02 Yanvar 2025, Cümə axşamı

2012-ci il Naxçıvan Muxtar Respublikasında “Milli dəyərlər ili” elan olunmuşdur. Ötən dövr ərzində milli dəyərlərin bərpası, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görülmüşdür.

            Dekabrın 5-də “Duzdağ” otelinin tədbirlər zalında “Milli dəyərlər ili”nə həsr olunmuş tədbir keçirilmişdir.

            Naxçıvan Muxtar Respublikası Ali        Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: “Hər bir xalqın milli dəyərləri onun özünütəsdiq imkanı və milli pasportudur. Dövlətlər rəsmi atributları – bayrağı, himni, gerbi və sərhədləri ilə tanındığı kimi, bu dövlətlərin ərazisindəki millət və ya xalqlar da özlərinin milli dəyərləri – folkloru, incəsənəti, mədəniyyəti, adət-ənənələri, milli geyim və mətbəxləri ilə tanınırlar. Azərbaycan xalqının milli dəyərləri uzun əsrlər boyu xalqımızın yaşadığı tarixi ərazidə formalaşmış çox mühüm tarixi nailiyyət və milli sərvətdir. Bizim malik olduğumuz milli dəyərlərimizin kökündə, ilk növbədə, Vətənə qırılmaz tellərlə bağlılıq, yüksək milli-mədəni irs və adət-ənənələr dayanır. Azərbaycan xalqı daim öz milli dəyərlərinə sadiq olmuşdur. Hətta tarixi proseslərin müəyyən dövrlərində, milli dövlətçiliyimizin mövcud olmadığı dövrlərdə belə, xalqımız milli dəyərlərini unutmamış, öz növbəsində, milli dəyərlərimiz də xalqımızın bütövlüyünü qoruyub saxlamışdır”.

    “Azərbaycan xalqının milli dəyərlərinin və tarixi yaddaşının bərpasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri             olmuşdur”, – deyən Ali Məclisin Sədri         bildirmişdir ki, ümummilli liderimiz milli dəyərlərin mücərrəd sovet dəyərləri ilə əvəz olunması üçün səylər göstərildiyi ötən əsrin 70-ci illərində, əslində, bu prosesin əksinə gedərək Azərbaycan xalqına məxsus dəyərlərin bərpası və yaşaması istiqamətində taleyüklü tədbirlər görmüş, xalqımızın milli dəyərlərini özünə qaytarmışdır. Təsadüfi deyil ki, ən böyük milli dəyər olan Azərbaycan dili məhz həmin dövrlərdə geniş şəkildə işlənmiş, ali və orta məktəblər üçün Azərbaycan dili dərslikləri çap edilmişdir. Bundan başqa, Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili statusu almışdı. Bu dövrdə yeni yaşayış məntəqələrinə və obyektlərə milli qəhrəmanlarımızın adları verilir, tarixi yer adları bərpa olunur, “Nəsimi”, “Babək”, “Dədə Qorqud” kimi filmlər çəkilirdi. Azərbaycan ədəbiyyatında, musiqisində, təsviri sənətində xalqın milli ruhunu, adət-ənənələrini təbliğ və tərənnüm edən çoxsaylı yaradıcılıq nümunələri meydana çıxırdı.

            Ali Məclisin Sədri demişdir: “1993-cü ildə ikinci dəfə ali hakimiyyətə qayıdan ulu öndərimiz milli dəyərlərin qorunub yaşadılması sahəsində ötən əsrin 70-ci illərindən başlanan işləri Azərbaycanın müstəqil dövlətçilik şəraitində davam etdirmiş, milli dəyərləri milli dövlət quruculuğunun aparıcı elementinə çevirmiş, Azərbaycançılığı ümummilli ideologiya kimi irəli sürmüşdü. Bu ideologiyanın əsasını təşkil edən milli dövlətçilik, vətənpərvərlik, adət-ənənələrə bağlılıq prinsipləri bu gün də milli dəyərlərimizin yaşamasına təminat verir. Aydın məsələdir ki, indiki dövrdə milli dəyərlərin qorunması və yaşadılması üçün təkcə sağlam ideologiyanın mövcudluğu kifayət deyil. Hazırkı şərait həm də bu ideologiya ətrafında sıx birləşməyi və məqsədə doğru birgə addımlamağı tələb edir. Bütün bunlar əsas götürülərək bu gün müstəqil Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında milli dəyərlərə mühüm diqqət göstərilir, bu sahədə sistemli tədbirlər işlənib həyata keçirilir. Bir il bundan əvvəl, 2011-ci ilin dekabrında keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında 2012-ci il muxtar respublikamızda “Milli dəyərlər ili” elan olunmuşdur. Bununla bağlı geniş Tədbirlər Planı hazırlanmış və icra üçün rəhbərliyə alınmışdır. Ötən bir il ərzində bu sahədə görülən işlərin əhatə dairəsi xeyli genişlənmiş, bununla bərabər, milli dəyərlərin bərpası və gələcək nəsillərə çatdırılması ilə bağlı əvvəlki dövrlərdən başlanmış tədbirlər də davam   etdirilmişdir”.

            Ali Məclisin Sədri bildirmişdir ki, “Milli dəyərlər ili”nin nəticələri təqdirəlayiqdir. Ötən bir il ərzində muxtar respublikamızda beynəlxalq rəsm, folklor və muğam festivalları, ədəbi tədbirlər, yaradıcılıq təşkilatları üzrə müsabiqələr, ailə dəyərlərinin qorunub saxlanılması ilə bağlı seminarlar keçirilmiş, milli dəyərlərin əsas daşıyıcısı olan xalq yaradıcılığının müxtəlif sahələri üzrə kurslar təşkil olunmuşdur. Bu dövrdə “Naxçıvan mətbəxi” və “Naxçıvan tikmələri” kitabları çap edilmiş, xalq yaradıcılığının ən qədim qaynağını özündə yaşadan “Şərur yallı­ları”ndan ibarət disk buraxılmışdır. Uşaq və gənclər xalq sənəti sahələrinə cəlb olunmuş, “Milli dəyərlərimizi öyrənək və yaşadaq” rubrikası ilə teleradio verilişləri və qəzet materialları hazırlanmışdır. Aparılan tikinti-quruculuq işlərində milli ornamentlərin tətbiqinə üstünlük verilmiş, qədim milli musiqi alətlərində ifalara və milli geyimlərimizin təbliğinə diqqət artırılmışdır. Bununla yanaşı, elm, təhsil və mədəniyyət müəssisələrində mədəni-kütləvi tədbirlər keçirilmiş, xalçaçılıq, boyaqçılıq, papaqçılıq, misgərlik, dəmirçilik, taxta üzərində oyma kimi qədim xalq sənəti nümunələri canlandırılmışdır. Eyni zamanda bədii yaradıcılıq prosesində milli dəyərlərimizin öyrənilməsi və təbliği üstün istiqamət kimi götürülmüş, kitablar, jurnallar, kataloqlar çap edilmiş, televiziya filmləri hazırlanmışdır.

            Ali Məclisin Sədri milli dəyərlərimizin öyrədilməsi, yaşadılması və təbliğində əməyi olanların hamısına, bütün tədbir iştirakçılarına təşəkkürünü bildirərək demişdir: “Biz həyata keçirilən tədbirləri milli dəyərlərin öyrədilməsi və yaşadılması istiqamətində görülən işlərin yekunu yox, başlanğıcı hesab edirik. Bu sahədə görülən işlərlə kifayətlənmək olmaz. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması hər birimizin mühüm vəzifəsi olmalıdır. Biz öz tarixi dəyərlərimizə sahib çıxmasaq, ona başqaları sahib çıxacaqdır. Xalqımızın gələcəyini düşünürüksə, bu gələcəyi möhkəm təməllər – milli dəyərlər üzərində qurmalıyıq. Tarix sübut etmişdir ki, uğurlu gələcəyin yolu milli dəyərlərin yaşadılmasından, gənclərin təhsilindən və vətənpərvər tərbiyədən keçir. Bu mənada gənclərlə aparılan işlərdə milli dəyərlərə üstünlük vermək, vətənpərvərlik və Azərbaycançılıq prinsiplərini gücləndirmək lazımdır. Müasir dövrümüzdə həyatımıza daxil olan yad təsirlərdən qorunmaq üçün gənclərimizdə milli özünümüdafiə vərdişləri formalaşdırılmalı, milli dəyərlərə sahiblik hissi günü-gündən möhkəmləndirilməlidir. Bununla yanaşı, ümumbəşəri dəyərlərdən də düşünülmüş şəkildə istifadə olunmalı, elmi-texniki inkişaf və informasiya cəmiyyətinin ən yeni nailiyyətlərindən istifadə edilməli, milli özünüdərkin daşıyıcısı olan milli dəyərlərimiz daha da zənginləşdirilməlidir. Yerli icra hakimiyyətləri və digər aidiyyəti dövlət orqanları, eləcə də ictimai və yaradıcılıq təşkilatları milli dəyərlərimizin qorunması, unudulmaqda olan dəyərlərin bərpası və təbliği istiqamətində səylərini gücləndirməli, el sənətkarlarının fəaliyyətləri bundan sonra da dəstəklənməlidir”.

            Ali Məclisin Sədri çıxışını ümummilli     liderimiz Heydər Əliyevin “Milli dəyərləri olmayan millət həqiqi millət, milli dəyərləri olmayan xalq həqiqi xalq ola bilməz. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Biz öz milli dəyərlərimizlə fəxr edirik”, – fikri ilə tamamlamışdır.

            Tədbirin aparıcıları qeyd etmişlər ki, xalqımızın yaratdığı milli dəyərlər bizim ən qiymətli sərvətimizdir. Bu dəyərlər xalqımızın tarixini, dilini, adət-ənənələrini, ədəbiyyat və incəsənətini yaşadaraq bu günümüzə gətirib çıxarmışdır. 2012-ci ilin muxtar respublikada “Milli dəyərlər ili” elan edilməsi Vətən sevgisi, torpağa məhəbbət hisslərindən, milli dəyərlərə qırılmaz tellərlə bağlılıqdan qaynaqlanır.

            Sonra tədbir iştirakçıları xalq sənəti, milli musiqi və mətbəx nümunələrindən,  “Milli dəyərlər ili”nə həsr olunmuş kitab, jurnal və qəzetlərdən ibarət sərgiyə baxmışlar. Bildirilmişdir ki, “Milli dəyərlər ili”ndə muxtar respublikamızda xalq sənətkarlığının inkişafına diqqət artırılmışdır. İstehsal müəssisələrində milli sənətkarlıq və hədiyyəlik əşyaların hazırlanmasının  təşkili istiqamətində mütəmadi fəaliyyət göstərən emalatxanalarda sənətkarlar və həvəskarlar üçün 3 aylıq təlim kursları təşkil edilmiş, 10 sənətkarın əl işləri və rəsm əsərlərinin fərdi sərgi-satışı həyata keçirilmiş, xalçaçılıq və dekorativ tətbiqi sənət sahəsində fəaliyyət göstərən  sənətkarlara güzəştli şərtlərlə kredit verilmişdir. Muxtar respublikanın rayon və kəndlərində də “Milli dəyərlər ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilmiş, bir sıra xalq sənətini yaşadan qrup və dərnəklərin fəaliyyəti  bərpa olunmuşdur.

     Qeyd olunmuşdur ki, naxçıvanlı sənətkar­ların sərgidə nümayiş etdirilən boyaqçılıq, dulusçuluq, papaqçılıq, keçəçilik, misgərlik, qalayçılıq, dəmirçilik, ağacişləmə, toxuculuq, təsviri sənət və digər xalq sənətkarlığı nümunələri qədim diyarımızda formalaşan zəngin mədəniyyətin ifadəsidir.

            Ali Məclisin Sədri ayrı-ayrı sənətkarlarla görüşmüş, onların fəaliyyəti ilə maraqlanmış, muxtar respublikada fəaliyyət göstərən xalq sənətkarlarına bundan sonra da xüsusi diqqətin göstəriləcəyini qeyd etmiş, bu sahələrə gənclərin cəlb olunmasının əhəmiyyətini vurğulamışdır.

            Xalçaçılıq sənəti Azərbaycan xalqının milli dəyərlər sistemində özünəməxsus yer tutur. Zəngin təbiətə, əlverişli coğrafi şəraitə malik Naxçıvanda hələ qədim dövrlərdən xalçaçılıq sənətinin inkişafı üçün münbit şərait olmuşdur. Naxçıvan xalçaları Azərbaycan xalça sənətini öz ənənəvi naxışları və elementləri, özünəməxsus şux rəng çalarları ilə zənginləşdirən dəyərli incilərdir. Sərgidəki Naxçıvan qrupuna aid olan xalçalar, bədii tikmə və parça nümunələri, qədim Naxçıvan geyimləri maraqla qarşılanmış, hanada xalça toxunuşu nümayiş etdirilmişdir.

Sərgidə Naxçıvan mətbəxi nümunələrindən ibarət ayrıca guşə yaradılmış, hazırlanmış Naxçıvan mətbəxi nümunələri, milli yeməklər tədbir iştirakçılarına təklif olunmuşdur.

            Ali Məclisin Sədri tədbirdə iştirak edən koreyalı qonaqlarla görüşmüşdür. Cənubi Koreyanın “KOİCA”şirkətinin əməkdaşları Naxçıvan Dövlət Universitetində “Elektron universitet” layihəsini həyata keçirəcəklər. Ali Məclisin Sədri qonaqlara “Naxçıvan mətbəxi”, “Naxçıvan tikmələri” kitablarını və “Yallı” kompakt-diskini hədiyyə etmişdir. Qonaqlar Azərbaycan xalqının milli dəyərlərinin və keçirilən tədbirin onlarda zəngin təəssürat yaratdığını bildirmişlər.

            Ali Məclisin Sədri tədbirdə iştirak edən qadınlara “Naxçıvan mətbəxi”  kitabı hədiyyə etmiş, xalq yaradıcılığının davamçıları ilə xatirə şəkli çəkdirmişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR