İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının 2015-ci il buraxılışı münasibəti ilə tədbir keçirilmişdir.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova mərasimə hazırlıq barədə raport vermişdir.
Ali Məclisin Sədri kursantları salamlamışdır.
Kursantlar orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himnini ifa etmişlər.
Hərbi liseyin rəisi, polkovnik Elman Orucov çıxış edərək demişdir ki, son illər həyata keçirilən kompleks tədbirlər nəticəsində Heydər Əliyev adına Hərbi Liseyin tədris imkanları xeyli yaxşılaşdırılmış, kursantlar üçün müasir şərait yaradılmışdır. Bütün bunlar bilikli və vətənpərvər gənc zabitlərin yetişdirilməsində mühüm rol oynayır. Liseydə kursantların hərbi və elmi biliklərə yiyələnməsi ilə yanaşı, idmanın müxtəlif növləri ilə məşğul olmasına da diqqət yetirilir, onların muxtar respublikamızda keçirilən idman birinciliklərində fəal iştirakı təmin edilir. Həmçinin liseydə kursantların yaradıcılığını və fənlərə olan marağını artırmaq məqsədilə 19 dərnək fəaliyyət göstərir. Yaradılan şərait gənclərin hərb sənətinə marağını xeyli artırmışdır. 2015-2016-cı tədris ilində Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmaq üçün 977 gənc sənəd vermiş, onlardan 603-ü qəbul imtahanlarında iştirak etmək hüququ qazanmışdır. Bununla yanaşı, kursantların mənəvi tərbiyəsini yüksəltmək məqsədi ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrı, 8 muzey və 2 kitabxana ilə müqavilə bağlanaraq onların imkanlarından da geniş istifadə olunur.
Elman Orucov yaradılan şəraitə görə kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, təhsilli və vətənpərvər kursantların yetişdirilməsi istiqamətində bundan sonra da qüvvə və bacarıqlarını əsirgəməyəcəklərini bildirmişdir.
Valideyn Tofiq Nəcəfov qeyd etmişdir ki, bu gün hərbi təhsilini bitirib ali hərbi məktəbə yollanan kursantların valideynləri iftixar və qürur hisləri keçirir, övladlarının işıqlı gələcəyinə inanırlar. Çünki bu gənclər müstəqil Azərbaycanın qüdrətli ordusunun gələcək zabitləridir. Kursantların vətənpərvər, bilikli və sağlam bir gənc kimi yetişməsi üçün liseydə yaradılan müasir tədris və məişət şəraiti, bütövlükdə, Azərbaycan gəncliyinə və Azərbaycan ordusuna göstərilən diqqətin ifadəsidir.
Kursant Sənan Quliyev çıxışında bildirmişdir ki, hər bir gənc bu mötəbər hərbi təhsil müəssisəsində təhsil aldığına görə fəxr edir və özünü vətən müdafiəçisi sayır. Müasir tədris bazası olan hərbi liseydə qazanılan bilik və bacarıqlar gənclərin peşəkar zabit kimi yetişməsində müstəsna rol oynayır. Bu gün məzun olan kursantlar qarşıdakı təhsil illərində də intizamlı olacaq və yüksək bilik əldə edərək hərbi liseyin adını daim uca tutacaq, ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalacaq, Vətənimizin xoşbəxt gələcəyi, işğal altında olan torpaqlarımızın azad olunması və müstəqilliyimizin qorunub saxlanması yolunda var qüvvə ilə çalışacaqlar.
Müəllimlərdən Məryəm Vəlibəyova demişdir ki, Heydər Əliyev adına Hərbi Lisey Azərbaycan xalqının və dövlətinin mənafeyinə xidmət edən müqəddəs vəzifəni həyata keçirir. Liseyin müəllimləri öz üzərinə düşən məsuliyyəti dərindən dərk edir, tədrisin keyfiyyətini və səviyyəsini yüksəltmək üçün səy göstərirlər. Müəllim əməyinə dövlətimiz tərəfindən verilən qiymət pedaqoji heyəti ruhlandırır, bilikli, savadlı və vətənpərvər gənclərin yetişdirilməsi işində daha səylə çalışmağa sövq edir. Heydər Əliyev adına Hərbi Liseydə çalışmaqdan, gələcəyin sərkərdələrini yetişdirmək yolunda xidmət göstərməkdən böyük qürur duyduqlarını bildirən Məryəm Vəlibəyova yaradılan müasir şəraitdən faydalanaraq milli ordumuzun kadr potensialının gücləndirilməsinə bundan sonra da öz töhfələrini verəcəklərini bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev adına Hərbi Lisey kursantlarının 15-ci buraxılışı münasibətilə kursant, zabit və müəllim heyətini, tədbir iştirakçılarını təbrik edərək demişdir: Hərbi təhsil, ixtisaslı hərbi kadrların hazırlanması ordu quruculuğunun əsasını təşkil edir. Bu amili diqqət mərkəzində saxlayan ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, gəncləri, yeniyetmələri hərbi məktəblərə daxil olmaq və Silahlı Qüvvələrimizin zabit korpusunda xidmət etmək üçün hazırlamaq qarşımızda duran ən mühüm vəzifədir. İstər keçmiş Sovetlər Birliyi, istərsə də müstəqillik dövründə gənclərin hərb sənətinə yiyələnməsini prioritet sahə elan edən ulu öndərimiz bu istiqamətdə mühüm işlər görmüş, milli hərbi kadrların formalaşdırılmasının əsasını qoymuşdur.
Ali Məclisin Sədri demişdir: Ulu öndərin müəyyənləşdirdiyi ordu quruculuğu strategiyası bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Muxtar respublikada yerləşən ordu, hərbi hissə və birləşmələrin döyüş hazırlığı, şəxsi heyətin xidmət şəraiti ilbəil yaxşılaşdırılır. Heydər Əliyev adına Hərbi Liseyin yaranması və keçdiyi inkişaf yolu da bu sahədə görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Ötən dövrdə ölkə Prezidentinin diqqət və qayğısı ilə hərbi lisey mühüm təşkilatlanma və inkişaf yolu keçmiş, burada nümunəvi hərbi tədris sistemi, möhkəm maddi-texniki baza yaradılmışdır. 56 kursantla fəaliyyətə başlayan lisey bu gün gəncləri öz ətrafında birləşdirən mötəbər hərbi tədris müəssisəsidir. Hazırda liseydə 657 kursant təhsil alır. Ötən dövrdə hərbi liseyi bitirən kursantlardan 2072-si ali hərbi məktəblərə qəbul olunmuşdur. Liseyin məzunlarından minə yaxını Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmətlərini davam etdirirlər.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Hərbi peşə insandan həm fiziki hazırlıq, həm nizam-intizam, həm dövlətə, vətənə, ölkəyə, doğma torpağa sədaqət, həm də böyük cəfakeşlik, zəhmətsevərlik, mərdlik, qəhrəmanlıq, mətinlik tələb edir”. Bu gün Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına baxarkən vətənpərvər, dövlətinə və xalqına sədaqətli, mərd və cəsur Azərbaycan gəncliyini görür, gələcəyimiz olan bu gəncliklə qürur hissi keçiririk.
Ali Məclisin Sədri kursantlara müraciət edərək demişdir: Gənclərin yaxşı təhsil alması və peşə sahibi olması ölkənin gələcək inkişafını şərtləndirən başlıca amildir. Hər bir gənc harada yaşamasından və fəaliyyət göstərməsindən asılı olmayaraq mütləq bir peşə öyrənməlidir. Ümummilli liderimiz isə tövsiyə edirdi ki, zabit olmaq, vətəni qorumaq peşəsi bu peşələrin hamısından yüksəkdə dayanır. Çünki zabit adını daşımaq böyük məsuliyyətdir və Azərbaycan ordusunun zabiti kimi xalqımıza və vətənimizə sədaqətlə xidmət etmək qarşınızda duran əsas vəzifədir. Bundan sonra da yaxşı təhsil almalı, hərb sənətinə dərindən yiyələnməli, bilik və təcrübənizi artırmalısınız. Gələcəkdə harada xidmət etməyinizdən asılı olmayaraq, unutmamalısınız ki, siz müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan hərbi liseyin məzunlarısınız. Bu adı daim uca tutmalı, onu nümunəvi xidmətinizlə doğrultmalısınız.
Ali Məclisin Sədri liseyin kursantlarına və məzunlara bundan sonrakı hərbi təhsil illərində və gələcək hərbi xidmət dövründə uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri liseyin əlaçı kursantlarına attestatları təqdim etmiş, zabit, müəllim və kursantları mükafatlandırmışdır.
Kursant Gündüz Babazadə təhsil ocağının rəmzi kötüyünə xatirə lövhəsi vurmuşdur.
Orkestrin müşayiəti ilə “Hərbi lisey marşı” ifa edilmiş, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçmişdir.
Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin hərbi liseydəki büstü önündə kursantlarla xatirə şəkli çəkdirmişdir.
Sonra Ali Məclisin Sədri hərbi liseydə kursantların yaşayışı, qidalanması, tədrisin keyfiyyəti və xidmətin təşkili ilə maraqlanmışdır.
Bildirilmişdir ki, hərbi liseydə əsaslı təmir işləri aparılmış, kursant yataqxanası və tədris korpusu müasir tələblər səviyyəsində qurulmuşdur. Yataqxana binasında kursantlar üçün müasir məişət şəraiti yaradılmış, yeni yataq dəstləri qoyulmuşdur. Burada kursantların asudə vaxtının səmərəli təşkili də təmin edilmiş, istirahət zalında təbiət və idman guşələri yaradılmışdır. Kursantlar gündəlik mətbuatı izləmək, şahmat və digər idman növləri ilə məşğul olmaq imkanlarına malikdirlər.
Ali Məclisin Sədrinə hərbi dərslərin mütəşəkkil keçirilməsi üçün istifadə olunan əyani tədris vasitələri barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, hərbi biliyin müxtəlif sahələrinə aid tədris vasitələri keçilən dərslərin dərindən mənimsənilməsinə, qazanılan biliklərin möhkəmləndirilməsinə və kursantlarda ilkin peşə vərdişlərinin formalaşmasına köməklik edir. Qərargah binasında yerləşən atəş hazırlığı sinfi və hərbi kabinə də bu baxımdan mühüm əhəmiyyətə malikdir. Burada müasir avadanlıqlar, kompüter dəstləri və 2 atış monitoru quraşdırılmışdır. Monitorlarda real şəraitə uyğun olaraq hədəflərin yaxın və uzaqlığını, müxtəlif hava, məhdud görmə və relyef şəraitini, eləcə də avtomatik və tək-tək atəş rejimini seçmək mümkündür. Atış başa çatdıqdan sonra nəticələr monitorda əks olunur və kursantların nişanalma bacarıqları haqqında məlumat verilir.
Ali Məclisin Sədri Heydər Əliyev adına Hərbi Lisey kursantlarının, eləcə də ümumtəhsil məktəblərinin şagirdlərinin muxtar respublikadakı atıcılıq mərkəzlərindən istifadəsinin əhəmiyyətini qeyd etmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Təhsil, Gənclər və İdman nazirliklərinin bu sahədəki birgə fəaliyyətinin vacibliyini vurğulamışdır.
Binadakı Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən kitablar, dahi şəxsiyyətin hərbi liseyə səfərlərini əks etdirən fotoşəkillər nümayiş etdirilir. Eksponatlar sırasında ötən əsrin 90-cı illərində Naxçıvanda milli ordunun formalaşdırılması ilə bağlı qəbul olunan taleyüklü qərarların surətləri, həmin dövrə aid fotoşəkillər xüsusi maraq doğurur.
Ali Məclisin Sədri yeməkxanada olmuş, kursantların qidalanması ilə maraqlanmışdır.
Tədris korpusuna baxış zamanı qeyd olunmuşdur ki, hərbi liseydə tədrisin keyfiyyətini daha da artırmaq üçün ardıcıl tədbirlər görülür. Binadakı sinif otaqları müasir avadanlıqlarla təmin edilmiş, ana dili kabinəsi, kimya, biologiya və fizika laboratoriyaları, kompüterlər quraşdırılan xarici dil kabinələri, idman zalı, elmi, bədii, hərbi və tarixi ədəbiyyatlarla təmin olunmuş zəngin kitabxana kursantların istifadəsinə verilmişdir. Hazırda kitabxana fondunda 17 mindən artıq ədəbiyyat və dərslik vardır. Hərbi liseydə dərslərin interaktiv formada keçirilməsi də diqqət mərkəzində saxlanılmış, fənn kabinələrində və sinif otaqlarında 8 elektron lövhə quraşdırılmış, humanitar və dəqiq elmlər üzrə elektron dərslik bazası yaradılmışdır.
Bina ilə tanışlıqdan sonra hərbi liseyin müəllimləri ilə görüşən Ali Məclisin Sədri demişdir: Heydər Əliyev adına Hərbi Liseydə dərs demək böyük şərəf və bir o qədər də məsuliyyətdir. Çünki siz ölkəmizin gələcək müdafiəçilərini hazırlayırsınız. Yaradılan şərait, o cümlədən liseydə vətənpərvər kursantların təhsil alması pedaqoji heyətin üzərinə mühüm vəzifələr qoyur. Liseyin müəllimləri bundan sonra da kursantların təhsilinə, nizam-intizamına, fiziki hazırlıqlarının artırılmasına diqqət yetirməli, müəllim-kursant münasibətlərində fərdi yanaşma üstün istiqamət kimi götürülməlidir. Bu gün istər ali hərbi məktəblərdə təhsil alan, istərsə də Azərbaycan Silahlı Qüvvələrində xidmətlərini davam etdirən liseyin məzunları öz nizam-intizamları, vətənpərvərlikləri, bilik və bacarıqları ilə seçilirlər.
Ali Məclisin Sədri kursantların bilikli və vətənpərvər böyüdülməsi sahəsindəki səmərəli fəaliyyətlərinə görə hərbi liseyin müəllimlərinə təşəkkür etmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti