Avqustun 25-də Ordubad şəhərində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Ordubad Rayon Avtomobillərin Müayinə Mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Ali Məclisin Sədri şəxsi heyəti salamlamış və binanın açılışını bildirən lenti kəsmişdir.
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov tədbirdə çıxış edərək demişdir ki, bu gün muxtar respublikada daxili işlər orqanlarının fəaliyyəti müasir tələblər səviyyəsində qurulmuş, ictimai asayişin və təhlükəsizliyin qorunması təmin edilmişdir. Bu tədbirlər çərçivəsində yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində də mühüm işlər görülür. Muxtar respublikanın yol infrastrukturu yenidən qurulmuş, magistral yollarda 6 ədəd sürətölçən rəqəmsal radar sistemi, xidməti avtomobillərdə 25 ədəd bort kompüter və nəzarət-izləmə kameraları, inzibati cərimələrin yerində ödənilməsi məqsədilə 15 ədəd POS-terminal quraşdırılmışdır. Dövlət Yol Polisi İdarəsi müasir inzibati bina və avtomobillərlə təmin olunmuşdur. 2014-cü ildə Şərur, bu il isə Culfa və Ordubad rayonlarında müayinə mərkəzlərinin istifadəyə verilməsi isə bu sahədə xidmətin günün tələblərinə uyğun qurulmasına imkan verir. Əhməd Əhmədov yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Ordubad Rayon Avtomobillərin Müayinə Mərkəzinin son illər muxtar respublikada istifadəyə verilən üçüncü müayinə mərkəzi olduğunu bildirmiş, bu münasibətlə kollektivi təbrik edərək demişdir: Azərbaycan müstəqil dövlətdir. Hər bir müstəqil dövlətin ən qiymətli sərvəti isə onun insanlarıdır. İnsan həyatı, onun sağlamlığı harada çalışmasından və yaşamasından asılı olmayaraq qorunmalıdır. Bu gün ölkəmizdə insan amilinə verilən qiymət bütün sahələrdə özünü göstərir. Sosial sahədə həyata keçirilən tədbirlər, istifadəyə verilən yeni sosial obyektlər, tikilən səhiyyə müəssisələri, yaradılan şərait ölkəmizdə insan amilinə verilən qiymətin ifadəsidir. İnsanların həyatının qorunmasının vacib olduğu sahələrdən biri də ümumi istifadədə olan yollar və nəqliyyat vasitələridir. Müasir yol şəbəkələrinin yaradılması, nəqliyyat vasitələrinin vaxtında müayinədən keçirilməsi, onların istismar qaydalarına əməl olunması yol-nəqliyyat hadisələrinin sayının azalmasına, eləcə də insanların həyatının və əmlakının qorunmasına imkan verir.
Ali Məclisin Sədri demişdir: Bu gün muxtar respublikada cinayətsiz region və hadisəsiz yollar prinsipi reallığa çevrilmişdir. Son illər muxtar respublikada istifadədə olan yollar müasir səviyyədə qurulmuş, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün lazımi şərait yaradılmışdır. İstismar müddəti başa çatan yararsız avtomobillərin istismardan çıxarılması, muxtar respublikada fəaliyyət göstərən sürücülük məktəblərinin müasir tələblər səviyyəsində qurulması, sürücülərin hərtərəfli hazırlanması, tələbkarlığın və məsuliyyətin artırılması yollarda hadisələrin sayının azalmasına səbəb olmuşdur. Bu işdə dövlət yol polisinin də üzərinə mühüm vəzifələr düşür. Çünki xidmətin düzgün təşkili də yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında başlıca şərtdir.
Ali Məclisin Sədri xidməti düzgün təşkil etdiklərinə görə kollektivə təşəkkür etmiş, onlara işlərində uğurlar arzulamış, binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, bina texniki baxış zalı və xidməti otaqlardan ibarətdir. Texniki baxış zalı minik və yük avtomobillərinin rahat hərəkətinə uyğun qurulmuş və dəqiq diaqnozun qoyulması üçün ən müasir avadanlıqlarla təchiz edilmişdir. Texniki baxış zalında 1 kompüter, 3 monitor və digər diaqnostik müayinə avadanlıqları quraşdırılmış, 5 duracaq yaradılmışdır.
Müayinə mərkəzində avtomobillərin əyləc sistemi, mühərrikdən atmosferə atılan işlənmiş qazların tərkibində olan zərərli tullantıların normativ standartlara uyğunluğu, sükanın idarəetmə qollarının və almacıqların sazlığı yoxlanılır, şinlərin protektor naxışları ölçülür. Müayinənin hər mərhələsi barədə məlumatlar kompüterdə əks olunur və Dövlət Yol Polisi İdarəsinin mərkəzi qeydiyyat sisteminə ötürülür. Eyni zamanda müayinənin yekun nəticələri nəqliyyat vasitəsinin sahibinə təqdim edilir.
Ali Məclisin Sədri nəqliyyat vasitələrinin vaxtında texniki baxışdan keçirilməsi və sığorta qeydiyyatının aparılmasının vacibliyini vurğulamış, bu məqsədlə kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edərək maarifləndirici tədbirlərin genişləndirilməsi barədə tapşırıqlar vermişdir.
Ordubad rayonu üzrə qeydiyyatda olan 4 minə yaxın nəqliyyat vasitəsinə xidmət göstərəcək mərkəzdə 7 nəfər işlə təmin olunmuşdur. Həmçinin binada fərdi istilik sistemi quraşdırılmış, həyət abadlaşdırılmış, avtomobil dayanacağı yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti