Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci il aprelin 2-də “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında Tədbirlər Planı təsdiq olunmuş, görkəmli sərkərdənin yubileyi silsilə tədbirlərlə qeyd olunmuşdur.
Avqustun 18-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Cəmşid Naxçıvanskinin 120 illik yubiley tədbiri keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və tədbir iştirakçıları teatrın foyesində Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş sərgiyə baxmışlar.
Sərgidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görkəmli sərkərdənin yubileyinin qeyd olunması barədə sərəncamı və bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi Tədbirlər Planı, Cəmşid Naxçıvanskinin həyatının müxtəlif dövrlərinə aid fotoşəkillər, portretlər, onun hərb sənəti sahəsində işləyib hazırladığı sənədlər, yazdığı məqalələr, təltif olunduğu orden və medalların şəkilləri, yubiley münasibətilə buraxılmış poçt markası, istedadlı hərbi xadimin döyüş yoluna həsr olunmuş kitablar, qəzet və jurnal materialları nümayiş etdirilirdi.
Sərgi ilə tanışlıqdan sonra keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: Bu gün Azərbaycanın görkəmli hərb xadimi Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illik yubileyini qeyd edirik. Cəmşid Naxçıvanski nəsillərə nümunə olan hərb xadimidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illik yubileyinin keçirilməsi haqqında 2015-ci il 2 aprel tarixli Sərəncamında qeyd olunduğu kimi: “Cəmşid Naxçıvanski bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçmiş və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr vermişdir. Onun ölkədə yüksək ixtisaslı hərbçi kadr hazırlığı sahəsində zəngin fəaliyyəti təqdirəlayiqdir”.
Ali Məclisin Sədri demişdir: Azərbaycan türkləri tarixən böyük hərb sənətinə malik olmuşlar. Bu sənətin inkişafında və davam etdirilməsində Naxçıvanskilər nəslinin nümayəndələri olan generalların da mühüm xidmətləri vardır. Onlar şərəfli döyüş yolu keçmiş, gənc nəsil üçün bütöv bir vətənpərvərlik dərsliyi hazırlamışlar. Cəmşid Naxçıvanski bu nəslin yetişdirdiyi altı generaldan biri idi. İlk hərbi təhsilini Tiflis Yunker Məktəbində alan Cəmşid Naxçıvanski Birinci Dünya Müharibəsi başlayandan sonra Qərbi Ukraynadakı qvardiya məktəbində qısamüddətli kurs keçmişdir. O, müsəlmanlardan ibarət süvari eskadronunun komandiri kimi Birinci Dünya Müharibəsi cəbhələrində əsl şücaət və qəhrəmanlıq göstərmiş, dəfələrlə yaralanmasına baxmayaraq, yenidən döyüş cəbhəsinə qayıtmış və nümunə göstərmişdir.
Qeyd olunmuşdur ki, Cəmşid Naxçıvanski müharibə başa çatandan sonra tabeliyində olan hərbi hissə ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsində iştirak etmiş, 1918-ci il sentyabrın 15-də Bakının erməni daşnaklardan və “Sentrokaspi diktaturası” qüvvələrindən təmizlənməsində fəallıq göstərmişdir. 1920-ci ilin əvvəllərində Dağlıq Qarabağda azərbaycanlı əhaliyə amansız divan tutan erməni quldur dəstələri Cəmşid Naxçıvanskinin komandanlıq etdiyi alay tərəfindən darmadağın edilmiş və qısa müddətdə orada əmin-amanlıq yaradılmışdı. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov tərəfindən Bakıya dəvət olunan Cəmşid Naxçıvanskiyə Azərbaycan Birləşmiş Komanda Məktəbinə rəhbərlik həvalə olunmuş və ilk milli atıcı diviziyanın yaradılması tapşırılmışdı. 1921-1931-ci illərdə milli atıcı diviziyasının komandiri olan Cəmşid Naxçıvanski 1931-1934-cü illərdə Moskvada Frunze adına Ali Hərbi Akademiyada təhsil almış, sonra isə hərbi pedaqoq kimi həmin akademiyada gənc sərkərdələr nəslinin hazırlanmasında gərgin fəaliyyət göstərmişdir.
Bütün bunlara baxmayaraq, ötən əsrin 30-cu illərinin repressiyası görkəmli sərkərdə Cəmşid Naxçıvanskidən yan keçməmişdir. Sovetlər Birliyi dövründə hərb sənətinin inkişafında və kadr hazırlığı sahəsində səmərəli fəaliyyətinə, dəfələrlə mükafatlandırılmasına baxmayaraq, Cəmşid Naxçıvanski əvvəllər Azərbaycan Xalq Cümhuriyyətinin zabiti olduğu üçün daim nəzarətdə saxlanılır, ona qarşı təqiblər artır, haqsız ittihamlar irəli sürülürdü. 1938-ci ilin may ayında həbs olunan Cəmşid Naxçıvanskiyə ölüm hökmü çıxarılmışdır.
Ali Məclisin Sədri demişdir: Həyat – ömrün müddətinə görə deyil, bu ömrü necə yaşamağa görə qiymətlidir. Cəmşid Naxçıvanski şəxsiyyətinin böyüklüyü ondadır ki, bir-birinə zidd olan üç quruluşda yaşamasına baxmayaraq, şərəfli zabit adına ləkə gətirməmiş, təmsil etdiyi nəslin və xalqın ləyaqətini qorumuş, həyatının məqsədini vətənə xidmətdə görmüşdür. O, bu yolda bütün çətinliklərə sinə gərmiş, peşəkar sərkərdə bacarığı və sədaqəti göstərmişdir. Azərbaycan xalqının digər görkəmli nümayəndələri kimi, repressiya qurbanı olan Cəmşid Naxçıvanski də əsl bəraətini ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycanda həyata keçirdiyi tarixi yaddaşa və ədalətə qayıdış siyasəti nəticəsində almışdır. Xalqımızın ümummilli lideri Azərbaycanın rəhbəri seçiləndən qısa müddət sonra “Cəmşid Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsi haqqında” qərar vermişdir. Bundan sonra Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi, Naxçıvan şəhərində isə Cəmşid Naxçıvanskinin ev-muzeyi yaradılmış, bir məktəbə və küçəyə Cəmşid Naxçıvanskinin adı verilmişdir.
“Cəmşid Naxçıvanski qısa ömür yaşadı. Onun 43 illik ömrünün 26 ili hərb sənətinə sərf olunmuş, sıravi əsgərdən general rütbəsinədək şərəfli yol keçmişdir”, – deyən Ali Məclisin Sədri çıxışını ümummilli liderimiz Heydər Əliyevin aşağıdakı fikirləri ilə tamamlamışdır: “Naxçıvanlılar hərbi peşəyə keçmiş zamanlardan çox böyük maraq göstəriblər. Əgər keçmiş tarixi götürsək, burada Naxçıvanskilər, Kəngərlilər sülalələri olubdur. Onlardan böyük zabitlər, çar Rusiyasının generalları çıxıbdır. O qədər yüksək zəka nümayiş etdiriblər ki, böyük rütbələrə nail olublar. Həmin nəslin yetirmələrindən biri də Cəmşid Naxçıvanskidir. Onun xatirəsi Azərbaycan xalqının qəlbində həmişə yaşayıb və yaşayacaqdır”.
Tədbirin aparıcıları Cəmşid Naxçıvanskinin diviziya komandiri və pedaqoq kimi müxtəlif illərdə “Bakinski raboçi”, “Hərbi bilik”, “Krasnaya zvezda” qəzetlərində dərc etdirdiyi məqalələrindən parçaları oxumuş, onun ordu quruculuğu ilə bağlı tövsiyələrini və görkəmli hərb xadimlərinin Cəmşid Naxçıvanski haqqında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırmışlar.
Sonra tədbir iştirakçıları Naxçıvan Dövlət Televiziyasının Cəmşid Naxçıvanskinin 120 illik yubileyi münasibətilə hazırladığı “Sərkərdə” televiziya filminə baxmışlar.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti