“Kənd təsərrüfatı ili”ndə muxtar respublikada aqrar sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsi xeyli genişləndirilmiş, bol məhsul istehsalı üçün zəmin yaradılmışdır. Yeni suvarma şəbəkələrinin qurulması kənd təsərrüfatı bitkilərinin, xüsusilə də əsas ərzaq məhsulu olan taxıl əkini sahələrinin artırılmasına səbəb olmuş, bu ilin məhsulu üçün 36 min hektardan artıq sahədə taxıl əkilmişdir. Əkin zamanı keyfiyyətli və məhsuldar toxum sortlarından istifadə edilmiş, sahələrdə vaxtlı-vaxtında suvarma və aqrotexniki qulluq işləri görülmüşdür. Hazırda muxtar respublikada taxıl biçini həyata keçirilir.
İyunun 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət” Toxumçuluq Təsərrüfatının Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlmiş, taxıl biçininin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, Böyükdüz kəndi ərazisində yeni suvarma sistemlərinin qurulması və ərazidə meliorativ tədbirlərin görülməsi hesabına uzun müddət əkilməyən torpaq sahələri əkin dövriyyəsinə qatılmışdır. Bu ilin məhsulu üçün 410 hektar sahədə şırım üsulu ilə yerli iqlim şəraitinə uyğun məhsuldar “Quality” toxum sortu əkilmişdir. Hazırda biçin işlərinin vaxtında və itkisiz aparılmasına xüsusi diqqət yetirilir. Bunun üçün əvvəlcədən müvafiq tədbirlər görülmüş, texnikalar hazır vəziyyətə gətirilmişdir. Biçinə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 7 kombaynı cəlb olunmuş, mexanizator və kombaynçılar üçün lazımi şərait yaradılmışdır. Bu günə qədər 50 hektarda biçin işləri başa çatdırılmışdır. Məhsuldarlıq orta hesabla 24 sentnerdir.
Taxıl biçini ilə tanışlıqdan sonra Ali Məclisin Sədri mexanizator və kombaynçılarla görüşmüşdür.
Ali Məclisin Sədri demişdir ki, bu gün muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Torpaq mülkiyyətçilərinin texnika və su təminatı ilbəil yaxşılaşdırılır, əl əməyi yüngülləşdirilir. Muxtar respublikada əsas ərzaq məhsulu olan taxılın istehsalına xüsusi diqqət yetirilir. Hər il taxıl əkini sahələri genişləndirilir, məhsuldarlığın artırılması istiqamətində ardıcıl tədbirlər görülür, müasir kombaynlar alınır. Bu da bol məhsul istehsalına, biçin kampaniyasının vaxtında və itkisiz başa çatdırılmasına imkan verir. Kombaynçılar və mexanizatorlar yaradılan bu şəraitdən səmərəli istifadə etməli, məhsuldar işləməli, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalı, taxıl biçini vaxtında başa çatdırılmalıdır.
Ali Məclisin Sədri biçin kampaniyasını uğurla apardıqlarına görə kombaynçılara və mexanizatorlara təşəkkür etmişdir.
* * *
Ali Məclis Sədrinin tapşırığına əsasən “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bazasındakı ehtiyat kombaynlardan 2-si Şərur, 1-i isə Babək rayonuna verilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti