09 Yanvar 2025, Cümə axşamı

İyulun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. Bu gün milli mətbuatın yaranmasının 140 illik yubileyini qeyd edirik. 22 iyul – ölkəmizin siyasi həyatında bir də onunla əlamətdardır ki, ümummilli liderimiz Heydər Əliyev 25 il bundan əvvəl – 1990-cı il iyulun 22-də Mos­kvadan Naxçıvana gələrək buradan öz xilaskarlıq missiyasına başlamışdır. Xalqımız üçün son dərəcə ağır olan 1990-1993-cü illərdə ulu öndərimizin rəhbərliyi ilə Azərbaycanın xilası naminə mühüm tədbirlər görülmüş, mətbuat xüsusi qayğı ilə əhatə olunmuş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur.
Ali Məclisin Sədri hər iki əlamətdar gün münasibətilə mətbuat işçilərini və muxtar respublika əhalisini təbrik edərək demişdir: Ölkəmizdə mətbuatın inkişafı ümummilli liderimizin adı ilə bağlıdır. Əgər on doqquzuncu əsrin sonlarında görkəmli Azərbaycan ziyalıları mətbuatı xalqın maariflənməsinə səfərbər edirdilərsə, dahi şəxsiyyətin ölkəmizə rəhbərliyi dövründə mətbuat milli ideologiyanın və ictimai şüurun inkişafında əsas vasitəyə çevrilmişdir.

Bu gün də ölkəmizdə mətbuatın inkişafına, söz, fikir və məlumat azadlığının təmin olunmasına xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli Sərəncamı mətbuata dövlət dəstəyinin daha bir ifadəsidir. Həmin sərəncamda deyilir ki: “1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazmışdır. Qəzet dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, insanları dini mövhumata və cəhalətə qarşı mübarizəyə çağırmış, ictimai-siyasi və bədii düşüncənin inkişafına güclü təsir göstərmişdir”.
Ali Məclisin Sədri demişdir: Ümumbəşəri dəyərləri, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycanda kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində zəruri tədbirlər görülür. Ölkəmizin mütərəqqi mətbuat ənənələrini layiqincə davam etdirən Naxçıvan mətbuatı da özünün inkişaf dövrünü yaşayır. Muxtar respublikanın şəhər və rayonlarının yüksək poliqrafik keyfiyyətlə çap olunan, dövriliyi təmin edilən və müasir iş şəraiti yaradılan mətbuat orqanları vardır.
Ali Məclisin Sədri yaradılan şəraitin, mətbuatın inkişafına dövlət tərəfindən göstərilən qayğının qarşıya mühüm vəzifələr qoyduğunu vurğulayaraq demişdir: Çalışıb ona nail olmalıyıq ki, mətbuatın yaradıcı gücü ulu öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın inkişafına yönəlsin. Hər bir kütləvi informasiya vasitəsi bugünkü həyatımızın salnaməçisinə çevrilməlidir. Mətbuat işçiləri tarixi-mədəni irsimizin, milli dəyərlərimizin təbliğatçısı olmalı, maarifçilik işi gücləndirilməlidir. Qəzet səhifələrində gənc nəslin milli mənlik şüurunun inkişafına xidmət edən yazılara üstünlük verilməlidir. “Əkinçi” qəzetinin əsas prinsipləri olan maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği və hadisələrin obyektiv işıqlandırılması bu gün də rəhbər tutulmalı, mətbuat vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak etməlidir.
Ali Məclisin Sədri ümummilli liderimizin “Hər bir kütləvi informasiya vasitəsi milli dövlət quruculuğu prosesində, vətəndaş cəmiyyətinin qurulmasında, milli və bəşəri dəyərlərin bərqərar edilməsində, ölkənin inkişafını təmin edən islahatların həyata keçirilməsində səmərəli iştirak etməli, həqiqət carçısı olmalıdır”, – fikrini xatırlatmış, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, onlara səmərəli yaradıcılıq arzulamışdır.
“Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasında mətbuat qayğı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra mətbuat orqanlarının maddi-texniki bazası daha da güclənmişdir. Bu gün Naxçıvan mətbuatı öz tarixi ənənələrinə söykənərək ictimai rəyin formalaşdırılması, milli dəyərlərin qorunması, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi sahəsində fəaliyyətini davam etdirir. Heç şübhəsiz ki, bu fəaliyyətin bir hərəkətverici qüvvəsi var – o da mətbuata göstərilən dövlət qayğısıdır. Muxtar respublika mətbuatı, eləcə də Azərbaycanın qocaman mətbuat orqanlarından biri olan “Şərq qapısı” qəzeti öz fəaliyyətini məhz bu istiqamətdə qurmağa çalışır.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin direktoru Məmmədrza Ələsgərov demişdir ki, Azərbaycan milli mətbuatının inkişafında jurnalistlərlə yanaşı, nəşriyyat işçilərinin də zəhməti çoxdur. Ölkəmizdə, eləcə də muxtar respublikamızda nəşriyyat işinin tarixi milli mətbuatın tarixi ilə birbaşa bağlıdır. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi 2001-ci ildə Ali Məclisin tabeçiliyinə verilmiş və yüksək qayğı ilə əhatə olunmuşdur. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin 2010-cu ildə istifadəyə verilən yeni binasında fəaliyyətimiz üçün bütün şərait vardır. Ən müasir avadanlıqlar quraşdırılmışdır. Yüksək poliqrafik keyfiyyətə malik olan bu avadanlıqlar muxtar respublikada nəşriyyat işinin keyfiyyətini xeyli yaxşılaşdırmışdır. Ötən 5 ildə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüzlərlə kitab və jurnal, minlərlə qəzet nüsxələri yüksək keyfiyyətlə çap olunmuşdur. Nəşriyyatın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər Azərbaycan milli mətbuatının 140 illik yubileyi ərəfəsində də davam etdirilmiş, Almaniya istehsalı olan ikinci ən müasir çap maşını alınaraq quraşdırılmışdır.
Tədbirdə çıxış edən “Şərq qapısı” qəzetinin şöbə müdiri Sara Əzimova demişdir: Muxtar respublikada mətbuat hərtərəfli qayğı ilə əhatə olunub. 10 ildən artıqdır “Şərq qapısı” qəzetində fəaliyyət göstərirəm. Bir gənc olaraq daim öz üzərimdə mənəvi dəstək hiss eləmişəm. Qəzetimiz 94 ilə yaxın bir yol keçib. Bu, böyük bir tarixdir. Əvvəlki qəzet nömrələrini də vərəqləyirik, inkişafın müqayisəsini aparırıq. Unutmuruq ki, “Şərq qapısı” böyük bir missiyanı yerinə yetirir. Qəzetin adı təkcə coğrafi məzmun kəsb etmir. Bu qəzet Şərqin ən gözəl dəyərlərinə doğru açılan qapıdır, bu günümüzün salnaməsidir. Sara Əzimova muxtar respublikada gənc jurnalistlərin fəaliyyəti üçün yaradılan şəraitə görə minnətdarlıq etmiş, Naxçıvan Muxtar Respublikasının bugünkü tərəqqi və inkişaf salnaməsini yaradaraq göstərilən etimadı əməli işlə doğruldacaqlarına söz vermişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli minnətdarlıq edərək demişdir ki, Azərbaycan milli mətbuatının əsası “Əkinçi” qəzeti ilə qoyulsa da, onun inkişafı ötən əsrin əvvəllərinə təsadüf edir. O dövrdə Naxçıvan torpağının yetirmələri olan Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar və Məhəmmədağa Şahtaxtlı kimi ziyalılar milli mətbuatın inkişafına əvəzsiz töhfələr vermişlər. Həmin dövrdə Naxçıvanda şərait olmadığına görə bu ziyalılar əsasən Bakıda, Tiflisdə fəaliyyət göstərirdilər. Lakin bu gün Naxçıvanda mətbuatın, televiziyanın inkişafı üçün hər cür şərait vardır. Kütləvi informasiya vasitələri ən müasir maddi-texniki baza ilə təmin olunmuş, jurnalistlərin sərbəst fəaliyyət göstərməsi üçün geniş imkanlar yaradılmışdır.
Jurnalistlərlə söhbəti davam etdirən Ali Məclisin Sədri demişdir ki, mətbuat işçiləri dövrün salnaməçiləridir. Dövr dəyişildikcə mətbuatın qarşısına qoyulan tələblər də dəyişilir. Qəzet və televiziya ictimai nəzarət funksiyasını həyata keçirən orqanlardır. Bu mənada hər bir jurnalist ictimai nəzarətçi kimi öz fəaliyyəti ilə cəmiyyətin inkişafına töhfələr verməlidir. Azərbaycan müstəqillik qazandıqdan sonra ulu öndərin diqqət və qayğısı ilə azad mətbuatın inkişafı üçün geniş imkanlar açıldı. 1990-1993-cü illərdə “Şərq qapısı” qəzeti cəmiyyət həyatının bütün sahələrinə nüfuz edərək dövrün güzgüsünə çevrilmişdi. Bu gün də muxtar respublikada qəzet və televiziyaların fəaliyyəti üçün hər cür şərait vardır. Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində Jurnalistika fakültələri fəaliyyət göstərir, gənc jurnalistlər nəsli yetişir.
Sonra tədbirdə Azərbaycan Respublikasının medallarına, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, Naxçıvan Muxtar Respublikasının “Rəşadətli əməyə görə” nişanlarına layiq görülənlərə müvafiq mükafatların təqdimatı olmuşdur.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli sərəncamları ilə Naxçıvan Muxtar Respublikası kütləvi informasiya vasitələrinin əməkdaşlarından 8-i “Tərəqqi” medalı, 1-i Azərbaycan Respublikasının “Əməkdar jurnalisti” və 1-i Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülmüşdür. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 21 iyul tarixli sərəncamları ilə Naxçıvan Muxtar Respublikasında mətbuat sahəsində səmərəli fəaliyyətlərinə görə kütləvi informasiya vasitələrinin əməkdaşlarından 3-nə Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalisti” fəxri adı verilmiş, 5-i Naxçıvan Muxtar Respublikasının “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuşdur.
Ali Məclisin Sədri təltif olunanlara “Tərəqqi” medalının, Azərbaycan Respublikasının “Əməkdar jurnalisti”, Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi”, Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalisti” fəxri adlarının, Naxçıvan Muxtar Respublikasının “Rəşadətli əməyə görə” nişanının vəsiqə və döş nişanlarını təqdim etmişdir.
Təltif olunanlardan Şəhla Nəbiyeva, Qahirə Hüseynova, Təhminə Babayeva, Mehriban Sultanova və Sərxan İsmayılov qeyd etmişlər ki, bu gün milli mətbuatın 140 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi müstəqil Azərbaycanda azad sözə, mətbuatın inkişafına göstərilən qayğının daha bir ifadəsidir. Yubiley ərəfəsində qələm sahiblərinin əməyi layiqincə qiymətləndirilmiş, onlar yüksək dövlət mükafatlarına layiq görülmüşlər. Mətbuat işçilərinin təltif olunması onların məsuliyyətini daha da artırır. Təltif olunanlar əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıq etmiş, bundan sonra da səylə çalışacaqlarına və ölkəmizin inkişafında yaxından iştirak edəcəklərinə söz vermişlər.
Sonda Ali Məclisin Sədri mətbuat işçiləri ilə xatirə şəkli çəkdirmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR