;
4.1.14. fəaliyyət istiqamətlərinə uyğun rəylər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq;
4.1.15. fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilən işin təkmilləşdirilməsinə dair təkliflər vermək;
4.1.16. vəzifələrinin icrası ilə əlaqədar digər hüquqları həyata keçirmək.

V. Mərkəzin fəaliyyətinin təşkili

5.1. Mərkəzin strukturu və ştat vahidlərinin sayı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq olunur.
5.2. Mərkəzə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə razılaşdırılmaqla Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir. Rəis Mərkəzə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.3. Mərkəzin rəisinin Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Mərkəzin rəis müavini ona həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.
5.4. Mərkəzin rəis müavini və işçiləri öz funksiyalarını vəzifə və iş bölgüsünə əsasən yerinə yetirirlər.
5.5. Mərkəz işini fəaliyyət istiqamətləri, habelə Nazirliyin və Mərkəzin iş planları əsasında həyata keçirir.
5.6. Mərkəzdə işin təşkili və vəziyyəti, iş planlarında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi və qarşıda duran vəzifələrlə əlaqədar məsələlər mütəmadi olaraq müzakirə edilir.
5.7. Mərkəzin rəisi:
5.7.1. Mərkəzin işini təşkil edir və onun fəaliyyətinə rəhbərliyi həyata keçirir;
5.7.2. müavini və işçilər arasında vəzifə və iş bölgüsü aparır;
5.7.3. işçilər tərəfindən vəzifələrinin yerinə yetirilməsinə, icra və əmək intizamına nəzarət edir;
5.7.4. qanunvericiliklə müəyyən edilmiş vəzifələri yerinə yetirir, hüquqları həyata keçirir və məhdudiyyətlərə riayət edir;
5.7.5. ekspertin müstəqilliyi prinsipinə əməl olunmaqla aparılan tədqiqatların tamlığı və keyfiyyəti üzərində nəzarəti təmin edir;
5.7.6. ekspert təcrübəsinin ümumiləşdirilməsini və təhlilini təmin edir;
5.7.7. statistik və digər hesabatları, habelə Mərkəzin iş planını razılaşdırmaqla təsdiq edir, onun vaxtında və keyfiyyətli icrasına nəzarəti həyata keçirir;
5.7.8. fəaliyyəti ilə bağlı məsələlərin Nazirliyin kollegiyasının müzakirəsinə hazırlanmasını təmin edir;
5.7.9. Nazirliyin iş planında və kollegiyasının qərarlarında, Nazirlik üzrə əmr və sərəncamlarda nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;
5.7.10. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlər görür, bu barədə təkliflər verir;
5.7.11. Mərkəzdə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, onlara xüsusi rütbə və dövlət qulluğunun ixtisas dərəcəsinin verilməsi, ekspert ixtisası və ekspert ixtisas dərəcələrinin verilməsi, aşağı salınması və ya ləğvi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı təkliflər verir;
5.7.12. səlahiyyətləri daxilində icrası məcburi olan əmr, sərəncam və yazılı göstərişlər verir;
5.7.13. Mərkəzin fəaliyyətini Nazirliyin sisteminə daxil olan qurumlarla əlaqələndirir;
5.7.14. kargüzarlıq və arxiv işinin aparılmasını, dövlət sirrinin qorunmasını və məxfilik rejiminə riayət olunmasını təmin edir;
5.7.15. vətəndaşları qəbul edir, Mərkəzdə vətəndaşların qəbulu və müraciətlərinə baxılmasını təmin edir;
5.7.16. müəyyən edilmiş struktur, əmək haqqı fondu və işçilərin say həddi daxilində ştat cədvəlinə və ayrılmış büdcə təxsisatı çərçivəsində xərclər smetasına dair təkliflər verir;
5.7.17. dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə və səmərəli xərclənməsinə nəzarət edir;
5.7.18. məhkəmə ekspertizası ilə əlaqədar texniki təhlükəsizlik tədbirlərinə nəzarət edir;
5.7.19. səlahiyyətləri daxilində digər məsələləri həll edir.
5.8. Mərkəzin rəisi vəzifəsini icra edə bilmədikdə onun vəzifələrini müavin yerinə yetirir.

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR