Bu gün Naxçıvan Muxtar Respublikasında gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinə, fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə xüsusi diqqət yetirilir. Son illər aparılan quruculuq işləri məktəbəqədər tərbiyə müəssisələrini də əhatə etmişdir. Artıq muxtar respublikada yerləşən uşaq bağçaları müasir binalarda fəaliyyət göstərir. Şahbuz Şəhər Uşaq bağçası üçün də yeni bina inşa olunmuşdur.
İyunun 25-də Şahbuz Şəhər Uşaq bağçasının yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Tədbirdə valideyn İntizar Məmmədova çıxış edərək demişdir ki, muxtar respublikada aparılan abadlıq-quruculuq tədbirləri Şahbuz rayonunu da əhatə etmişdir. Həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərinin əsasını təhsil ocaqlarının, məktəbəqədər tərbiyə müəssisələrinin tikintisinin təşkil etməsi ölkəmizdə gələcəyimiz olan uşaqlara göstərilən qayğıdan xəbər verir. Şahbuz şəhərində bu cür yaraşıqlı və hərtərəfli şəraiti olan uşaq bağçasının istifadəyə verilməsi sakinlərin sevincinə səbəb olmuşdur. Çünki yaradılan bu şərait övladlarımızın düzgün tərbiyə almasına və sağlam böyüdülməsinə hesablanmışdır. İntizar Məmmədova göstərilən diqqət və qayğıya görə valideynlər adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz Şəhər Uşaq bağçasının istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını, valideynləri və uşaqları təbrik edərək demişdir: Bu gün ölkəmizdə ümummilli lider Heydər Əliyevin yolu uğurla davam etdirilir, bütün sahələrin inkişafına dövlət qayğısı göstərilir. Lakin uşaqlara və gənclərə göstərilən qayğı bu tədbirlər içərisində xüsusi yer tutur. Çünki uşaqlara qayğı gələcəyimizə göstərilən qayğıdır. Onların sağlam böyüməsi, yaxşı təhsil alması və əsl vətəndaş kimi yetişməsi ölkəmizin gələcəyinə xidmət edir. Bu gün Şahbuz Şəhər Uşaq bağçasının istifadəyə verilməsi də bu tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Uşaqlara, onların təlim-tərbiyəsinə, təhsilinə qayğı bizim əsas borcumuzdur”. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikada məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin gücləndirilməsi, müasir uşaq bağçalarının istifadəyə verilməsi ulu öndərin tövsiyələrinin yerinə yetirilməsinin daha bir ifadəsidir. Şahbuz Şəhər Uşaq bağçası son illər muxtar respublikada istifadəyə verilən 17-ci məktəbəqədər təhsil müəssisəsidir. Burada 13 qrupda 242 uşaq təlim-tərbiyə alacaq, məktəbə hazırlıq kursları keçəcəklər. Bu da uşaqların gələcək məktəb illərində çətinlik çəkmədən təhsillərini davam etdirməsinə imkan verəcəkdir. Çünki uşaqların gələcəkdə məktəbdə yaxşı təhsil alması məktəbəqədər təhsilin düzgün təşkilindən asılıdır.
Ali Məclisin Sədri demişdir: Uşaq bağçalarının yaradılması, onların fəaliyyətinin təmin olunması məktəbəqədər təhsilin düzgün təşkili ilə yanaşı, həm də ailələrə dəstəkdir. Valideynləri işləyən uşaqlar, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan ailələrdə böyüyən uşaqlar bağçada təlim-tərbiyə alır, onların məktəbəqədər tərbiyəsi düzgün təşkil olunur. Bu mənada bağçaların yaradılması və fəaliyyətinin təmin edilməsi həm də işləyən və xüsusi qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı kimi mühüm əhəmiyyət daşıyır. Ona görə də kollektiv uşaqların məktəbə hazırlığına, qidalanmasına və sağlamlığına xüsusi diqqət yetirməlidir.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin kollektiv tərəfindən uğurla yerinə yetiriləcəyinə əminliyini bildirmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, 4 mərtəbədən ibarət olan uşaq bağçasında yataq və soyunub-geyinmə otaqları, yemək və oyun zalları, valideynlər üçün gözləmə otağı, tədbirlər zalı, yeməkxana, bufet, metodist və tibb otaqları, dərzi, anbar və camaşırxana vardır. Burada uşaqların təlim-tərbiyəsi ilə 25 tərbiyəçi-müəllim məşğul olur.
Bina ilə tanışlıq zamanı Ali Məclisin Sədri valideynlərlə görüşmüşdür.
Valideynlərdən Növrəstə Xudiyeva, Aysel Seyidova və Sədayə Vəliyeva sakinlər adından minnətdarlıq etmişlər.
Növrəstə Xudiyeva demişdir: Bu gün müstəqil Azərbaycanın inkişafı hər bir sakini qürurlandırır. Bu inkişafın tərkib hissəsi kimi uşaqlara göstərilən qayğı isə valideynləri ikiqat sevindirir. Muxtar respublikada gələcəyimiz olan gənc nəsil dövlət qayğısı əhatəsindədir. Yeni bağçada uşaqların məktəbəqədər tərbiyəsi hərtərəfli təşkil olunacaqdır. Valideyn kimi bu qayğının müqabilində üzərimizə düşən məsuliyyəti dərk edirik. Çalışacağıq ki, xalqımıza, dövlətçiliyimizə sadiq layiqli vətəndaşlar yetişdirək.
Tədbirlər zalında uşaqlar şeir və mahnılar söyləmiş, rəqs etmişlər.
Ali Məclisin Sədri metodiki vəsaitlərdən düzgün istifadə olunması, uşaqların sağlamlığına və qidalanmasına ciddi nəzarət olunması, təmizliyə, gigiyenik tələblərə lazımi şəkildə əməl edilməsi barədə tapşırıqlar vermişdir.
Bağçanın ətrafında abadlıq işləri görülmüş, həyətdə oyun meydançası yaradılmışdır.
* * *
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz şəhərində aparılan abadlıq işləri ilə də tanış olmuşdur.
Bildirilmişdir ki, Şahbuz şəhərində uşaq bağçası inşa olunarkən bir sıra abadlıq işləri də görülmüş, şəhərin küçələrinə yeni görkəm verilmiş, işıqlandırma sistemləri yenilənmişdir. Bu işlər çərçivəsində şəhərdəki soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə də yenidən qurulmuş, ətrafı abadlaşdırılaraq park salınmışdır.
Şahbuz şəhərində Bayraq Meydanı inşa olunur
Dövlət atributlarına hörmət və ehtiram ulu öndər Heydər Əliyevin xalqımıza ən böyük əmanətidir. Bu gün müstəqil Azərbaycanın üçrəngli bayrağına ölkəmizdə və muxtar respublikada xüsusi ehtiramla yanaşılır. Bu sahədə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq Şahbuz şəhərində Bayraq Meydanı inşa olunur.
İyunun 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bayraq Meydanının inşa olunacağı əraziyə baxmışdır.
Məlumat verilmişdir ki, şəhərin girişində inşa olunacaq Bayraq Meydanının ətrafında geniş abadlıq işləri görülmüş, səkilər salınmış, piyada keçidləri qoyulmuşdur. Ərazi terraslara ayrılmış, milli ornamentlərin əks olunduğu memarlıq elementləri ilə dizayn edilmişdir. Bayraq dirəyinin hündürlüyü postamentlə birlikdə 37 metr olacaqdır. Ətrafda müasir işıqlandırma sistemləri quraşdırılacaq, park salınacaq, sakinlərin mənalı istirahəti təşkil ediləcəkdir.
Ali Məclisin Sədri tikinti işlərinin layihə əsasında aparılması, ərazidə geniş yaşıllıq işlərinin görülməsi, Bayraq Meydanının ətrafında istirahət parkının salınması və ictimai iaşə obyektinin tikilməsi barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti