Muxtar respublikada torpaq sahələrinin su təminatının yaxşılaşdırılması və rentabelli suvarma şəbəkələrinin qurulması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Hazırda Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində vaxtilə mövcud olmuş yeraltı suvarma şəbəkəsi bərpa olunur.
İyunun 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeraltı suvarma şəbəkəsinə baxmışdır.
Bildirilmişdir ki, yeraltı suvarma şəbəkəsi 400 hektar ərazini əhatə edir. Hazırda 231 hektarda bərpa işləri başa çatdırılmışdır. Ərazidə uzunluğu 2875 metr olan əsas boru xətti çəkilmiş, 455 hidrant qoyulmuş, sugötürücü və nəqledici boru xətləri yenilənmişdir. Həmçinin qapalı drenaj xətləri bərpa olunmuş, 3 min metr açıq və 1500 metr qapalı kollektor sistemi qurulmuşdur. Bu da şoranlaşmaya və su itkisinə yol vermədən vegetasiya müddətində ərazinin lazım olan miqdarda və tələb olunan keyfiyyətdə suvarılmasına imkan verəcəkdir.
Ali Məclisin Sədri yeraltı suvarma şəbəkəsinin əhatə etdiyi ərazilərdə taxıl və qüvvəli yem bitkiləri əkininin aparılması, o cümlədən yaxınlıqdakı 2300 hektar sahədə yeni yeraltı suvarma şəbəkəsinin qurulması layihəsinin hazırlanması barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti