09 Yanvar 2025, Cümə axşamı

İyulun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan-10: təhsil prosesinin təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Əvvəlcə konfrans iştirakçıları Naxçıvan Dövlət Universitetinin elektron təhsil sistemi və rəqəmsal multimedia infrastrukturu ilə tanış olmuşlar.

Məlumat verilmişdir ki, ali təhsil ocağında informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq olunmuş, yüksək tələblərə cavab verən elektron idarəetmə və tədris sistemi yaradılmışdır. İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində 30 terabayt həcmində xüsusi serverlər və internet paylaşdırıcılar yerləşdirilmiş, universitet vahid telefon şəbəkəsinə qoşulmuşdur. Mərkəzi serverdə universitetin tələbə və müəllim kontingenti haqqında məlumatlar, idarəetmə ilə bağlı sənədləşmə işləri, müəllimlərin elektron imzaları yerləşdirilmiş, tədris planları və mühazirələrin elektron bazası yaradılmış, elektron mühazirə və imtahan otaqları istifadəyə verilmişdir. Rəqəmsal multimedia infrastrukturu videodərslərin hazır­lanmasına və distant tədrisin tətbiqinə geniş imkanlar açmış, universitet televiziyasının texniki imkanları yüksəldilmişdir. Tele­viziyada ən müasir kameralar, video və səs sistemləri, montaj avadanlıqları və virtual studiya quraşdırılmış, onlayn dərslərin hazırlanması və çəkilişlərin aparılması üçün xüsusi proqramla təmin olunmuşdur.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə və konfrans iştirakçıları Konservatoriya binasının foyesində universitetin müəllim və tələbələrinin müxtəlif mövzu və janrlarda çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxmışlar. Sərgidə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin portretləri, muxtar respublikanın təbiət mənzərələrini əks etdirən rəsm əsərləri nümayiş etdirilmişdir.
Sərgi ilə tanışlıqdan sonra Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasının akt zalında “Elektron Naxçıvan-10: təhsil prosesinin təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans öz işinə başlamışdır.
Konfransda çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov demişdir ki, muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarından təhsil sistemində geniş istifadə olunur. Naxçıvan Dövlət Universitetində də bu sahədə mühüm işlər görülmüş, idarəetmə sistemi və tədris prosesi yüksək texnologiyalar əsasında qurulmuşdur. Universitetdə 42 elektron lövhə, 750-yə yaxın kompüter, 15 elektron kürsü quraşdırılmışdır. Yaradılan şərait tədrisin səviyyəsini yüksəltməklə yanaşı, müxtəlif səviyyəli tədbirlərin keçirilməsinə də əlverişli şərait yaratmışdır. Bunun nəticəsidir ki, son 20 ildə universitetdə 200-ə yaxın beynəlxalq və ölkə əhəmiyyətli elmi konfrans və simpoziumlar keçirilmişdir. 2005-ci ildən etibarən hər il keçirilən “Elektron Naxçıvan” beynəlxalq konfransı universitetin əlaqələrinin genişlənməsinə geniş imkanlar açmış, Amerika Birləşmiş Ştatları, Çin, Fransa, Rusiya, Cənubi Koreya, Türkiyə, Kanada, Pakistan, Polşa, İsveçrə, Qazaxıstan, Özbəkistan universitetlərinin təmsilçilərinin Naxçıvan Dövlət Universitetinə maraqları artmışdır. Bunun nəticəsidir ki, həm elektron məkanda, həm də elmi mühitdə qarşılıqlı əlaqələr inkişaf etmiş, elmin, təhsilin, tədrisin, tələbə və müəllim mobilliyinin inkişafına nail olunmuşdur.
Saleh Məhərrəmov Naxçıvan Dövlət Universitetində informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində həyata keçirilən tədbirlərə və yaradılan şəraitə görə minnətdarlıq etmişdir.
Sonra muxtar respublikada informasiya cəmiyyətinin formalaşdırılması və “Elektron Naxçıvan” layihəsi çərçivəsində görülən işlərdən bəhs edən film nümayiş olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir ki, 2005-ci ildən başlayaraq hər il Naxçıvanda “Elektron Naxçıvan” mövzusunda beynəlxalq konfrans keçirilir. Bu gün çox mühüm məsələyə – təhsil prosesinin təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının roluna həsr olunmuş konfrans öz işinə başlayır.
Ali Məclisin Sədri bu münasibətlə konfrans iştirakçılarını və qonaqları təbrik etmiş, təşkilatçılara təşəkkürünü bildirmiş, alim və tədqiqatçılara elmi fəaliyyətlərində uğurlar arzulayaraq demişdir: Hər dövrün öz qanuna­uyğunluqları var. Buna uyğun olaraq ölkələrin inkişaf kriteriyaları müəyyənləşir. Bu gün hələ böyük əhali potensialına və orduya malik olan ölkələri güclü ölkə hesab etmirlər. O ölkə güclüdür ki, elm tutumlu qabaqcıl texnologiya və böyük informasiya çəkisinə malik olsun. İndi dünyanı informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir. İnformasiya-kommunikasiya texnologiyaları insanların gündəlik həyatına nüfuz etmiş, elmin və təhsilin inkişafında, müasir iqtisadi sistemin formalaşdırılmasında mühüm faktora çevrilmişdir.
Ali Məclisin Sədri demişdir: Azərbaycanda yeni texnologiyaların tətbiqinə ötən əsrin 70-ci illərindən başlanmışdır. O dövrdə ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası iki istiqamətdə həyata keçirilirdi. Bu istiqamətlərdən biri tarixi-mədəni irsin və milli dəyərlərin qorunub yaşadılması idisə, digər istiqamət müasir texnologiyalı iqtisadi sistemin formalaşdırılmasına hesablanmışdı. Azərbaycanda hesablama texnika və avadanlıqlarının istehsalı hesabına hələ o dövrdə informasiya texnologiyalarının təhsil sahəsinə tətbiqinin əsası qoyulmuşdu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev informasiya texnologiyalarının inkişafını əsas sahə elan edərək demişdir: “İnformasiya-kommunikasiya texnologiyaları sahəsi bizim üçün prioritet sahələrdən biridir. Çünki bu sahə inkişaf, biznes, təhsil, şəffaflıq, gələcəyə aparan yol deməkdir”. Bu gün Azərbaycanı gələcəyə aparan yolun uğurları aydın görünür. Bu yol xalqın həyat tərzinin daha da yaxşılaşmasına, rifah və tərəqqiyə hesablanıb. Bunun üçün ardıcıl tədbirlər görülür. Bütün sahələrdə müasir texnologiyalar tətbiq olunur.
Ali Məclisin Sədri demişdir: Naxçıvan Muxtar Respublikası uzun müddətdir ki, blokada şəraitində yaşayır. Buna baxmayaraq, informasiya-kommunikasiya texnologiyaları infrastrukturu ilbəil müasirləşdirilir. Yaşayış məntəqələrində yeni nəsil telekommunikasiya sistemlərinin qurulması rabitə xidmətlərinin səviyyəsini artırmış, mövcud avtomat telefon stansiyalarının 96 faizi fiber-optik arabağlantı ilə təmin edilmişdir. Bu gün Naxçıvan şəhərində də, ən ucqar dağ kəndində də əhali və təhsilalanlar informasiya-kommunikasiya texnologiyalarının imkanlarından eyni səviyyədə yararlanırlar. Artıq Naxçıvan informasiya blokadasından çıxmış, genişzolaqlı və simsiz internetdən istifadə insanların gündə­lik həyat tərzinə çevrilmişdir. Aydın məsələdir ki, informasiya cəmiyyətinə keçid insanların yeni texnologiyalardan istifadə imkanlarını artırmaq hesabına mümkündür. Bu gün Naxçıvanda sürətlə kompüterləşmə gedir. Yaşayış məntəqələrinin 94 faizində genişzolaqlı, 80 faizindən çoxunda isə simsiz internet xidmətləri göstərilir.
Ali Məclisin Sədri təhsildə informasiya texnologiyalarının tətbiqinin cəmiyyətin intellektual inkişafının başlıca şərti olduğunu vurğulayaraq demişdir: Naxçıvan Muxtar Respublikasında elektron təhsilin inkişafı sahəsində görülən işlər də məhz bu məqsədə xidmət edir. Muxtar respublikanın ali, orta ixtisas, peşə və ümumtəhsil məktəblərində elektron tədrisdən istifadə təmin edilmiş, təhsil müəssisələrində 5 minə yaxın kompüter, 650-dən çox elektron lövhə quraşdırılmış, sürətli internetə çıxış imkanı yaradılmış, distant təhsil şəbəkəsi qurulmuşdur. Bundan başqa, sağlamlıq imkanları məhdud uşaqların da təhsilə inteqrasiyası məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilmiş, görmə və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün audio və elektron kitabxana yaradılmışdır.
Artıq 10 ildir ki, keçirilən “Elektron Naxçıvan” konfransları nəinki Naxçıvan Dövlət Universitetində, ümumilikdə muxtar respublikada informasiya cəmiyyətinə keçid və elektron təhsilin inkişafı sahəsində mühüm mərhələyə çevrilib. Bu da öz bəhrəsini vermiş, son illər Naxçıvan Dövlət Universitetində İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi, distant tədris şəbəkəsi və multimedia infrastrukturu qurulmuş, elektron təhsil sistemi yaradılmışdır.
“Elektron təhsil sisteminin formalaşdırılması mürəkkəb və çoxşaxəli prosesdir. Ona görə ki, informasiya texnologiyaları daim inkişafdadır. Bu inkişafla ayaqlaşmaq və dünya təcrübəsindən yararlanmaq isə qarşıda duran əsas vəzifələrdəndir”, – deyən Ali Məclisin Sədri “Elektron Naxçıvan-10” beynəlxalq konfransının təhsilin daha da təkmilləşdirilməsi sahəsində faydalı olacağına inamını ifadə etmiş, konfransa öz işində uğurlar arzulamışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxış edərək demişdir ki, “Elektron Azərbaycan”ın tərkib hissəsi olan “Elektron Naxçıvan” 10 il ərzində böyük inkişaf yolu keçmiş, informasiya cəmiyyətinin formalaşmasında yeni mərhələ olmuşdur. Bu gün muxtar respublikada bütün sahələrdə keyfiyyətli informasiya-kommunikasiya texnologiyaları infrastrukturu yaradılmışdır. Məhz “Elektron Naxçıvan” çərçivəsində əldə edilən nailiyyətlər hesabına blokada şəraitində yaşayan muxtar respublikanın qlobal virtual məkana çıxış imkanları daha da genişlənmişdir. Bu gün Naxçıvan Muxtar Respublikası intellektual potensialına və informasiya-kommunikasiya texnologiyalarının infrastruktur göstəricilərinə görə ölkəmizdə yüksək göstəriciyə malikdir. Naxçıvanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı sürətli sosial-iqtisadi inkişafa, o cümlədən təhsilin səviyyəsinin yüksəldilməsinə təkan vermiş, Naxçıvan Dövlət Universiteti informasiya-kommunikasiya texnologiyalarının yüksək səviyyədə tətbiq edildiyi nümunəvi ali məktəbə çevrilmişdir.
Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında demişdir ki, hazırda ölkəmizdə informasiya texnologiyalarına əsaslanan müasir təhsil sistemi qurulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlara, qəbul edilən dövlət proqramlarına uyğun olaraq, təhsil infra­strukturu daim təkmilləşdirilir, təhsil müəssisələrində ən mütərəqqi tədris metodlarından istifadə olunur. Elektron dərsliklərin hazırlanması, ümumtəhsil məktəblərinin kompüterləşməsi, rəqəmsal tədris infrastrukturunun formalaşdırılması gənc nəslin hərtərəfli böyüməsinə imkan verir. Muxtar respublikada da bu sahədə kompleks tədbirlər görülür, müasir təhsil infrastrukturu yaradılır.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli qeyd etmişdir ki, muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları əsasında təhsilin keyfiyyətinin yüksəldilməsi və elektron universitet quruculuğu prioritet istiqamətə çevrilmişdir. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi, xüsusilə təhsil müəssisələrinin kompüterləşdirilməsi və maddi-texniki bazasının müasirləşdirilməsi bunu bir daha təsdiq edir. Bu gün Naxçıvan Dövlət Universitetində keçirilən “Elektron Naxçıvan-10” beynəlxalq konfransı Naxçıvan Muxtar Respublikasında, ümumilikdə ölkəmizdə ali təhsil sisteminin informasiyalaşdırılması sahəsində atılan mühüm addımdır. Bu mənada “Elektron Naxçıvan” konfransları informasiya-kommunikasiya texnologiyalarının inkişafının Naxçıvan modeli kimi qəbul olunur. Bu layihənin həyata keçirilməsi Naxçıvan Dövlət Universitetinin beynəlxalq təhsil layihələrində iştirakına təkan vermiş, vətənpərvər, yüksək intellektli və dövlətçiliyə sədaqətli gənc nəslin yetişməsinə səbəb olmuşdur.
Beynəlxalq konfransda çıxış edən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan bu gün informasiya texnologiyalarının inkişafı sahəsində böyük nailiyyətlər qazanmışdır. Muxtar respublikada informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər ölkəmizdə bu sahənin inkişafına təkan verir. “Elektron Naxçıvan-10” beynəlxalq konfransının keçirilməsi muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının inkişafının daha bir göstəricisidir.
Konfransın gedişində Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və İnformasiya Texnologiyaları institutları, Azərbaycan Dillər Universiteti, Türkiyənin Ərzurum Atatürk Universiteti, Estoniyanın Tallin, İngiltərənin Vorvik universitetləri ilə videobağlantılar yaradılmış, Naxçıvan Dövlət Universitetinin Baytarlıq təbabəti korpusunda aparılan cərrahi əməliyyat, eləcə də elektron imtahan prosesi birbaşa izlənilmişdir.
Sonda Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələri konsert proqramı ilə çıxış etmişlər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR