Naxçıvanda tarixi-mədəni irsin qorunub yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür, dini-mənəvi dəyərlərə hörmət və ehtiramla yanaşılır. Son illər muxtar respublika ərazisindəki dini-mədəni abidələr və ziyarətgahlar bərpa olunur, milli-mənəvi dəyərlərimizin yaşadılmasına və təbliğinə diqqət yetirilir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Şərur rayonunun Xanlıqlar kəndi ərazisindəki qədim “İmamzadə” türbəsi də bərpa olunur.
İyunun 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xanlıqlar kəndinə gəlmiş, “İmamzadə”də aparılacaq bərpa işləri ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, qədim “İmamzadə” türbəsi giriş və salondan ibarətdir. Aşağıdan kvadrat şəklində inşa edilən bu abidənin yuxarı hissəsi tağvari günbəzlə örtülmüşdür. Uzun müddət ibadət yeri və ziyarətgah kimi istifadə olunan türbədə bərpa işlərinin aparılmasına zərurət yaranmışdır.
Ali Məclisin Sədri bərpa işləri aparılarkən “İmamzadə”nin tarixi görkəminin və qədim memarlıq elementlərinin qorunub saxlanılması barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti