Muxtar respublikada kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının artırılması istiqamətində ardıcıl tədbirlər görülür. “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatına şərait yaratmışdır. Son illər bu sahədə görülən işlər balıqçılıq təsərrüfatının inkişafı üçün də geniş imkanlar açmışdır.
Sentyabrın 10-da Naxçıvan “Balıqçılıq Təsərrüfatı” üçün yeni inzibati və təsərrüfat binaları istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Tədbirdə Naxçıvan “Balıqçılıq Təsərrüfatı”nın direktoru Nazim Məmmədov çıxış edərək demişdir ki, muxtar respublikada bazarın tələbatının keyfiyyətli balıq məhsulları ilə ödənilməsi diqqət mərkəzində saxlanılır. Bu işlər “Kənd təsərrüfatı ili”ndə də uğurla davam etdirilir. Naxçıvan “Balıqçılıq Təsərrüfatı” üçün yeni kompleksin istifadəyə verilməsi də bu sahənin inkişafına göstərilən qayğının daha bir ifadəsidir. Artıq təsərrüfatın fəaliyyətinin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılmışdır. Nazim Məmmədov yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 1979-cu ildən müxtəlif adlarla fəaliyyət göstərən Naxçıvan “Balıqçılıq Təsərrüfatı” üçün yeni inzibati və təsərrüfat binalarının istifadəyə verildiyini bildirmiş, bu münasibətlə kollektivi təbrik edərək demişdir: 2015-ci il ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında “Kənd təsərrüfatı ili” elan olunmuşdur. “Kənd təsərrüfatı ili”ndə qarşıda duran əsas vəzifə məhsul istehsalını artırmaqdan və ərzaq təhlükəsizliyini təmin etməkdən ibarətdir. Ərzaq təhlükəsizliyinin təmin olunmasında digər sahələrlə yanaşı, balıqçılıq təsərrüfatlarının inkişaf etdirilməsi də mühüm əhəmiyyət daşıyır. Ona görə də muxtar respublikada bu sahənin yenilənməsi və inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Bu gün Naxçıvan “Balıqçılıq Təsərrüfatı” üçün istifadəyə verilən inzibati və təsərrüfat binaları da muxtar respublikada balıqçılıq təsərrüfatı sahəsində fəaliyyətin yeni tələblər əsasında qurulmasına imkan verəcəkdir.
Ali Məclisin Sədri demişdir: Naxçıvan “Balıqçılıq Təsərrüfatı” əvvəllər balıq ovu və satışı istiqamətində fəaliyyət göstərirdi. Lakin yaradılan şərait təsərrüfatda muxtar respublikanın su hövzələri üçün müxtəlif balıq sortlarının yetişdirilməsinə də imkan verəcəkdir. Hazırda təsərrüfatın fəaliyyəti Heydər Əliyev, Araz, Arpaçay və Uzunoba su anbarlarını əhatə edir. Bu günədək muxtar respublikanın su hövzələrində balıq artırılması qonşu ölkələrdən alınan balıqlar hesabına həyata keçirilirdi. Lakin bundan sonra təsərrüfatda su hövzələrinin bioloji xüsusiyyətlərinə və əhali tələbatına uyğun balıq sortları yetişdiriləcəkdir. Ona görə də Naxçıvan “Balıqçılıq Təsərrüfatı” bu istiqamətdə fəaliyyətini gücləndirməli, tələbat nəzərə alınmalı, daxili bazar keyfiyyətli balıq məhsulları ilə təmin olunmalıdır.
Qeyd olunmuşdur ki, muxtar respublikada əhalinin balıqla təminatı Naxçıvan “Balıqçılıq Təsərrüfatı” tərəfindən həyata keçirilir. Ölkəmizin inkişafı, əhali sayının, tələbatın artması balıqçılıq təsərrüfatının da genişləndirilməsini zərurətə çevirdi. Bu səbəbdən də Naxçıvan “Balıqçılıq Təsərrüfatı” üçün müasir iş şəraiti yaradıldı. Məqsəd isə əhalinin keyfiyyətli balıq məhsulları ilə təminatına və balıqçılığın inkişafına nail olmaqdan ibarətdir. Gələcəkdə təsərrüfatın nəzdində balıq məhsulları istehsalı sahəsi də qurulmalı, bura muxtar respublikanın özəl balıqçılıq təsərrüfatları üçün təcrübə və baza yeri olmalıdır.
Ali Məclisin Sədri yaradılan şəraitdən düzgün istifadə olunacağına əminliyini bildirmiş, kollektivə işlərində uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, yeni inzibati binanın, qapalı balıq yetişdirmə hovuzlarının və anbarın istifadəyə verilməsi ilə Naxçıvan “Balıqçılıq Təsərrüfatı”nın fəaliyyəti xeyli genişləndirilmişdir. İnzibati bina 2 mərtəbədən ibarətdir. 1-ci mərtəbədə 5 iş otağı və mətbəx, 2-ci mərtəbədə 4 iş otağı və iclas zalı vardır. Qapalı hovuzların hər birində 25 min olmaqla il ərzində 1 milyon balıq yetişdirilməsi nəzərdə tutulur. Hovuzların daimi su axını ilə təmin olunması suda oksigenin və mikroorqanizmlərin bol olmasına imkan verir. Bu da balıqların yetişdirilməsi və artırılması üçün mühüm şərtdir.
Anbarda tutumu 2 ton olan soyuducu kamera qoyulmuşdur. Həmçinin ərazidə videonəzarət sistemi yaradılmış, həyətdə geniş abadlıq işləri görülmüşdür.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti