Muxtar respublikada insanlar harada yaşamasından asılı olmayaraq dövlətin qayğısını öz üzərində hiss edir, qurub-yaradır, təsərrüfatla məşğul olurlar. Səfalı yaylaqlarda oba quran kənd adamlarının xoş güzəranı bunu bir daha təsdiq edir. Obalarda təsərrüfatla məşğul olan insanlar təkcə uca dağların deyil, həm də hərtərəfli dövlət qayğısının əhatəsində yaşayırlar. Onlarla mütəmadi görüşlərin keçirilməsi, yaylaqlarda səyyar tibbi və iaşə xidmətlərinin təşkili muxtar respublikada insan amilinə göstərilən diqqətin ifadəsidir.
İyulun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Batabat yaylaqlarına gəlmiş, burada məskən salan oba sakinləri ilə görüşmüşdür.
Heyvandarlardan Mətləb Nəcəfov, Həsən İsmayılov, Elçin Əliyev və Abdulla İsayev oba sakinləri adından minnətdarlıq edərək demişlər ki, bir zamanlar yaylaqlarda məskunlaşmaq insanlarda qorxu hissi yaradırdı. İndi isə vəziyyət tamam başqadır. Bu gün sərhədlərin etibarlı qorunması insanlara arxayınlıq, bu yerlərə isə yeni həyat bəxş edib. Yay aylarında obalara köç edənlərin sayı hər ötən il daha da artır. Kənd adamları dövlətin verdiyi kreditlərdən istifadə edərək təsərrüfatlarını genişləndirir, öz gün-güzəranlarını yaxşılaşdırırlar. Digər tərəfdən burada sakinlər mütəmadi olaraq tibbi müayinədən keçirilir. Baytarlıq və səyyar ticarət xidməti də hər birimizdə razılıq doğurur. Yaylaq sakinləri üçün yaradılan bu şərait insanları daha əzmlə çalışmağa sövq edir. Hər kəs məhsul istehsalını artırmaqla kənd təsərrüfatının inkişafına öz töhfəsini verməyə çalışır.
Oba sakinlərini salamlayan Ali Məclisin Sədri demişdir: Ölkəmizdə kənd adamlarına, torpaq mülkiyyətçilərinə, heyvandarlıq və maldarlıqla məşğul olan sahibkarlara hərtərəfli qayğı göstərilir. Kənd adamlarının Batabat yaylaqlarından səmərəli istifadə etməsi, burada rahat və təhlükəsiz yaşaması üçün bütün şərait vardır. Çünki torpaqlarımız etibarlı müdafiə olunur. Eyni zamanda buradakı ailələrə qayğı göstərilir, onların sağlamlıqlarının qorunması, öz təsərrüfatlarını genişləndirmələri diqqət mərkəzində saxlanılır. Bütün bu tədbirlər kənd adamlarının yaşayış səviyyəsini yaxşılaşdırmaqla yanaşı, həm kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, nəticədə isə ölkəmizin hərtərəfli inkişafına xidmət edir.
Ali Məclisin Sədri heyvandarlıqla məşğul olanlara bundan sonra da hərtərəfli qayğı göstəriləcəyini bildirmiş, onların ailə üzvlərinə və uşaqlara hədiyyələr təqdim etmiş, məişət şəraitləri ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, hazırda Batabat yaylaqlarında Şərur rayonunun Dizə, Babək rayonunun Cəhri, Gülşənabad, Şıxmahmud, Kəngərli rayonunun Çalxanqala, Xok və digər kəndlərindən olan 30-a yaxın ailə heyvandarlıqla məşğul olur. Ümumilikdə onların təsərrüfatında 10 mindən artıq xırdabuynuzlu heyvan və mindən artıq iribuynuzlu mal-qara saxlanılır. Oba sakinlərinə mütəmadi olaraq tibbi xidmət göstərilir. Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin əməkdaşları isə mütəmadi olaraq obalarda olur və yoluxucu xəstəliklərə qarşı tədbirlər görür, heyvandarlar arasında maarifləndirici söhbətlər edirlər.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti