İyunun 15-də Naxçıvan şəhərindəki muxtar respublika stadionunda Milli Qurtuluş Günü münasibətilə bayram konserti təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.
Tədbirin aparıcıları qeyd etmişlər ki, milli qurtuluşdan ötən 22 il ərzində Azərbaycan yüksək inkişaf yolu keçmiş, bütün sahələrdə böyük uğurlar qazanılmış, ölkəmiz dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Bu yüksəliş, inkişaf və tərəqqi müstəqil Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Gününün bəhrələridir. 1993-cü ilin 15 iyun günü böyük xilaskarlıq missiyasının başlanğıcı, Milli Qurtuluş Günü kimi Azərbaycan xalqının tarixinə yazılmışdır. Həmin gün xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər bütün qüvvəsini Vətənimizi üzləşdiyi bəlalardan, xalqımızı çətin günlərdən xilas etməyə yönəltmişdir. “Bütün həyatımı təhlil edəndə görürəm ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam”, – deyən ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu kimi xalqımızın qəlbində əbədiyaşarlıq hüququ qazanmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvandan başlanan Milli Qurtuluş tarixi barədə demişdir: “Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskarlıq missiyasına – Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət edir”. Həqiqətən də Azərbaycana ikinci rəhbərliyi dövründə ümummilli liderimiz neçə-neçə qərinəyə sığmayan böyük işlər görmüş, ölkə həyatının bütün sahələrində əsaslı dönüşə nail olunmuş, iqtisadi inkişaf təmin edilmişdir.
Bu gün Azərbaycan ulu öndər Heydər Əliyev yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə uğurlar qazanılır. İnkişaf və intibah dövrünü yaşayan Azərbaycan dünyanın diqqət mərkəzinə çevrilmişdir. Hazırda ölkəmiz ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi edir. Bu, ölkəmizdə idmanın inkişafına göstərilən diqqətin, eləcə də Azərbaycanın dünyadakı nüfuzunun daha bir ifadəsidir.
Tədbirin aparıcıları demişlər ki, blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikası da bu gün sürətlə inkişaf edir, şəhər, qəsəbə və kəndlər yenidən qurulur. Qədim Naxçıvanın müdafiə qabiliyyəti gücləndirilmiş, makroiqtisadi sabitlik bərqərar olunmuş, iqtisadi inkişafa təkan verilmiş, əhalinin yaşayış səviyyəsi yaxşılaşdırılmışdır. Bütün bunlar ulu öndər Heydər Əliyev yoluna sədaqətin və Milli Qurtuluşdan başlanan intibahın bəhrələridir.
Bayram konsertində müğənnilərdən Könül Kərimovanın, Cabbar Musayevin, Aşıq Əli Tapdıqoğlunun, Gülay Zeynalovanın və Röya Ayxanın çıxışları tamaşaçıların alqışları ilə qarşılanmışdır.
Sonda bayram atəşfəşanlığı olmuşdur.
Konsertdən sonra ifaçılarla görüşən Ali Məclisin Sədri onları Milli Qurtuluş Günü və uğurlu konsert münasibəti ilə təbrik etmişdir.
Ali Məclisin Sədrinə bayram təbriklərini çatdıran ifaçılar onlara göstərilən diqqətə görə minnətdarlıq etmişlər.
Sonra Ali Məclisin Sədri ifaçılarla xatirə şəkli çəkdirmişdir.
Bayram konserti Naxçıvan Dövlət Televiziyası ilə canlı yayımlanmışdır.
Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə bayram konsertləri olmuş, el şənlikləri keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti