Mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva “Bakı-2015” Əməliyyat Komitəsinin baş ofisində yaradılan şəraitlə tanış olublar.
Azərbaycanın Gənclər və İdman naziri, “Bakı-2015” Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov və əməliyyatlar üzrə baş direktor Saymon Kleq ofisdə yaradılan şərait barədə dövlətimizin başçısına və xanımına məlumat veriblər.
Bildirilib ki, Birinci Avropa Oyunları ilə əlaqədar bütün nəqliyyat, qeydiyyat, informasiya, təhlükəsizlik və digər əməliyyatlar bu mərkəzdən idarə olunacaq. Mərkəzdə yerli və xarici mütəxəssislərin yüksək səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradılıb. Ümumilikdә, komitədə yerli və xarici mütəxəssislərdən ibarət 1500-ə yaxın işçi çalışır.
Dövlətimizin başçısı və xanımı Birinci Avropa Oyunlarının keçiriləcəyi məkanlar və ümumi marşrutun əks olunduğu xəritə ilə də tanış olublar. Oyunlar zamanı təhlükəsizlik məsələləri də yüksək səviyyədə həyata keçiriləcək.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Oyunlar Əməliyyatlarına Dəstək Mərkəzi ilə tanış olublar.
AZƏRTAC