02 Yanvar 2025, Cümə axşamı

Ordubad rayonunun Parağa kəndi rayon mərkəzindən 48 kilometr aralıda yerləşir. Saf suyu və təmiz havası, rəng­arəng təbiəti ilə seçilən Parağa kəndində bu il kompleks quruculuq-abadlıq işləri həyata keçirilmiş, kənddə yeni sosial obyektlər inşa olunmuşdur. Həyata keçirilən quruculuq işləri kəndin təbii gözəlliklərinə yeni bir çalar gətirməklə yanaşı, bu ucqar yaşayış məntəqəsinin turizm potensialının artmasına da səbəb olmuş, kənd sakinlərinin sosial-rifah halı yüksəlmişdir.

Parağa kəndində yeni məktəb binası inşa olunmuşdur

  Dekabrın 6-da Parağa kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.

            Açılış tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Parağa kənd tam orta məktəbinin binasının istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, məktəbin pedaqoji kollektivinə tədrisdə uğurlar arzulayaraq demişdir: “Bu gün ölkəmizdə bütün sahələr üzrə inkişaf və tərəqqi vardır. Təhsilin inkişafına isə xüsusi diqqət və qayğı göstərilir. Ölkəmizdə təhsilin inkişafı ulu öndərimiz Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ümummilli liderimiz ölkəmizə rəhbərliyinin istər birinci, istərsə də ikinci dövründə təhsilə, məktəb işinə xüsusi diqqət göstərmiş, təhsil quruculuğu ölkəmizdə həyata keçirilən inkişaf prosesinin əsas istiqamətini təşkil etmişdir”.

   Ali Məclisin Sədri demişdir ki, ulu öndəri­mizin siyasi kursunu uğurla davam etdirən hörmətli Prezidentimiz də ölkəmizdə təhsilin inkişafı, bilikli və vətənpərvər gənclərin        yetişdirilməsi istiqamətində ardıcıl tədbirlər görür. Ölkəmizin, eləcə də muxtar respublikanın təkcə şəhər və rayon mərkəzlərində deyil, ucqar dağ və sərhəd kəndlərində də yüksək maddi-texniki bazaya, müasir tədris avadanlıqlarına malik yeni məktəb binaları tikilib istifadəyə verilir. Parağa kənd tam orta məktəbi də müasir tədris şəraitinə və yüksək maddi-texniki bazaya malik olan təhsil ocaqlarından biridir. Məktəbdə dərslərin müasir metodlarla tədrisi üçün lazım olan bütün avadanlıqlar quraşdırılıb. 110 şagird yerlik məktəbdə 2-si elektron lövhəli olmaqla, 11 sinif otağı, kompyuter sinfi, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kitabxana, müasir idman zalı müəllim və şagird kollektivinin istifadəsinə verilir.

            Ali Məclisin Sədri demişdir: “Bu il məktəbin məzunlarından 1-i yüksək balla Azərbaycan Tibb Universitetinə, 1-i isə Naxçıvan Tibb Kollecinə qəbul olunmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, məktəbin kollektivi səy göstərmiş, üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışmışdır. Məktəbdə yaradılan şərait tədrisin keyfiyyətini daha da yüksəltməyə imkan verir. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, ölkəmizin gələcəyi olan şagirdlərin bilikli, vətənpərvər gənclər kimi hazırlanmasına səy göstərməlidir”.

            Ali Məclisin Sədri qazanılan nəticələrə görə məktəbin kollektivini təbrik etmiş, onlara uğurlar arzulamışdır.

            Məktəbin müəllimi Ağakişi Məmmədov demişdir ki, Parağa kənd tam orta məktəbi Ordubad rayonunun müasirləşən məktəblərinin sırasına qoşulmuşdur. Yaradılan şərait şagirdlərin yüksək səviyyədə təhsil almasına imkan verəcəkdir. Bütün bunları təhsilə göstərilən dövlət qayğısının daha bir ifadəsi kimi dəyərləndirən Ağakişi Məmmədov kollektiv adından minnətdarlığını bildirmişdir.

            Açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olmuşdur.

            Bildirilmişdir ki, ümumtəhsil məktəblərində keçirilən dərslərdə şagirdlərin potensialına uyğun tədris metodlarının müəyyənləşdirilməsi və tədris materiallarının keyfiyyətlə mənimsənilməsi istiqamətində həyata keçirilən tədbirlər mühüm əhəmiyyətə malikdir. Bunun üçün təhsil ocaqlarında müasir tədris şəraitinin olması vacib şərtdir. Parağa kənd tam orta məktəbinin yeni binasında da lazımi şərait yaradılmış, keçilən dərslərdə informasiya-kommunikasiya texnologiyalarından və interaktiv tədris metodlarından istifadə təmin edilmişdir. Məktəb binasındakı kompyuter otağında quraşdırılan 9 kompyuter internetə qoşulmuş, lazımi şərait yaradılmışdır. İstifadəyə verilən müasir laboratoriyalar, fənn kabinələri, elektron lövhəli siniflər dərslərin yüksək səviyyədə tədrisinə imkan verəcəkdir.

            Ali Məclisin Sədri birincilərin təhsil aldığı sinfə baxmışdır. Bildirilmişdir ki, hazırda məktəbdə 53 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 18 müəllim məşğul olur. Cari tədris ilində məktəbin birinci sinfinə 5 şagird qəbul olunmuşdur.

            Təhsil ocağında yeni hərbi kabinə də istifadəyə verilmişdir. Burada ilkin hərbi biliklər – sıra, atəş, mühəndis hazırlığı, hərbi topo­qrafiya ilə bağlı stendlər asılmışdır.

            Ümumtəhsil məktəblərində şagirdlərin idmanla məşğul olması, bədən tərbiyəsi dərslərinin yüksək səviyyədə tədrisi diqqət mərkəzində saxlanılır, istifadəyə verilən yeni məktəb binalarında idman zalları yaradılır. Parağa kənd tam orta məktəbinin binasında da yeni idman zalı yaradılmış, həyətdə açıq idman qurğuları qoyulmuşdur.

            Qeyd olunmuşdur ki, ümumtəhsil məktəblərində pedaqoji kadrlara olan tələbatın ödənilməsi də diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Hazırda bu istiqamətdə mühüm tədbirlər görülür, təhsil yarmarkalarında gənc müəllimlərə təyinatlar verilir.  Bu tədris ilində “İnformatika” fənni üzrə 1 müəllim Parağa kənd tam orta məktəbinə təyinat almışdır.

            Müəllimlərlə görüşən Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Məktəblərimizdə bütün dərslər, tədris olunan bütün fənlər bizim bu günümüzə və gələcəyimizə həsr olunmalıdır” fikrini xatırladaraq demişdir ki, ümumtəhsil məktəblərində şagirdlərin bilikli və vətənpərvər böyüdülməsi bundan sonra da diqqət mərkəzində saxlanılmalı,  pedaqoji kollektiv üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Müəllimlər qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə söz vermiş, yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.

            Məktəb binasının həyətində də abadlıq işləri aparılmış, işıqlandırma sistemi quraşdırılmış, yaşıllıqlar salınmışdır.

Dövlət qurumları müasir kənd mərkəzində fəaliyyət göstərəcək

  Həmin gün Parağa kəndində yeni kənd mərkəzi də istifadəyə verilmişdir.

            Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Surxay Hüseynov minnətdarlığını bildirərək demişdir ki, kənddə fəaliyyət göstərən dövlət qurumları bu günədək şəraiti olmayan binada yerləşirdi. Lakin bu il kənddə yeni kənd mərkəzi tikilmiş, dövlət qurumlarının fəaliyyəti üçün hər cür şərait yaradılmış, yeni sosial obyektlərin istifadəyə verilməsi kəndi müasirliyə qovuşdurmuşdur. İnzibati ərazi dairəsi üzrə nümayəndə demişdir ki, bu gün Parağa kəndində sakinlər, əsasən, arıçılıq, heyvandarlıq və bağçılıqla məşğul olurlar. Dövlət tərəfindən verilən güzəştli kreditlər, kənd təsərrüfatının inkişafı üçün yaradılan əlverişli şərait fərdi təsərrüfatların genişləndirilməsinə, məhsul istehsalının artırılmasına, əhalinin sosial-rifah halının yüksəldilməsinə səbəb olmuşdur.

            Naxçıvan Muxtar Respublikası Ali Məclisi­nin Sədri Vasif Talıbov Parağa kəndinin muxtar respublikanın abad kəndləri sırasına daxil olması münasibətilə tədbir iştirakçılarını, kənd sakinlərini təbrik edərək demişdir: “Parağa kəndində aparılan quruculuq işləri ölkəmizin iqtisadi gücünün göstəricisi olmaqla yanaşı, həm də dövlətimizin insan amilinə, onların yüksək həyat standartları səviyyəsində yaşamasına göstərdiyi qayğının bariz nümunəsidir. Bu gün ölkəmizdə ucqar dağ və sərhəd kənd­lərinin inkişafına xüsusi diqqət göstərilir,     sakinlər dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunurlar. Parağa kəndində həyata keçirilən kompleks quruculuq işləri də, ilk növbədə, əhalinin rahatlığına, kəndin sosial-iqtisadi inkişafına xidmət edir. Kənddə yeni məktəb binası, kənd və xidmət mərkəzlərinin tikintisi, müasir avtomobil yolunun çəkilişi, davamlı təbii qaz və elektrik enerjisi ilə təminat, yeni ATS-in qurulması, tibbi xidmətin təşkili dövlətimizin kənd yaşayış məntəqələrinin inkişafına göstərdiyi qayğının Parağa kəndinin timsalında daha bir nümunəsidir”.

            Ali Məclisin Sədri demişdir ki, dövlətimizin kəndlərin inkişafına göstərdiyi qayğı təkcə aparılan quruculuq işləri ilə məhdudlaşmır. Fərdi təsərrüfatların genişləndirilməsi üçün əhaliyə güzəştli şərtlərlə kreditlər verilir, məhsul istehsalına və satışına lazımi dövlət dəstəyi göstərilir. Son illər həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Parağa kəndində də bütün sosial problemlər öz həllini tapıb. Bu gün kənddə yaşayan 378 nəfər əhalinin 64 nəfəri dövlət büdcəsindən əməkhaqqı, pensiya və müavinət formasında vəsait alır. Dövlətimizin qayğısı, kənd sakinlərinin zəhmətsevərliyi imkan verəcək ki, kənd bundan sonra da inkişaf etsin, insanlar daha sıx məskunlaşsın, rahat və firavan yaşasınlar.

            Ali Məclisin Sədri muxtar respublikada kəndlərin inkişafına göstərilən dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini bildirmiş, yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə kənd sakinlərini bir daha təbrik etmiş, binanın açılışını bildirən lenti kəsmişdir.

            İki mərtəbədən ibarət olan kənd mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, kənd mədəniyyət evi və 56 yerlik zal yerləşir.

            Rabitə xidmətinin yaxşılaşdırılması istiqamətində Parağa kəndində mühüm tədbirlər görülmüş, mərkəzdə yerləşən rabitə evində poçt bölməsi yaradılmış, bank xidməti təşkil olunmuşdur. Burada 384 nömrəlik elektron avtomat telefon stansiyası quraşdırılmış, mobil operatorların xidməti təmin edilmiş, 2500 metr fiberoptik rabitə  xətti çəkilmişdir. Bu da kənddə abunəçilərə yüksək səviyyədə telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet və digər elektron xidmətləri göstərməyə imkan verəcəkdir.

            Kənd mərkəzində Parağa, Biləv və Behrud kəndlərini əhatə edən polis sahə məntəqəsinin fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır. Həmçinin kənd mərkəzində Tivi, Parağa kəndlərini və Parağaçay qəsəbəsini əhatə edən baytarlıq məntəqəsi üçün də iş otağı ayrılmış, dərman preparatları qoyulmuşdur.

            Binanın birinci mərtəbəsində yerləşən feldşer məntəqəsi kənddə səhiyyə işinin nümunəvi təşkilində mühüm rol oynayacaqdır. Məntəqə üçün 4 iş otağı ayrılmış, dərman vasitələri və peyvənd çantaları qoyulmuşdur. Baxış zamanı qeyd olunmuşdur ki, kəndlərdə tibbi xidmətin səviyyəsinin yüksəldilməsi dövlətimizin insan sağlamlığına, səhiyyənin inkişafına verdiyi önəmin daha bir ifadəsidir. Ali Məclisin Sədri kənddə peyvənd işinin və hamilə qadınlara patronaj xidmətinin təşkili barədə müvafiq tapşırıqlar vermişdir.

            Binanın həyətində abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.

Yeni xidmət mərkəzi istifadəyə verilmişdir

Parağa kəndində aparılan kompleks quruculuq işləri çərçivəsində yeni xidmət mərkəzi də tikilmişdir.

   Naxçıvan Muxtar Respublikası Ali  Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış olmuşdur.

  Xidmət mərkəzində  bərbərxana, ət satışı yeri və ərzaq mağazası fəaliyyət göstərir.

 Bildirilmişdir ki, kənd yaşayış məntəqələrində istifadəyə verilən yeni xidmət mərkəzləri sakinlərin gündəlik tələbatının ödənilməsi ilə yanaşı, sahibkarlığın inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Xidmət mərkəzlərində yeni mağazalar yaradılır, xidmət sahələri fəaliyyətə başlayır. Bütün bunlar isə iqtisadiyyatın dinamik inkişafı və əhalinin sosial-rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.

   Xidmət mərkəzləri ilə tanışlıqdan sonra sakinlərlə görüşən Ali Məclisin Sədri demişdir ki, kəndlərin sosial-iqtisadi və mədəni inkişafı ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas tərkib hissəsidir. Bu gün muxtar respublikamızda bütün yaşayış məntəqələrinin, eləcə də dağ və sərhəd kəndlərinin inkişafına, infrastrukturun yenilənməsinə xüsusi diqqət göstərilir. İstifadəyə verilən yeni sosial obyektlər, yaradılan şərait, ilk növbədə, insan amilinə verilən yüksək qiymətin ifadəsidir.

  Sakinlər muxtar respublikanın bütün bölgələrini əhatə edən tikinti-quruculuq və abadlıq işlərini ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsi kimi dəyərləndirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər. Qeyd olunmuşdur ki, Parağa kəndində tikilən yeni sosial obyektlər sakinlərin böyük sevincinə səbəb olmaqla yanaşı,onların qurub-yaratmaq əzmini daha da artırır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR