09 Yanvar 2025, Cümə axşamı

İyulun 21-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilmişdir.
Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
1. 2015-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
3. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
2015-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar çıxış edən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov demişdir ki, muxtar respublikada hesabat dövrü ərzində təhsil, mədəniyyət, səhiyyə, rabitə, energetika və digər sahələr də daxil olmaqla müasir tələblərə cavab verən yeni obyektlər istifadəyə verilmiş, yollar salınmış, körpülər tikilmiş, istehsal və xidmət sahələrinin yaradılması istiqamətində işlər davam etdirilmişdir. Cari ilin 6 ayı ərzində muxtar respublikada tikinti-quraşdırma işlərinə sərf olunmuş investisiyaların həcmi 2,7 faiz artmış, tikinti sahəsində 11 min nəfərə yaxın işçi çalışmışdır. Bu dövrdə muxtar respublikada 189 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov çıxış edərək demişdir ki, 2015-ci ilin ötən dövründə 439 sənaye müəssisəsi fəaliyyət göstərmişdir. Bunun nəticəsidir ki, 2015-ci ilin birinci yarımilində 491 milyon 381 min manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Cari ilin müvafiq dövründə kənd təsərrüfatı məhsulları istehsalı və emal sənayesini əhatə etməklə 28 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, muxtar respublikada 336 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir. 2015-ci ildə sahibkarlığın inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən biri olmuş, ümumi daxili məhsulda özəl bölmənin payı 87 faizi ötmüşdür. Əhalinin ərzaq məhsullarına olan tələbatının ilboyu ödənilməsinin təmin edilməsi məqsədilə yerli investisiyalar əsasında soyuducu anbarların sayı 20-yə, tutumu 12 min 250 tona, tərəvəz məhsullarının yetişdirilməsi üçün istixana komplekslərinin ümumi sahəsi 100 min kvadratmetrə, uzunmüddətli taxıl anbarlarının tutumu 27 min tona, qısamüddətli taxıl anbarlarının tutumu 43 min 380 tona, taxıl emalı müəssisələrinin sayı 17-yə, ətlik və yumurtalıq istiqamətində quşçuluq təsərrüfatlarının sayı 64-ə çatdırılmışdır.
Sessiyada çıxış edən Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov bildirmişdir ki, 2015-ci ilin birinci yarısında məşğulluq xidməti orqanlarına müraciət edən 1391 nəfər, Naxçıvan şəhəri və rayonlarda keçirilmiş əmək yarmarkalarında isə 332 nəfər işlə təmin olunmuşdur. Cari ilin altı ayı ərzində əmək bazarının tələbinə uyğun olaraq Naxçıvan Regional Peşə-Tədris Mərkəzində təşkil edilmiş peşə kurslarına, ümumilikdə, 195 nəfər cəlb edilmişdir. Muxtar respublikada həyata keçirilən sosial siyasət əhalinin məşğulluq imkanlarının artması və aztəminatlı ailələrin sayının azalması ilə nəticələnmişdir. 2015-ci ilin birinci yarısında aztəminatlı ailələrə ödənilən ünvanlı dövlət sosial yardımına 1 milyon 692 min manat sərf olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 min manat azdır. 2014-2015-ci tədris ilində məhdud fiziki imkanlı 40 uşaq məktəbəqədər təhsil müəssisəsinə, 78 uşaq ümumtəhsil müəssisələrinin birinci siniflərinə, 179 uşaq isə məktəbdənkənar müəssisələrin dərnəklərinə, musiqi məktəblərinə və idmanın müxtəlif növləri üzrə qruplara cəlb edilmişdir. Bu dövr ərzində eşitmə qabiliyyəti məhdud 7 uşaq üçün distant dərslərin tədrisi davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov qeyd etmişdir ki, cari ilin ötən dövrü ərzində ümumi inkişafı xarakterizə edən ümumi daxili məhsul istehsalının həcmi bir il öncəyə nisbətdə 5 faiz artaraq 1 milyard 86 milyon 578 min manat təşkil etmişdir. Etibarlı ərzaq təminatı sisteminin qurulması daxili bazarda tələbatın ödənilməsi ilə yanaşı, ixrac potensialını da gücləndirməkdədir. Belə ki, ötən dövr ərzində muxtar respublikadan kənara 38 milyon ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları, xüsusilə də meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur. Yanvar-iyun aylarında 1830 yeni iş yeri açılmışdır ki, bu iş yerlərinin də 98 faizi daimi iş yerləridir. Muxtar respublika iqtisadiyyatının inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə də şərait yaratmış, cari ilin yanvar-iyun aylarında muxtar respublikada 208 milyon 291 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 5 faiz artaraq 184 milyon 420 min Amerika Birləşmiş Ştatları dollarını ötmüş, idxalın həcmi isə 58,4 faiz azalaraq 23 milyon 871 min Amerika Birləşmiş Ştatları dolları həcmində olmuşdur. Xarici ticarət üzrə 160 milyon 550 min Amerika Birləşmiş Ştatları dollarından artıq həcmdə müsbət saldo yaranmışdır. Bundan başqa, 1 iyun 2015-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 4314 nəfər artaraq 441 min 381 nəfərə çatmışdır. Əhali artımında müsbət miqrasiya ilə yanaşı, doğulanların sayı əsas rol oynamış və bir il öncəyə nisbətdə bu göstərici 8 faiz artmışdır.
Sessiyanın gündəliyinə daxil edilmiş ikinci məsələ ilə əlaqədar çıxış edən Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında məlumat verərək demişdir ki, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2014-cü ildə bütün mənbələr hesabına 66 milyon 800 min manat proqnoza qarşı 74 milyon 84 min 717 manat vəsait daxil olmuş, tapşırıq 110,9 faiz icra olunmuşdur. Bu, nəzərdə tutulan məbləğdən 7 milyon 284 min 717 manat, 2013-cü illə müqayisədə isə 14,2 faiz, yaxud 9 milyon 227 min 94 manat çoxdur. 2014-cü ildə büdcə daxilolmalarının 83,7 faizi Vergilər Nazirliyi, 13,6 faizi Dövlət Gömrük Komitəsi tərəfindən, 2,6 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 2014-cü ildə 350 milyon 500 min manat təyinata qarşı 349 milyon 702 min 322 manat və ya 99,8 faiz icra olunmuşdur. Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2015-ci ilin birinci yarımilində bütün mənbələr hesabına 31 milyon 733 min manat proqnoza qarşı 35 milyon 709 min 290 manat və ya 112,5 faiz icra olunmaqla 3 milyon 976 min 290 manat artıq vəsait daxil olmuşdur. Bu dövrdə dövlət büdcəsinin xərcləri 214 milyon 567 min 763 manat dürüst təyinata qarşı 176 milyon 563 min 457 manat və ya 82,3 faiz olmuşdur.
Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul olunmuşdur.
Gündəlikdə duran üçüncü məsələnin müzakirəsi zamanı qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 3 aprel tarixli Qanunu ilə seçki komissiyası üzvünün səlahiyyətinə xitam verilməsi qaydasında dəyişik­lik edilmişdir. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununu bu dəyişik­liyə uyğunlaşdırmaq məqsədilə Qanun layihəsi hazırlanmışdır.
Sessiyada “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanunu qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sessiyada çıxış etmişdir. Bununla da dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası öz işini başa çatdırmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbovun çıxışı

Hörmətli deputatlar və sessiya iştirakçıları!
Ulu öndər Heydər Əliyev yolu ilə gedən Azərbaycanda hər il sosial-iqisadi inkişaf sahəsində mühüm nailiyyətlər qazanılır. Bu, öz əksini əhalinin yaxşılaşan həyat səviyyəsində, sabitlik və əmin-amanlıqda tapır. Əldə olunan sabitliyin nəticəsidir ki, bu gün Azərbaycan dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Bu yaxınlarda ilk Avropa oyunlarının yüksək səviyyədə təşkili və tam sabitlik şəraitində keçirilməsi Azərbaycanın iqtisadi qüdrətinin əyani ifadəsi idi. Ölkəmizin ilbəil artan iqtisadi gücünü şərtləndirən əsas amillərdən biri də regionların tarazlı inkişafının təmin edilməsidir.
Azərbaycanın digər iqtisadi rayonları kimi Naxçıvan Muxtar Respublikası da özünün quruculuq və inkişaf dövrünü yaşayır. Hazırda sosial-iqtisadi həyatın elə bir sahəsi yoxdur ki, orada quruculuq tədbirləri getməsin.
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına vaxtında əməl olunması, iqtisadi və sosial sahədə qarşıya qoyulan vəzifə və tapşırıqların yerinə yetirilməsi yeni istehsal sahələrinin və iş yerlərinin açılmasına, əhali məşğulluğunun yüksəldilməsinə, müasir infrastrukturun yaradılmasına səbəb olmuşdur. Cari ilin ilk yarısında sənaye, kənd təsərrüfatı, tikinti kimi maddi istehsal sahələrində, eləcə də xidmət sektorunda qeydə alınan göstəricilər deməyə əsas verir ki, muxtar respublikamız 2015-ci ili də yüksək nəticələrlə başa vuracaqdır.
Lakin bunlar son hədd deyil. Bizim əsas məqsədimiz iqtisadi və sosial sahədə qazanılan uğurların davamlılığını təmin etmək, əhalinin rifah halını daha da yaxşılaşdırmaqdır. Bu vəzifələrin icrası üçün isə aid dövlət orqanları fəaliyyətlərini daha da gücləndirməlidirlər.
İqtisadiyyat və Sənaye Nazirliyi istehlak bazarında qiymətlər üzərində nəzarət funksi­yasını gücləndirməli, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyətləri ilə birlikdə kənd təsərrüfatı və yerli istehsal məhsullarının satış yarmarkalarının təşkilini bundan sonra da davam etdirməlidir. Yeni müəssisələr yaradılarkən daxili bazarın tələbatı, tarixən formalaşmış təsərrüfatçılıq ənənələri nəzərə alınmalı, sahibkarlara güzəştli şərtlərlə dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilməlidir.
Aqrar sektorun inkişafını və modernləşdirilməsini sürətləndirmək, kənd təsərrüfatı məhsullarının ixrac imkanlarını daha da artırmaq məqsədilə 2015-ci il ölkəmizdə, eləcə də muxtar respublikamızda “Kənd təsərrüfatı ili” elan edilmişdir.
Bu gün torpaqlardan səmərəli istifadə qarşıda duran əsas vəzifələrdəndir. Əkinəyararlı torpaq sahələrinin məhdudluğu nəzərə alınaraq əkinçiliyin inkişafında intensiv amillərə üstünlük verilməlidir. Kənd təsərrüfatına yararlı torpaqlardan digər məqsədlər üçün istifadənin qarşısı alınmalı, onların əkin dövriyyəsinə cəlb olunması istiqamətində tədbirlər görülməlidir. Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları bitkiçilik məhsullarının əkinində ərazinin relyef və iqlim xüsusiyyətlərinin nəzərə alınması, növbəli əkin sisteminin tətbiqi ilə bağlı mütəmadi olaraq tədbirlər görməlidirlər.
Kənd təsərrüfatında innovasiyaların tətbiqi təşviq olunmalı, yeni texnologiyaların, müasir əkin və suvarma metodlarının, qabaqcıl təcrübənin tətbiqinə diqqət artırılmalıdır. Düzgün seçilməyən əkin və suvarma metodları torpaqların şoranlaşmasına və eroziyaya uğramasına səbəb olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə birlikdə muxtar respublikada şoranlaşmış və eroziyaya uğramış torpaqların mütəmadi monitorinqini aparmalı, şoranlaşmış torpaqların yenidən əkin dövriyyəsinə qaytarılmasını təmin etməlidir.
Dünya təcrübəsi göstərir ki, kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinin əsas yollarından biri də ayrı-ayrı ailə təsərrüfatlarının birləşərək iri təsərrüfatlar yaratmasıdır. Bu, məhsul istehsalına çəkilən xərclərin azalmasına, eləcə də ixrac potensialının artmasına öz təsirini göstərə bilər. Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları yerlərdə iri fermer təsərrüfatlarının yaradılması məqsədilə maarifləndirici tədbirlər aparmalıdırlar.
Əkilmiş sahələrdən bol məhsul götürülməsində suvarmanın düzgün təşkili mühüm əhəmiyyətə malikdir. Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi, yerli icra hakimiyyətləri su itkisinin qarşısını almaq üçün su bölgüsünün səmərəli təşkil olunmasını təmin etməli, kanal və arxların vaxtında təmizlənməsi və bərpası işlərinə diqqəti artırmalıdırlar.
Kənd təsərrüfatının inkişafına maliyyə dəstəyi gücləndirilməli, muxtar respublikada fəaliyyət göstərən bank və kredit təşkilatları, həmçinin Sahibkarlığa Kömək Fondu kənd təsərrüfatına yönəldilən kreditlərin həcmini artırmalı və əhatə dairəsini genişləndirməlidirlər.
Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Baş Sığorta Agentliyi kənd təsərrüfatında sığorta işinin təşkilinə diqqəti artırmalı, istehsalçıları mümkün sığorta hadisələri barədə maarifləndirməlidirlər.
İqtisadiyyat və Sənaye Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə tələbatdan artıq istehsal olunan kənd təsərrüfatı məhsullarının ixracı üçün sahibkarlara lazımi dəstək verməlidirlər. Eyni zamanda yerli icra hakimiyyəti orqanları ilə birlikdə mövsüm ərzində məhsulun soyuducu anbarlar tərəfindən tədarükü də təmin olunmalıdır. Dövlət Gömrük Komitəsi daxili bazarın qorunması məqsədilə kənd təsərrüfatı məhsullarının idxalının mövsümə uyğun tənzimlənməsini davam etdirməlidir.
Ərzaq təhlükəsizliyinin təmin olunmasında heyvandarlıq, quşçuluq və arıçılığın inkişafına da diqqət artırılmalıdır. Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Xidməti ilə birlikdə qeyd edilən sahələrdə məhsuldarlığın yüksəldilməsi məqsədilə xəstəliklərə qarşı mübarizə tədbirlərinin vaxtında aparılmasına nəzarət etməlidirlər.
Muxtar respublikada əsas kapitala yönəldilən investisiyaların həcminin ildən-ilə artması tikinti-quruculuq işlərinin miqyasının və əhatə dairəsinin də genişlənməsinə səbəb olmuşdur. Tikinti işlərinin yüksək keyfiyyətlə aparılması məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyi ərazinin relyefinə uyğun konstruksiyaların seçilməsinə, tikinti layihələrinin ciddi şəkildə təhlil olunmasına və keyfiyyətli materiallardan istifadəyə nəzarəti artırmalıdır.
Rabitə və Yeni Texnologiyalar Nazirliyi rabitə və poçt xidmətinin, genişzolaqlı və simsiz internetin əhatə dairəsini genişləndirməlidir. “Evədək optika” və “Elektron hökumət” layihələrinin icrası üçün aid təşkilatlarla birlikdə bütün səylər səfərbər olunmalıdır.
Muxtar respublikamızda enerji təhlükəsizliyinin təmin olunması üçün məqsədyönlü tədbirlər görülür. Dövlət Energetika Agent­liyi, “Naxçıvanqaz” İstehsalat Birliyi və yerli icra hakimiyyəti orqanları qaz və elektrik enerjisi itkilərinə səbəb olan nöqsanları aradan qaldırmalı, müasir tipli elektrik və qaz sayğaclarının quraşdırılması davam etdirilməlidir.
Təhsil Nazirliyi tədrisin yeni metodlar və təlimin texniki vasitələrdən istifadə əsasında qurulmasına nail olmalı, məktəblərin pedaqoji kadrlara olan tələbatının müəyyənləşdirilməsi və ixtisaslı müəllimlərlə təmin edilməsi üçün zəruri tədbirlər görməli, distant dərslərin və muzeylərdə açıq dərslərin keçirilməsini davam etdirməlidir.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi elmi nailiyyətlərin təcrübəyə tətbiqini gücləndirməli, “Naxçıvan tarixi” çoxcildliyinin üçüncü cildinin nəşrə hazırlanmasını başa çatdırmalı, aparılan elmi tədqiqatların aktuallığına nail olmalıdır.
Ali təhsil müəssisələri müasir tədris texnologiyalarından istifadə etməklə təhsilin keyfiyyətinin yüksəldilməsinə və məzmunun yeniləşdirilməsinə nail olmalıdırlar. Ali məktəblərin beynəlxalq elmi əlaqələri genişləndirilməlidir. Əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanması diqqətdə saxlanmalı, tədris proqramlarında daim yeniləşmələr aparılmalıdır. Perspektiv inkişaf və kadr hazırlığı nəzərə alınaraq aidiyyəti dövlət orqanları ali təhsil müəssisələrinin müvafiq ixtisaslarını himayəyə götürməlidirlər.
Səhiyyə Nazirliyi səhiyyə müəssisələrində tibbi avadanlıqlardan səmərəli istifadəni təmin etməlidir. Əczaxanaların fəaliyyətinə, satılan dərman preparatlarının keyfiyyətinə və qiymətinə nəzarət olmalıdır. Səhiyyə sistemində əsas vəzifələrdən biri də tibbi heyətin peşəkarlığının artırılmasıdır.
Mədəniyyət və Turizm Nazirliyi tabeliyində olan müəssisə və təşkilatların fəaliyyətini müasir tələblər səviyyəsində qurmalı, xalq teatrlarının, folklor qruplarının işi canlandırılmalı, muxtar respublikanın turizm potensialından səmərəli istifadə edilməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək bazarında müxtəlif peşələr üzrə kadrlara olan tələbatı müəyyənləşdirməli, peşə hazırlığını əmək bazarının tələblərinə uyğunlaşdırmalı, şəhər və rayonlarda əmək yarmarkalarının keçirilməsini davam etdirməlidir.
Dövlət Sosial Müdafiə Fondu əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınmasını və sosial sığorta şəhadətnamələri ilə təmin olunmasını diqqətdə saxlamalıdır.
Hüquq-mühafizə orqanları ictimai asayişin və sabitliyin qorunması üçün tədbirləri gücləndirməli, profilaktika işi ardıcıl olaraq həyata keçirilməli, vətəndaşların müraciətlərinə vaxtında baxılmalıdır.
Yerli icra hakimiyyəti orqanları abadlıq işlərinin keyfiyyətinə, istifadəyə verilmiş inzibati və sosial obyektlərin qorunub saxlanılmasına nəzarəti gücləndirməli, məişət tullantılarının vaxtında toplanmasını təşkil etməli, müəssisə və təşkilatlarda nizam-intizam gücləndirilməli, qanunsuz tikililərin qarşısı alınmalı, salınmış yaşıllıq və gülkarlıqlar qorunmalıdır. Vətəndaşların müraciətləri yerində araşdırılmalıdır.
Muxtar respublikanın kütləvi informasiya vasitələrində maarifçilik xətti gücləndirilməli, ədəbi dil normaları qorunmalı, tarix və vətənpərvərlik mövzularında materialların hazır­lanmasına diqqət artırılmalıdır. Mətbuat işçiləri muxtar respublikanın inkişafında yaxından iştirak etməlidirlər.
Muxtar respublikamızda əldə olunmuş inkişaf göstəriciləri bundan sonrakı dövrdə də fəaliyyət üçün ciddi əsaslar yaradır. “Kənd təsərrüfatı ili”nin uğurla başa vurulması üçün bütün imkanlar səfərbər olunmalıdır.
Biz bugünkü işimizlə, fəaliyyətimizlə müstəqil ölkəmizin gələcəyinə öz töhfəmizi veririk. Azərbaycanın gələcək inkişafının təməlinin bu gündən qoyulduğunu bildirən ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycan güclü ölkədir. Bizim yolumuz ədalət yoludur. Yolumuz haqq yoludur, inkişaf yoludur, tərəqqi yoludur. Biz bu yolla uğurla gedirik və gedəcəyik”.


Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR