İyunun 15-də – Milli Qurtuluş Günündə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında İftixar Piriyevin “Qurtuluş dastanı” epik tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşaya baxış olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tamaşanı izləmişdir.
Tamaşa başlanmazdan əvvəl Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Xalq artisti Rza Xudiyev çıxış edərək demişdir ki, bu gün Azərbaycan xalqının iftixar günü – Milli Qurtuluş Günüdür. Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda ikinci dəfə ali hakimiyyətə qayıdışı ilə müasir tariximizdə yeni mərhələnin başlanğıcı qoyuldu. Həmin gün müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. O dövrdən keçən qısa zaman kəsiyində ölkəmiz yüksək inkişaf yolu keçmiş, bütün sahələrdə böyük uğurlar qazanılmış, Azərbaycan dünya dövlətləri sırasında layiqli yerini tutmuşdur. Bu inkişafa görə xalqımız dünya şöhrətli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevə minnətdardır.
Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvandan başlanan müstəqillik hərəkatı milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılması ilə yadda qalıb. Ölkəmizin uçuruma sürükləndiyi bir vaxtda xalq yeganə xilas yolunu ümummilli liderimizin böyük siyasətə qayıdışında tapdı. Qurtuluş günü sayəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas oldu. Bu gün müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sosial, iqtisadi, siyasi, mədəni həyatın bütün sahələrində uğurlar qazanılır, Azərbaycan gündən-günə inkişaf edir, yüksəlir.
Rza Xudiyev qeyd etmişdir ki, ümummilli liderimizin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra mədəniyyət sahəsi də diqqət və qayğı ilə əhatə olunmuş, ədəbiyyatımız inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Heydər Əliyev dühasının ölkəmizə bəxş etdiyi yüksək tərəqqi şair və yazıçılarımızın yaradıcılıqlarının əsas istiqamətini təşkil edir. İftixar Piriyevin “Qurtuluş dastanı” əsəri dahi şəxsiyyətin mənalı ömür yoluna və çoxşaxəli fəaliyyətinə həsr olunub.
“Qurtuluş dastanı” pyesinin müəllifi, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İftixar Piriyev çıxış edərək demişdir ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının həyatında və dövlətçilik tarixində mühüm bir mərhələ təşkil edir. Bugünkü müstəqil və qüdrətli Azərbaycanın əsası 15 İyun Milli Qurtuluş Günündən başlayır. Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu qurtuluş siyasəti bu gün Azərbaycanı sürətli inkişaf yoluna çıxartmışdır. Ölkəmizin bütün bölgələrində, eləcə də onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasında əldə olunan inkişaf, qazanılan nailiyyətlər Milli Qurtuluşdan başlanan yolun davamı, eləcə də ümummilli lider Heydər Əliyev siyasətinə sədaqətin bəhrəsidir. Bu gün muxtar respublikada bütün sahələr inkişaf etdirilir. Bu inkişaf və tərəqqini qələmə almaq, onun bədii ifadəsini yaratmaq isə böyük məsuliyyət tələb edir. İftixar Piriyev “Qurtuluş dastanı” əsərinin Naxçıvan teatrında səhnəyə qoyulmasına görə minnətdarlıq etmişdir.
Sonra “Qurtuluş dastanı” tamaşasına baxış olmuşdur.
Tamaşada ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Moskva, Naxçıvan və Bakı dövrlərini əhatə edən müxtəlif məqamlara müraciət olunmuşdur. İkihissəli epik tarixi dram Milli Qurtuluş Günündə ulu öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq səhnəyə qoyulmuşdur. Tamaşada ümummilli liderimizin bədii obrazının səhnə təcəssümü öz ifadəsini uğurla tapmışdır. Dahi şəxsiyyətin zəngin həyat yolunun müxtəlif məqamları, habelə böyük liderin ayrı-ayrı hadisələrə münasibəti, kollektivin yaratdığı canlı səhnələr alqışlarla qarşılanmışdır.
Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyevin quruluş verdiyi tamaşada xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, Həsən Ağasoy, Şirzad Abutalıbov, Azərbaycan Respublikasının Əməkdar artistləri Əli Əliyev, Əbülfəz İmanov, Xəlil Hüseynov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşıyev, aktyorlardan Elnur Rzayev, Şölə Novruzbəyli, Zəminə Baxşəliyeva və digərləri öz ifaları ilə uğurlu səhnə həllinə nail olmuşlar.
Ulu öndər Heydər Əliyevin öz həyatını təhlükə altına ataraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlməsi və orada Sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi qanlı faciə ilə bağlı mətbuat konfransı keçirməsi, iyulun 20-də Bakıya yola düşməsi, iki gün sonra anadan olduğu Naxçıvana yollanması, orada fəaliyyət göstərməsi, ölkə ictimaiyyətinin qabaqcıl nümayəndələrinin Naxçıvana gəlməsi və xalqın təkidli tələbi ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə yenidən qayıtması tamaşada öz parlaq ifadəsini tapmışdır. Əsərin finalında aktyorların müəllifin “Müstəqil vətənin memarı” rekviyem-poemasını söyləməsi qurtuluşa stimul olan, qurtuluşun mahiyyətini özündə təcəssüm etdirən milli birliyin rəmzi kimi təqdim edilmişdir.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhnə arxasına keçərək yaradıcı heyətlə görüşmüşdür.
Ali Məclisin Sədri 15 İyun – Milli Qurtuluş Günü münasibətilə teatrın kollektivini təbrik edərək demişdir: “Qurtuluş dastanı” tamaşasının uğurlu nümayişi bir daha göstərdi ki, Naxçıvan teatrının kollektivi səhnə tərtibatı və quruluşundan asılı olmayaraq istənilən əsəri tamaşaya qoymaq gücündədir. O əsərin səhnə həlli uğurlu olur ki, orada aktyor və rejissor işi uğurlu olsun. “Qurtuluş dastanı” əsərinin həm bədii səviyyəsinin, həm də səhnə həllinin yüksək olması onun uğurlu alınmasında başlıca amildir. Aktyorların hər səhnəyə uyğun hiss və həyəcanları tamaşaçıya çatdırması, eləcə də düzgün aktyor seçimi kollektivin peşəkarlığından xəbər verir. Artıq “Qurtuluş dastanı” tamaşasının nümayişi ilə Naxçıvan teatrının salnaməsinə möhtəşəm bir əsər daxil oldu. Tarix rəsmi sənədlərdə bədii əsərlərdə olduğu kimi uzun müddət yaşaya bilmir. Müəllif “Qurtuluş dastanı”nda Azərbaycan tarixinin mühüm bir dövrünün bədii ifadəsini yaradaraq əbədiləşdirmişdir.
Ali Məclisin Sədri demişdir: Azərbaycanın bugünkü inkişafına, dövlət müstəqilliyimizin əbədi olmasına, bütün sahələrdə qazanılan nailiyyətlərə görə xalqımız Milli Qurtuluş Gününə borcludur. Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi, bu siyasətə sədaqət Azərbaycanı daha böyük inkişafa qovuşdurur. İyunun 12-də Azərbaycanda ilk Avropa Oyunlarının açılış mərasimi keçirildi. Bu mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi də Milli Qurtuluş Gününün bəhrəsidir.
Ali Məclisin Sədri müəllifə və teatrın kollektivinə təşəkkür etmiş, onlara yeni yaradıcılıq uğurları arzulamışdır.
“Qurtuluş dastanı” epik tarixi dramının müəllifi, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İftixar Piriyev və teatrın kollektivi yaradıcı insanlara göstərilən diqqətə görə minnətdarlıq etmişlər.
Sonda xatirə şəkli çəkdirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti