Əlavə VI
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 8 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra – Xidmət) tibbi sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun (bundan sonra – əlillik) qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra – əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır.
1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Əsasnaməsini və qərarlarını, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Xidmət bu Əsasnamədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları, habelə muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Xidmət müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
1.5. Xidmətin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Xidmət Naxçıvan şəhərində yerləşir.
2. Xidmətin fəaliyyət istiqamətləri
2.1. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. əlilliyi olan şəxslər üçün cəmiyyət həyatının bütün sahələrində iştirak etmək imkanının, öz fərdi qabiliyyət və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılması, əlilliyi doğuran səbəblərin aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edir və həmin siyasətin həyata keçirilməsini təmin edir;
2.1.2. tibbi-sosial ekspert komissiyaları vasitəsilə tibbi-sosial ekspertiza keçirərək, əlilliyin qiymətləndirilməsi əsasında şəxsin sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir;
2.1.3. əlilliyi olan şəxslərin reabilitasiyası ilə bağlı müvafiq proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edir.
3. Xidmətin vəzifələri
3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır:
3.1.1. tibbi-sosial ekspert komissiyalarının tibbi etika prinsipinə əsaslanan müayinələri aparmasını təmin etmək, müxtəlif maneələrlə qarşılıqlı təsir zamanı şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını qiymətləndirmək;
3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;
3.1.3. tibbi-sosial ekspert komissiyaları tərəfindən əlilliyi müəyyən olunan şəxsin fərdi reabilitasiya proqramının tərtib olunmasına və icrasına nəzarət etmək;
3.1.4. əlilliyi olan şəxslərin sosial müdafiə tədbirlərinə (protez-ortopedik məmulatlarının, eşitmə aparatlarının, kreslo-veloarabalar və digər reabilitasiya vasitələrinin verilməsi, nəqliyyat və hərəkət vasitələri ilə təmin olunma, xüsusi təhsil alma, evdə sosial-məişət xidməti göstərilmə və sair) ehtiyacları barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən tibbi göstərişlər verilməsini təmin etmək;
3.1.5. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin peşə əmək qabiliyyətini, sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin əmək qabiliyyətinin itirilmə faizini, habelə istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi ilə əlaqədar işçinin (xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə sağlamlığı pozulmuş fiziki şəxsin) əlavə xərclərə (müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirilməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinin verilməsinə və sair) ehtiyacı olub-olmadığını tibbi-sosial ekspert komissiyaları vasitəsilə müəyyən etmək;
3.1.6. əlilliyi olan şəxsin müayinə və müalicə məqsədləri ilə (tibbi-sosial ekspert komissiyalarının tərtib etdiyi fərdi reabilitasiya proqramları istisna olmaqla) səhiyyə və ya reabilitasiya müəssisəsinə göndərilməsi barədə qərar qəbul etmək;
3.1.7. əlilliyi olan şəxsin təkrar müayinəsi sənədlərlə təsdiq edilən üzrlü səbəbdən (stasionar müalicə, ezamiyyə, hərbi əməliyyatlar gedən bölgələrdə vəziyyət və sair) gecikdirildikdə, ötmüş müddətdə şəxsin əlilliyi barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;
3.1.8. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin ölümünün qeyd edilən hadisələrlə əlaqəsinin tibbi-sosial ekspert komissiyaları tərəfindən müəyyənləşdirilməsini təmin etmək;
3.1.9. əlilliyi olan şəxslərin sosial adaptasiyası ilə bağlı tədbirlər həyata keçirmək;
3.1.10. əlilliyin yaranmasına, inkişafına və nəticəsinə təsir göstərən səbəbləri, şərait və amilləri öyrənmək və əlilliyin yayılması səbəblərini araşdırmaq;
3.1.11. əlilliyi olan şəxslərə tibbi-sosial ekspert komissiyalarının və bərpa mərkəzlərinin psixoloji yardım göstərməsini təmin etmək;
3.1.12. işləyən əlilliyi olan şəxslərin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən rəy verilməsini təmin etmək;
3.1.13. əlilliyi olan şəxslər, əlilliyin vəziyyəti və dinamikası, əlillərin sosial müdafiə, o cümlədən reabilitasiya tədbirlərinə olan ehtiyacı, görülən tədbirlərin nəticəsi və səmərəliliyi barədə sistemləşdirilmiş məlumat bankı yaratmaq;
3.1.14. əlilliyin qarşısının alınması və əlillərin bərpası məqsədi ilə Nazirliyə təkliflər vermək;
3.1.15. əlil hesab edilmiş çağırışyaşlı şəxslər haqqında Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinə məlumat vermək;
3.1.16. tibbi-sosial ekspert komissiyaları tərəfindən yetkinlik yaşına çatmış sağlamlıq imkanları məhdud şəxslərdə fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasının aparılmasını, bunun əsasında onların xüsusi təhsilə ehtiyacının müəyyənləşdirilməsini təşkil etmək;
3.1.17. tibbi-sosial ekspert komissiyaları və protez-ortopedik bərpa müəssisələri tərəfindən əlilliyi olan şəxslərin protez-ortopediya məmulatları və reabilitasiya vasitələri ilə təmin olunmasını təşkil etmək;
3.1.18. protez-ortopedik bərpa müəssisələri tərəfindən protez-ortopedik məmulatların ayrı-ayrı növlərinin və digər reabilitasiya vasitələrinin hazırlanmasını, protez ortopedik məhsulların istehsalında müasir texnologiyaların tətbiqini təmin etmək;
3.1.19. protez-ortopedik məmulatların tibbi-texniki sınaqlarını keçirmək və yaxud bu məqsədlə mütəxəssislər dəvət etmək;
3.1.20. əlilliyi olan şəxslərin tibbi, sosial, peşə reabilitasiyasını və istehsalata adaptasiyasını həyata keçirmək;
3.1.21. əlilliyi olan şəxslərin reabilitasiyası məqsədi ilə bədən tərbiyəsi, idman və digər sağlamlıq tədbirlərini həyata keçirmək;
3.1.22. əlilliyin qarşısının alınması və əlillərin bərpası ilə bağlı kadrların ixtisasının artırılması və kadr hazırlığının həyata keçirilməsi sahəsində tədbirlər görmək;
3.1.23. Xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən müasir informasiya texnologiyaları ilə təmin edilməsi barədə Nazirliyə təkliflər vermək;
3.1.24. vətəndaşların qəbulunu təşkil etmək, ərizə, təklif və şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin etmək;
3.1.25. əlilliyi olan şəxslərlə bağlı statistik hesabatları aidiyyəti üzrə müvafiq dövlət orqanlarına təqdim etmək;
3.1.26. bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi sahəsində digər vəzifələri yerinə yetirmək.
4. Xidmətin hüquqları
4.1. Xidmətin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:
4.1.1. əlilliyin qarşısının alınması və əlillərin bərpası sahəsində normativ aktların təkmilləşdirilməsinə dair təkliflərini Nazirliyə təqdim etmək;
4.1.2. tibbi-sosial ekspert komissiyalarının qərarından narazı olan vətəndaşların müraciəti əsasında onları təkrar müayinə etmək, müayinənin nəticəsindən asılı olaraq qərar qəbul etmək, yaxud tibbi-sosial ekspert komissiyasının qərarını təsdiq və ya ləğv etmək;
4.1.3. tibbi-sosial ekspert komissiyalarının qərar qəbul etməkdə çətinlik çəkdiyi mürəkkəb ekspertiza hallarında tibbi-sosial ekspert komissiyalarına məsləhət vermək;
4.1.4. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.1.5. öz tabeliyində idarə və təşkilatların yaradılması, ləğvi və yenidən təşkili barədə Nazirliyə təkliflər vermək;
4.1.6. əlilliklə bağlı yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək;
4.1.7. bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etmək;
4.1.8. tibbi-sosial ekspertizanın keçirilməsi üzrə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək, ekspertləri və məsləhətçiləri öz fəaliyyətinə cəlb etmək;
4.1.9. əlilliyin qarşısının alınması və əlillərin bərpası sahəsində beynəlxalq təcrübəni öyrənmək, öz səlahiyyətləri daxilində təcrübə mübadiləsi aparmaq;
4.1.10. əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi sahəsində digər dövlət orqanları ilə əməkdaşlıq etmək;
4.1.11. Xidmətin fəaliyyəti istiqamətlərinə uyğun olaraq nəşr, reklam-informasiya işlərini həyata keçirmək;
4.1.12. əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi sahəsində digər hüquqları həyata keçirmək.
5. Xidmətin fəaliyyətinin təşkili
5.1. Xidmətin aparatı, tibbi-sosial ekspert komissiyaları və bərpa mərkəzləri Xidmətin sistemini təşkil edir.
5.2. Xidmətə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Xidmətin rəisi rəhbərlik edir.
5.3. Xidmətin rəisi Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.4. Xidmətin rəisinin Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.
5.5. Xidmətin aparatının inzibati vəzifə tutan işçiləri qanunvericiliyə müvafiq qaydada işə qəbul edilirlər.
5.6. Tibbi-sosial ekspert komissiyalarının və bərpa mərkəzlərinin işçiləri Xidmət rəisinin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilirlər.
5.7. Xidmətin rəisi:
5.7.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.7.2. tibbi-sosial ekspert komissiyalarının və bərpa mərkəzlərinin fəaliyyətini əlaqələndirir, onlara əməli-metodik kömək göstərilməsini təşkil edir;
5.7.3. işçilərin peşə hazırlığı və əlavə təhsili üçün zəruri tədbirlər görür;
5.7.4. Xidmətin aparatının yardımçı vəzifə tutan işçilərini işə qəbul edir;
5.7.5. müəyyən olunmuş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin aparatının, tibbi-sosial ekspert komissiyalarının və bərpa mərkəzlərinin strukturunu, xərclər smetasını və ştat cədvəlini təsdiq üçün Nazirliyə təqdim edir;
5.7.6. Xidmətin aparatının struktur bölmələrinin əsasnamələrini təsdiq edir;
5.7.7. Xidmət üçün ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin edir;
5.7.8. Xidmətin rəisinin müavini və təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq Xidmətin aparatının struktur bölmələrinin rəhbərləri arasında vəzifə bölgüsünü aparır;
5.7.9. Xidmətin aparatının inzibati vəzifə tutan işçiləri, tibbi-sosial ekspert komissiyalarının və bərpa mərkəzlərinin işçiləri barədə intizam tənbehi tədbirlərinin görülməsi üçün Nazirlik qarşısında məsələ qaldırır;
5.7.10. Xidmətin aparatının, tibbi-sosial ekspert komissiyalarının və bərpa mərkəzlərinin işçilərinin həvəsləndirilməsi və mükafatlandırılması barədə tədbirlərin həyata keçirilməsini təmin edir;
5.7.11. Xidmətin işçilərinə icrası məcburi olan əmrlər və göstərişlər verir;
5.7.12. dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqı və işəgötürənlər birlikləri ilə, habelə hüquqi və fiziki şəxslərlə münasibətlərdə Xidməti vəkalətnaməsiz təmsil edir;
5.7.13. Xidmətin strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Nazirliyə təkliflər verir;
5.7.14. Xidmətin fəaliyyəti barədə Nazirliyə mütəmadi olaraq hesabat verir;
5.7.15. Xidmətin vəzifəli şəxslərinin qəbul etdikləri qərarlardan verilmiş şikayətlərə baxır və əsas olduqda, həmin qərarları dəyişdirmək və ya ləğv etmək barədə qərar qəbul edir;
5.7.16. dövlət büdcəsindən Xidmətə ayrılmış vəsaitin xərclənməsinə dair hesabatları Nazirliyə təqdim edir;
5.7.17. Xidmətin fəaliyyəti istiqamətləri üzrə digər səlahiyyətləri həyata keçirir.