Muxtar respublikada yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Çay yataqlarında və selovlarda sahilbərkitmə işlərinin aparılması, sel sularının axıdılması üçün yeni kollektor və kanalların tikilməsi bu mənada mühüm əhəmiyyətə malikdir. Hazırda Şərur rayonunun Xanlıqlar və Püsyan kəndlərindəki kollektor və selötürücü kanallar yenidən qurulur.
İyunun 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aparılan işlərlə maraqlanmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat vermişdir ki, bu günədək 14 min 890 metr uzunluğunda kollektor lildən təmizlənmiş, 6 min 550 metr selötürücü kanal bərpa olunmuş, 350 metr uzunluğunda yeni kanal çəkilmişdir. Xanlıqlar kəndində 1310 metr uzunluğunda selötürücü kanala beton üzlüklər qoyulmuşdur. Hazırda 870 metr məsafədə işlər davam etdirilir. Selötürücü beton kanalların üzərində 720 millimetrlik borularla 24 su keçidi qoyulmuşdur. Bu işlər başa çatdırıldıqdan sonra Xanlıqlar və Püsyan kəndlərində torpaqların şoranlaşmasının qarşısı alınacaqdır.
Ali Məclisin Sədri yaşayış məntəqələrinin və torpaq sahələrinin sel sularından qorunması istiqamətində həyata keçirilən tədbirlərin muxtar respublikanın digər ərazilərində də davam etdirilməsinin vacibliyini vurğulamışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti