Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyunun 2-də Bakı Sərgi Mərkəzində XXII Beynəlxalq “Xəzər Neft və Qaz 2015” Sərgisinin açılışında iştirak ediblər.
Sərgini Böyük Britaniyanın “ITE Group Plc” şirkətinin baş məsləhətçisi Endryu Vud açıb.
Dövlətimizin başçısı açılış mərasimində nitq söyləyib.
London şəhərinin Lord meri Alderman Alan Yarrou Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun təbrik məktubunu oxuyub.
Sonra Polşa Baş nazirinin müavini Yanuş Pexoçinski və İraqın Neft naziri Adil Əbdülmehdi çıxış ediblər.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin pavilyonları ilə tanış olublar.
Məlumat verilib ki, dünyanın 27 ölkəsindən 315 şirkətin iştirak etdiyi sərginin ekspozisiyası neft hasilatı və enerji daşıyıcılarının nəql edilməsi sahəsində innovativ texnologiyalar, neft və qazın saxlanması sistemlərinin təmin olunması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi imkanları və sair tematik bölmələrdən ibarətdir.
AZƏRTAC