Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması istiqamətində kompleks tədbirlər görülür. Naxçıvanın zəngin enerji potensialından səmərəli istifadə olunur və müasir standartlara uyğun elektrik stansiyaları tikilib istifadəyə verilir. Hazırda muxtar respublikada elektrik enerjisi istehsalı ilə yanaşı, onun istehlakçılara etibarlı və dayanıqlı çatdırılması da diqqət mərkəzindədir. Müasir texniki imkanlara malik olan elektrik yarımstansiyalarının tikilməsi bu sahədə görülən işlərin tərkib hissəsidir.
İyunun 19-da Kəngərli Rayon Elektrik Şəbəkəsinin inzibati binası və “Qıvraq” yarımstansiyası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin Baş direktoru Yasin Səfərov çıxış edərək demişdir ki, Kəngərli Rayon Elektrik Şəbəkəsi bu günədək uyğunlaşdırılmış binada fəaliyyət göstərirdi. Bu gün istifadəyə verilən müasir ikimərtəbəli inzibati binada hərtərəfli iş şəraiti yaradılıb. Yeni istifadəyə verilən 110/35/10 kilovoltluq “Qıvraq” yarımstansiyası müasir tələblərə cavab verir. Yasin Səfərov bundan sonra da elektrik təchizatının yaxşılaşdırılması istiqamətində səylə çalışacaqlarını bildirmiş, göstərilən diqqət və qayğıya görə muxtar respublikanın energetikləri adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli Rayon Elektrik Şəbəkəsinin yeni binasının və “Qıvraq” yarımstansiyasının istifadəyə verilməsi münasibətilə rayon sakinlərini təbrik edərək demişdir: Bu gün ölkəmizdə bütün sahələr inkişaf etdirilir, geniş yenidənqurma işləri aparılır, insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunur. Həyata keçirilən tədbirlər nəticəsində əhalinin yaşayış səviyyəsi yaxşılaşdırılır, bütün yaşayış məntəqələri abadlaşaraq müasirliyə qovuşur. Yaşayış məntəqələrinin və istehlakçıların elektrik enerjisi təminatının yaxşılaşdırılması, yeni elektrik verilişi xətlərinin çəkilməsi, müasir yarımstansiyaların qurulması da bu sahədə görülən işlərin tərkib hissəsi kimi diqqət mərkəzində saxlanılır.
Ali Məclisin Sədri demişdir: Naxçıvan Muxtar Respublikası uzun müddətdir blokada şəraitində yaşayır. Lakin ölkə Prezidenti cənab İlham Əliyevin ümummilli liderimizin siyasi xəttini uğurla davam etdirməsi nəticəsində Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında digər məsələlərlə yanaşı, enerji problemi də həll olunmuşdur. Muxtar respublika tamamilə qazlaşdırılmış, yeni elektrik stansiyaları tikilərək istifadəyə verilmişdir. Bu gün muxtar respublikada istehsal olunan elektrik enerjisi daxili tələbatı ödəməklə yanaşı, həm də ixrac potensialı yaradır. Vaxtilə muxtar respublikada elektrik enerjisinin paylanması fasilələrlə həyata keçirilirdi. Lakin bu gün bütün yaşayış məntəqələri fasiləsiz elektrik enerjisi ilə təmin olunmuşdur. Muxtar respublikada il ərzində istehsal olunan elektrik enerjisinin çox hissəsi bərpa olunan enerji mənbələri, yəni su elektrik stansiyaları hesabına ödənilir. Bu da elektroenergetikanın inkişafı sahəsində qazanılan ən mühüm nailiyyətlərdən biridir. Hazırda yeni Günəş elektrik stansiyası qurulur. Bütün bunlar muxtar respublikada gələcək tələbat da nəzərə alınmaqla uzun müddət elektrik enerjisi təminatının daxili istehsal hesabına ödənilməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədri qeyd etmişdir ki, elektrik enerjisinin istehsalı ilə yanaşı, onun verilməsində də keyfiyyətin artırılması qarşıda duran əsas vəzifələrdəndir. Bu səbəbdən də muxtar respublikada müasir elektrik yarımstansiyalarının qurulması, yeni transformatorların quraşdırılması, yüksəkgərginlikli elektrik verilişi xətlərinin yeraltı kabellərlə əvəzlənməsi və yeni elektrik xətlərinin çəkilməsi diqqət mərkəzində saxlanılır. Qıvraq qəsəbəsində elektrik enerjisinin verilişi vaxtilə ərazidəki nasos stansiyaları üçün qurulan yarımstansiya vasitəsilə həyata keçirilirdi. Bu yarımstansiyadakı yüksəkgərginlikli transformatorlardan istifadə elektrik enerjisinin paylanmasında israfçılığa səbəb olurdu. Çünki rayonda elektrik enerjisinə olan maksimum tələbat 4-5 meqavatdır. Eyni zamanda ərazidə pərakəndə formada çəkilən elektrik xətləri də enerjinin paylanmasında itkilərə yol verirdi. Bütün bu amillər nəzərə alınaraq ərazidə yeni yarımstansiyanın qurulmasına başlandı, elektrik verilişi xətləri dəyişdirildi, 25 və 10 meqavatlıq 2 transformator quraşdırıldı. Bu da Kəngərli rayonunun ərazisində elektrik enerjisi verilişinin keyfiyyətlə həyata keçirilməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədri demişdir: Elektrik verilişi xətlərinin dayanıqlılığını təmin etmək və ərazilərdə transformatorları tələbata uyğun quraşdırmaq energetiklərin üzərinə düşən əsas vəzifələrdir. Vaxtilə muxtar respublikada təbii qazın olmaması elektrik enerjisinə olan tələbatı xeyli artırmışdı. Bütün gücün elektroenergetika sisteminin üzərinə düşməsi və yükün hesablanmaması tələbatdan artıq gücdə transformatorların quraşdırılmasına, elektrik enerjisi verilişi zamanı itkilərin yaranmasına səbəb olurdu. Lakin bu gün yaşayış məntəqələri təbii qazla tam təmin olunur. Ona görə də energetiklər elektrik verilişi xətlərinin yenilənməsini, yaşayış məntəqələrində tələbata uyğun transformatorların qoyulmasını diqqət mərkəzində saxlamalıdırlar.
“Muxtar respublikada elektroenergetika sahəsində ixtisaslı mütəxəssislər yetişmişdir. Bu gün Naxçıvanda transformatorların qoyulmasından tutmuş elektrik stansiyalarının qurulmasına qədər bütün işlər muxtar respublika energetikləri tərəfindən həyata keçirilir”, – deyən Ali Məclisin Sədri yarımstansiyanın qurulmasında və muxtar respublikada elektroenergetika sisteminin inkişafında əməyi olan energetiklərə təşəkkürünü bildirmiş, onlara işlərində uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri yarımstansiyanın qurulmasında fərqlənənləri hədiyyələrlə mükafatlandırmış, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, iki mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində “Qıvraq” elektrik yarımstansiyasının idarəetmə otağı, 35 və 10 kilovoltluq qapalı paylayıcı quruluşlar, əməliyyat briqadası üçün otaqlar, bufet və qazanxana vardır. İkinci mərtəbədə isə iclas zalı, iş, kompüter və nəzarətçi otaqları yerləşir. Binada yaradılan şərait fasiləsiz iş rejiminin təşkilinə imkan verir. Bu da rayon ərazisində elektrik enerjisi dövriyyəsinə mütəmadi nəzarət etmək və baş verə biləcək qəzaların vaxtında qarşısını almaq üçün mühüm əhəmiyyət daşıyır.
İdarəetmə otağında yeni texnoloji avadanlıqlar qurulmuş və avtomatik idarəetmə sistemi yaradılmışdır. 110/35/10 kilovoltluq “Qıvraq” yarımstansiyasında 4 ədəd Almaniya istehsalı olan 110 kilovoltluq eleqaz açarı, 8 ədəd Türkiyə istehsalı olan məsafədən idarə olunan 110 kilovoltluq ayırıcı, 6 boşaldıcı, 3 gərginlik və 6 cərəyan transformatoru, 5 ədəd 35 kilovoltluq, 12 ədəd 10 kilovoltluq elektrik verilişi xətləri üçün eleqaz açarlı müasir hücrələr quraşdırılmışdır. Yarımstansiyanın idarəetmə və rele mühafizəsi qurğuları ən müasir texnologiyalara əsaslanır. Quraşdırılan müasir avadanlıqlar elektrik enerjisinin keyfiyyətli ötürülməsinə və itkinin qarşısını almağa, eləcə də işçilərin təhlükəsizliyini təmin etməyə imkan verəcəkdir. 35 meqavoltamper gücündə olan yarımstansiya 5300 abonenti fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edəcək, Kəngərli rayonunun enerji təminatını xeyli yaxşılaşdıracaqdır.
Ərazidə abadlıq işləri də görülmüş, binanın həyətində anbar və qaraj istifadəyə verilmişdir. Həmçinin Qıvraq qəsəbəsindəki hava elektrik verilişi xətlərinin yeri dəyişdirilərək daha təhlükəsiz əraziyə köçürülmüş, 20 kilometr məsafədə yeni elektrik verilişi xətləri çəkilmişdir.
Kəngərli Rayon Elektrik Şəbəkəsinə yeni xidməti avtomobil verilmişdir.
Yarımstansiya ilə tanışlıqdan sonra kollektivlə görüşən Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunması və enerjiyə qənaət edilməsi barədə tapşırıqlar vermişdir.
* * *
Kəngərli rayonunda aparılan abadlıq-quruculuq tədbirləri rayon mərkəzi Qıvraq qəsəbəsinin simasını tamamilə dəyişmişdir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Qıvraq qəsəbəsindəki avtomobil yolunun ətrafı abadlaşdırılacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ərazidə görüləcək işlərlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, hərəkətin təhlükəsizliyinin təmin olunması üçün yolun kənarlarında səkilər salınacaq, metal çəpər çəkiləcək, işıqlandırma sistemləri qurulacaq və ərazidə geniş abadlıq işləri görüləcəkdir. Bu işlər başa çatdırıldıqdan sonra piyadaların rahat və təhlükəsiz hərəkəti təmin olunacaqdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti