İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirəsi keçirilib.
Prezident İlham Əliyev müşavirədə deyib ki, bu ilin 6 ayının yekunları çox müsbətdir və Azərbaycan uğurla inkişaf edir. Dövlətimizin başçısı bildirib ki, son 6 ayda iqtisadiyyat 5,7 faiz, qeyri-neft sektoru 9,2 faiz artıb. Sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi 14 faizdən çox artıb. Ölkədə inflyasiya 3,5 faiz, əhalinin pul gəlirləri 6,2 faiz olub. Kənd təsərrüfatında 7,3 faiz artım qeydə alınıb. Son 6 ayda ölkəmizə 12,7 milyard manat sərmayə qoyulub.
Sonra Maliyyə naziri Samir Şərifov, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov ilin 6 ayının yekunları ilə bağlı məruzələrlə çıxış ediblər.
Yekun nitqində Prezident İlham Əliyev ilin sonuna qədər iqtisadi artımın yüksək templərinin və makroiqtisadi sabitliyin saxlanması, dövlət investisiya proqramının, yeni infrastruktur, o cümlədən sosial layihələrin icrası ilə bağlı işlərin görülməsinin vacibliyini bildirib. Bölgələrin qaz, elektrik enerjisi və içməli su ilə təminatının daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verən Prezident İlham Əliyev bu layihələrin tam icrası məqsədilə müvafiq vəsaitin ayrılacağını da deyib.
AZƏRTAC