Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri iyunun 9-da Atletlər Kəndində Birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüşüblər.
Gənclər və İdman naziri Azad Rəhimov dövlətimizin başçısına Atletlər Kəndinin VİP qonaqların qəbul zonası barədə məlumat verdi. Binada yaradılan istirahət otağı, protokol zalı, qonaq vəsiqəsini gözləmə ərazisi və digər otaqlar müasir səviyyədədir. Burada yüksək səviyyədə fəaliyyət göstərmək üçün bütün imkanlar yaradılıb.
Sonra Prezident İlham Əliyev Birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüşdü.
Dövlətimizin başçısı, xanımı və ailə üzvləri Birinci Avropa Oyunlarında Azərbaycanı ayrı-ayrı idman növlərində təmsil edəcək komandalarla xatirə şəkilləri çəkdirdilər.
Birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan komandalarının üzvləri dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə “Selfie” və fotoşəkillər çəkdirdilər.
AZƏRTAC