09 Yanvar 2025, Cümə axşamı

Milli Qurtuluş Gününün bəhrələrindən biri də güclü və qüdrətli Azərbaycan ordusunun yaradılmasıdır. Ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğu strategiyasının uğurla davam etdirilməsi ölkəmizin hərbi qüdrətini ilbəil artırır. Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki təminatı gücləndirilməklə yanaşı, həm də şəxsi heyətin döyüş qabiliyyətinin artırılması diqqət mərkəzində saxlanılır, hərbi təlimlər keçirilir.
İyunun 10-da – Milli Qurtuluş Günü ərəfəsində Əlahiddə Ümumqoşun Ordusunun gecə şəraitində taktiki təlimi keçirilmişdir.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev təlimin döyüş atışlı gecə mərhələsinə hazırlıq barədə Ali Məclisin Sədrinə raport vermişdir.
Bildirilmişdir ki, muxtar respublikada gecə şəraitində keçirilən təlimə 600-dən çox şəxsi heyət, 110 döyüş və müxtəlif təyinatlı texnikalar, 25 reaktiv və artilleriya qurğusu, 2 döyüş vertolyotu, 4 zenit-raket qurğusu və 4 mühəndis texnikası cəlb olunmuşdur. Təlimin keçirilməsində məqsəd dağlıq ərazidə, istənilən hava və məhdud görmə şəraitində hissə və birləşmələrin döyüş tapşırıqlarını yerinə yetirməkdən ibarətdir.

Təlim 3 mərhələdə həyata keçirilmişdir. Birinci mərhələdə gecə şəraitində yenidən qruplaşma və hücum üçün mövqelərin hazır­lanması, ikinci mərhələdə aktiv gecə fəaliyyətlərinə keçmək və tabor taktiki qrupların ərazinin işıqlandırılması vasitələrindən istifadə edərək müdafiəyə çəkilən düşmənə qarşı hücuma keçməsi, üçüncü mərhələdə isə tabor taktiki qrupların yandan ötən dəstələrinin qarşılıqlı əlaqədə hakim yüksəklikləri ələ keçirməsi uğurla icra olunmuşdur.

Təlim ssenarisinə əsasən, düşmən tərəfi döyüş hazırlığına başlayaraq kəşfiyyat və radiokəşfiyyat fəaliyyətlərini gücləndirmişdir. Əlahiddə Ümumqoşun Ordusunun müdafiəsini yarmağa cəhd göstərən düşmənin silahlı birləşmələri strateji rayonları ələ keçirmək və torpaqlarımızı işğal etmək məqsədilə irimiqyaslı hücum əməliyyatına başlamış və təmas xəttində atəşkəs rejimini pozaraq təmas xətti boyu mövqeləri, eləcə də cəbhəyanı bölgələrdə yerləşən yaşayış məntəqələrini iriçaplı silahlardan atəşə tutmuşdur. Əlahiddə Ümumqoşun Ordusu operativ qaydada əks-hücum əməliyyatını yerinə yetirmiş və düşmən birinci eşalon müdafiə mövqeyini itirərək dərinliyə çəkilməyə məcbur olmuşdur.
Xüsusi təyinatlı və motoatıcı briqadaların kəşfiyyat qrupları düşmənin dərinliyində idarəetmə məntəqələrinin, raket-artilleriya və hava hücumundan müdafiə vasitələrinin atəş və start mövqelərinin aşkar edilməsi üzrə fəaliyyətə başlamış, pilotsuz uçuş aparatı və kəşfiyyat müşahidə cihazının vasitəsilə qarşı tərəfin fəaliyyəti həm döyüşqabağı, həm də döyüş müddətində izlənilərək nəzarətdə saxlanılmışdır. Motoatıcı briqadanın artilleriya divizionu ordunun reaktiv və artilleriya qrupları batareyalarının dəstəyi ilə düşmənin tutduğu mövqelərdə möhkəmlənməsinə imkan verməmək üçün artilleriya atəşini davam etdirmiş və ara-sıra döyüş sahəsini xüsusi mərmi ilə 400 metr radiusda işıqlandırmışdır. Yandan ötüb keçən dəstələr təyin olunmuş rayonların tutulması üçün hərəkətə başlamışdır. Dəstə komandiri hərəkət istiqamətini iz buraxan güllə ilə təyin etmiş və siqnal raketi ilə ərazi işıqlandırılmışdır.
Hücumu dayandırmaq və yenidən qruplaşma keçirən motoatıcı və tank bölmələrinə zərbə endirməyə çalışan düşmənin 2 atəş-dəstək vertolyotu daşınan zenit-raket kompleksi və artilleriya qurğularından açılan atəşlərlə məhv edilmişdir. Artilleriya divizionu reaktiv artilleriya qruplarının batareyaları ilə qarşılıqlı əlaqədə düşmənin canlı qüvvəsinə, atəş mövqelərinə və idarəetmə məntəqələrinə zərbə vurmuş, düşmən mövqelərinin ön xəttində işıq həddi qoyaraq tabor taktiki qruplarının hücuma keçməsini təmin etmişdir. Düzünə tuşlamaya ayrılmış toplar, tanklar və döyüş texnikaları düşmənin zirehli texnikalarını və tank əleyhinə vasitələrini sıradan çıxartmışdır. Atəş-dəstək vertolyotları cinahlardan düşmən müdafiəsinin yaxın dərinlikdə aşkar olunmuş zirehli texnikasına zərbələr endirmiş, yandan ötən dəstələr hakim yüksəklikləri ələ keçirərək möhkəmlənmişlər.
Birinci səngər ələ keçirildikdən sonra işıqlandırıcı mərmiləri, tüstüburaxma qurğuları və projektorları işə salmaqla düşmən qarşısında koretmə səddi yaradılmışdır. Bundan sonra piyadalaşan bölmələr yandan ötüb keçən dəstələrlə qarşılıqlı əlaqədə düşmən bölmələrini darmadağın etmiş və yaxın tapşırığı yerinə yetirmişlər. Mİ-35M vertol­yotunun hava növbətçiliyi aparması ilə Mİ-17 vertolyotu yandan ötüb keçən dəstələrə döyüş sursatı gətirmiş və yaralılar təxliyə olunmuşdur.
Təlim zamanı tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və hərtərəfli təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icrası, şəxsi heyətin gecə dağlarda fəaliyyəti, silah və döyüş texnikasının gecə vaxtı tətbiqi uğurla həyata keçirilmişdir. Təlimin nəticəsi göstərdi ki, Əlahiddə Ümumqoşun Ordusunun şəxsi heyəti dağlarda müxtəlif gecə döyüş əməliyyatları həyata keçirməyə qadirdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbi təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq demişdir: Ordunun döyüş qabiliyyətinin artırılmasında və hərbçilərin döyüşçü kimi yetişməsində təlimlərin mühüm rolu vardır. Keçirilən hər bir hərbi təlim şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması yolunda atılan növbəti addımdır. Bu gün torpaqlarımız işğal altındadır, ölkə­miz isə müharibə şəraitində yaşayır. Bu da ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin, xüsusilə hərbi təlimlərin mütəmadi keçirilməsini, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin yüksəldilməsini zəruri edir. Ordunun gücü xidmət edən şəxsi heyətin ruh yüksəkliyindən asılıdır. Bugünkü hərbi təlimdə iştirak edən əsgər və zabitlərin qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirməsi də onların döyüş hazırlığı ilə yanaşı, həm də ruh yüksəkliyini və vətənpərvərliyini bir daha nümayiş etdirdi.
Ali Məclisin Sədri hərbi təlimlərin mütəmadi olaraq davam etdirilməsinin vacibliyini bildirmiş, hərbi təlimdə iştirak edən şəxsi heyətə təşəkkür etmişdir.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərə görə minnətdarlıq etmiş, bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərini bildirmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR