Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəsinin Dövlət bayramı – Rusiya Günündə birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər etməsinə ölkəmizdə böyük önəm verildiyini dedi və bu səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev əməkdaşlığımızın müxtəlif sahələri ilə bağlı məsələlərin operativ və səmərəli şəkildə həll olunduğunu vurğulayaraq, bu baxımdan müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi.
İki ölkənin Xarici İşlər nazirlikləri arasında BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində dövlətlərimizin qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsinin əhəmiyyətinə toxunan Sergey Lavrov uğurla inkişaf edən parlamentlərarası əməkdaşlığımızın da Rusiya tərəfindən yüksək qiymətləndirildiyini bildirdi.
Humanitar, o cümlədən təhsil, mədəniyyət sahələrində də əlaqələrimizin uğurla inkişaf etdiyini vurğulayan Sergey Lavrov qeyd etdi ki, bu sahələrdə əməkdaşlıq xalqlarımız arasında olan yaxın münasibətləri daha da gücləndirir.
İqtisadi sahədə əməkdaşlıq məsələləri ilə bağlı Rusiyanın xarici işlər naziri qeyd etdi ki, beynəlxalq konyunkturaya baxmayaraq, bu əlaqələr yüksələn xətlə inkişaf edir.
AZƏRTAC